Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2019-cu ilin yanvar-mart ayları ərzində görülmüş işlərə dair HESABAT

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi 2019-cu ilin birinci rübü ərzində öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

Hesabat dövründə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 24 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Şərur yallılarının tədqiqi, təbliği və qorunması ilə əlaqədar Tədbirlər Planı”nın icrası ilə bağlı iş aparılmış, Nazirliyin müvafiq tədbirlər planı təsdiq edilmiş, Şərur yallılarının reyestrə alınması ilə bağlı tədbirlər görülmüş, Şərur yallı kollektivinin repertuarında olan bir neçə yallının çəkilişi aparılmış və nota köçürülmüşdür.

Rüb ərzində əlamətdar və tarixi günlərlə bağlı tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılmışdır. Belə ki, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən yanvarın 1-də Naxçıvan şəhərinin mərkəzi meydanında və 02-03 yanvar tarixlərdə stasionarda 1-i xeyriyyə olmaqla, ümumilikdə 10 tamaşa nümayiş etdirilmişdir. Naxçıvan Dövlət Uşaq Teatrında “Yeni il bayramı” münasibəti ilə 01-05 yanvar tarixləri ərzində ümumilikdə 7 tamaşa nümayiş olunmuşdur. Bundan əlavə 01 yanvar tarixdə rayon (şəhər) mədəniyyət şöbələrinin təşkilatçılığı ilə bayram şənlikləri təşkil edilmiş və bir sıra tədbirlər keçirilmişdir. Bayram günlərində Nazirliyin sisteminə daxil olan muzeylər ziyarətçilərinə muzey xidməti göstərmişdir.

Fevralın 1-də Nazirliyin və Şahbuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şahbuz Rayon Mədəniyyət Sarayında “Gənclər Günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin konserti olmuşdur. Fevralın 2-də isə muxtar respublikanın rayonlarında aid təşkilatlarla birgə keçirilən “2 fevral-Gənclər Günü”nə həsr edilmiş tədbirlərdə rayon mədəniyyət şöbələrinin yaradıcı kollektivləri konsert proqramı ilə çıxış etmişdir.

Hesabat dövründə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 21 yanvar 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın icrasını təmin etmək məqsədilə iş aparılmış, müvafiq tədbirlər planı təsdiq edilmiş, Nazirliyin sistemində fəaliyyət göstərən kitabxanalarda “Naxçıvan Muxtar Respublikası – 95” mövzusunda guşələr yaradılmışdır. Fevralın 5-də Naxçıvan Dövlət Film Fondunda Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi ilə bağlı tədbir keçirilmiş, sonda qədim diyarımıza həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.

Fevralın 8-də C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyinə həsr olunmuş tədbir keçirilmiş, tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestrinin konserti olmuşdur. Martın 2-də Bakı Beynəlxalq Muğam Mərkəzində Naxçıvan Muxtar Respublikasının yaranmasının 95-ci ildönümü münasibətilə Naxçıvan Dövlət Filarmoniyası və Naxçıvan Dövlət Uşaq Filarmoniyasının kollektivlərinin konserti olmuşdur. Martın 13-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Muxtar Respublikasının 95 illiyinə həsr olunmuş tədbir keçirilmiş, tədbirin bədii hissəsində Xaqani Əliyevin “Ehsan xan Kəngərli” tarixi dramı nümayiş olunmuşdur. Həmçinin Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş 2 distant dərs, 3 rəsm müsabiqəsi, 2 viktorina və s. olmaqla 21 tədbir keçirilmişdir.

21 fevralda M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Beynəlxalq Ana Dili Günü” ilə bağlı tədbir keçirilmişdir.

Fevralın 25-də M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi ilə əlaqədar və “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə keçirilən tədbirlərdə Naxçıvan Dövlət Filarmoniyasının yaradıcı kollektivləri konsert proqramı ilə çıxış etmişdir. Muxtar respublikanın rayonlarında keçirilən analoji tədbirlərdə rayon mədəniyyət şöbələrinin musiqi kollektivləri konsert proqramları təqdim etmişlər. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında martın 9-da “Milli Teatr Günü”, martın 27-də isə “Beynəlxalq Teatr Günü” münasibətilə tədbirlər keçirilmişdir. Martın 18-də C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində “Beynəlxalq Poeziya Günü” münasibətilə tədbir keçirilib.

Martın 19-da “Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksində Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində Naxçıvan Dövlət Filarmoniyası və Naxçıvan Dövlət Uşaq Filarmoniyasının, M.T Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının, Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin, Naxçıvan Musiqi Kollecinin musiqi və rəqs kollektivlərinin ifasında rəngarəng nömrələr tamaşaçılara təqdim olunmuşdur. Muxtar respublikanın rayon mərkəzlərində keçirilən analoji tədbirlərdə mədəniyyət şöbələrinin musiqi kollektivləri konsert proqramları ilə çıxış etmişlər. Bayram konsertləri 20-24 mart tarixlərində də davam etdirilmiş, Naxçıvan Musiqi Kollecinin “Gənclik” instrumental ansamblı, Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı, Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestri, Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” instrumental ansamblı “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində konsert proqramları təqdim etmişdir. Bayram günlərində Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı və Naxçıvan Dövlət Uşaq Teatrı tamaşalar nümayiş etdirmişdir. Bayram günlərində həmçinin Nazirliyin sisteminə daxil olan muzey və muzeytipli müəssisələr tərəfindən muxtar respublika sakinlərinə və şəhərimizə gələn qonaqlara muzey xidməti göstərilmişdir. Novruz bayramı münasibətilə muxtar respublikada dislokasiya olunmuş hərbi hissə və bölmənin əsgər və zabitlərinə 17 konsert proqramı təqdim edilmişdir. Muxtar respublikanın 19 kəndində rayon mədəniyyət şöbələrinin musiqi kollektivləri tərəfindən bayram tədbirləri təşkil olunmuşdur. Rüb ərzində hərbi hissə və bölmələrdə ümumilikdə 22 konsert verilmişdir.

Hesabat dövründə müəssisələrin və görkəmli şəxsiyyətlərin yubileyləri ilə bağlı tədbirlərin keçirilməsi də diqqət mərkəzində saxlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 21 yanvar 2019-cu il tarixli 323-05/S nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” nın icrası ilə bağlı iş aparılmışdır. Cəlil Məmmədquluzadənin Ev Muzeyində, Cəlil Məmmədquluzadənin Nehrəm Kəndindəki Xatirə Muzeyində, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində və Cəlil Məmmədquluzadənin Cəlilkənddəki Xatirə Muzeyində görkəmli dramaturqun anadan olmasının 150 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilmişdir. Həmçinin Nazirliyin sistemində fəaliyyət göstərən kitabxanalarda ədibin yubileyi ilə bağlı sərgilər hazırlanmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında və rayon (şəhər) MKS-lərdə müxtəlif tədbirlər keçirilmişdir. Hesabat dövründə Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə bağlı, ümumilikdə oxucu konfransı, kitab müzakirəsi, dəyirmi masa, mühazirə və s. olmaqla 17 tədbir keçirilmişdir.

2 fevralda  Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Azərbaycan Respublikasının Xalq rəssamı, teatrın baş rəssamı Hüseynqulu Əliyevin 70 illik yubileyi münasibətilə tədbir keçirilmişdir. Fevralın 18-də Heydər Əliyev Muzeyinin yaradılmasının 20 illiyinə həsr olunmuş, Şərur rayonunda böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi, 21 yanvarda Bəhruz Kəngərli Muzeyində görkəmli rəssamın anadan olmasının 127-ci ildönümü münasibətilə tədbirlər keçirilmişdir.

30 yanvar tarixdə Şahbuz Rayon Mədəniyyət Sarayının yeni binasının açılış mərasimi olmuşdur. Həmçinin rüb ərzində Ordubad rayon Dəstə və Şərur rayon Kərimbəyli kənd kitabxana filiallarının və mədəniyyət evlərinin fəaliyyəti üçün yeni tikilmiş kənd mərkəzlərində şərait yaradılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli 306-04/S nömrəli Sərəncamının icrası ilə bağlı təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin müvafiq Tədbirlər Planına əsasən hesabat dövründə muzey işi üzrə 2, kitabxana işi üzrə 1 açıq dərs, 1 kitab müzakirəsi, Naxçıvan Musiqi Kollecinin müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrinə vokal, xanəndəlik, aktyor sənəti, Naxçıvan Dövlət Universitetinin aktyor sənəti ixtisası üzrə tələbələrinə aktyor sənəti üzrə 5 ustad dərs keçirilmişdir. 13 mart tarixdə Naxçıvan Dövlət Universitetinin aktyor sənəti ixtisası üzrə tələbələrinə  ustad dərsi Yuğ Teatrının ədəbi-dram hissə müdiri, yazıçı-dramaturq Xaqani Əliyev və İrəvan Teatrının baş rejissoru, Xalq artisti Sərvər Əliyev aparmışdır.

15-18 və 23-26 mart tarixlərdə Azərbaycanın müxtəlif bölgələrindən muxtar respublikaya səfər etmiş “Ölkəmizi tanıyaq” tur aksiyasının iştirakçıları Naxçıvan Muxtar Respublikasında gəzinti zamanı 5 nəfər bələdçi ilə təmin edilmişdir. “Duzdağ” oteldə “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları üçün 16 və 23 martda Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı, 17 və 24 martda Naxçıvan Musiqi Kollecinin “Gənclik” instrumental ansamblı, 26 mart tarixdə isə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində konsertlər verilmişdir.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodik köməklik göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən ay ərzində muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin, ali və orta ixtisas təhsil müəssisələrinin, idman federasiyalarının, muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, taksi sürücülərinin muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Muzey bələdçilərinin peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması və muzey işçilərinin bütün muzeyləri tanıması məqsədilə 23 yanvarda Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində və Cəlil Məmmədquluzadənin Nehrəm Kəndində Xatirə Muzeyində “Muzeylərdə uçot-mühafizə işinin təşkili”, 5 fevralda “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyində və Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Muzeylərdə elektron dərsin təşkili” mövzularında 2 seminar-treninq keçirilmişdir.

Ötən dövr ərzində muzey fondlarının yeni eksponatlarla zənginləşdirilməsi ilə bağlı iş aparılmış, 3 eksponat təqdimatı - Şərur Rayon Tarix-Diyarşünaslıq, “Əlincəqala” Tarix-Mədəniyyət muzeylərində, 05 mart tarixdə isə Nazirlik tərəfindən AMEA Naxçıvan Bölməsinin Əlyazmalar İnstitutuna hədiyyə edilmiş 22 ədəd qədim əlyazma və kitabın təqdimatı keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi və Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən təsdiq edilmiş “Təhsil müəssisələri ilə muzeylər arasında 2018-2019-cu tədris ilində təşkil ediləcək distant dərslərin Qrafiki”nə əsasən hesabat dövründə 3-ü Xatirə Muzeyində, 2-si  Dövlət Bayrağı Muzeyində, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat, Naxçıvan Dövlət Xalça, Bəhruz Kəngərli və Cəlil Məmmədquluzadənin Ev muzeylərindən olmaqla ümumtəhsil məktəblərinin şagirdləri və Naxçıvan Dövlət Universitetinin tələbələri üçün, ümumilikdə 9 distant dərs keçirilmişdir.

Nazirliyin təsdiq etdiyi qrafikə əsasən fevral ayından etibarən muzeylərin əməkdaşlarının Naxçıvan Dövlət Tarix Muzeyində və C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində təcrübə məşğələləri keçirilir.

Muzey bələdçilərinin peşə biliklərinin artırılması məqsədilə fevral ayından etibarən Nazirliyin təşkilatçılığı ilə bələdçilər ingilis və rus dilləri üzrə kursa cəlb olunmuşdur.

Yanvar-mart aylarında muzeylərdə ümumilikdə 92 açıq dərs, 20 sərgi keçirilmiş, muzeylərə 410 ədəd yeni eksponat daxil olmuşdur. Muzeyləri ümumilikdə 125 min 998 nəfər tamaşaçı ziyarət etmişdir ki, onlardan 30 min 523 nəfəri əcnəbi vətəndaşlardır.

Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti ilə birgə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərə “Milli adət-ənənələrimiz” mövzusunda maarifləndirici tədbir keçirilmiş, onların Xan Sarayı Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinə ekskursiyası təşkil edilmişdir.

Hesabat dövründə kitabxanaların da fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır.

Belə ki, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzi kitabxana sistemləri də daxil olmaqla tarixi və əlamətdar günlər və görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılmışdır. “Ümumxalq Hüzn Günü”, hərbi xadim, general-leytenant İsmayıl xan Naxçıvanskinin anadan olmasının 200 illiyi, Məhəmməd Tağı Sidqinin 165 illiyi, görkəmli yazıçı, dramaturq Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi, Xalq artisti, Seyid Şuşinskinin 130 illiyi, bəstəkar Şəfiqə Axundovanın anadan olmasının 95 illiyi, dramaturq Cəfər Cabbarlının anadan olmasının 125 illiyi, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi, “2 fevral - Gənclər Günü”, “Beynəlxalq Ana Dili Günü”, Xocalı soyqırımının 27-ci ildönümü, “8 mart – Beynəlxalq Qadınlar Günü”, “Milli Teatr Günü”, Novruz Bayramı, “31 mart – Azərbaycanlıların Soyqırımı Günü” münasibətilə, ümumilikdə 139 tədbir keçirilmişdir. Hesabat dövründə kitabxanalarda keçirilən kütləvi tədbirlərin sayı 204, sərgilərin sayı 158 olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamının icrası ilə bağlı “Oxunması zəruri olan kitablar”ın müzakirələri hər ay mütəmadi olaraq keçirilmiş, rüb ərzində ümumilikdə 61 kitab müzakirəsi olmuşdur.

Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən sağlamlıq imkanları məhdud və fiziki qüsurlu 33 nəfərə səyyari kitabxana xidməti göstərilmişdir. 2018-ci ilin I rübündə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən rayon (şəhər) MKS-lərinə müxtəlif mövzularda 16 adda 128 metodiki məktub göndərilmişdir.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisindən Nazirliyə 24 adda 426 nüsxə çap məhsulu daxil olmuş və həmin kitablar aidiyyəti üzrə paylanmışdır. Ümumilikdə rüb ərzində kitabxanalara 215 adda 581 nüsxə çap məhsulu daxil olmuşdur. Hesabat dövründə kitabxanalarda yeni oxucu sayı 926, oxucu gəlişi 26 min 770 nəfər, kitab verilişi 150 min 383 nüsxə təşkil etmişdir. Elektron kataloqa 847 adda kitab işlənmiş və elektron kataloqda olan kitabların ümumi sayı 10 min 755-ə çatdırılmış, şəbəkəyə isə 401 kitab (PDF) işlənmiş və ümumi sayı 1273 olmuşdur. Elektron kitabxanadan uzaq məsafədən (virtual xidmət) 399, lokal şəbəkədən isə 422 oxucu istifadə etmişdir. Ümumilikdə elektron kitabxanadan üç ay ərzində 821 oxucu istifadə etmişdir.

Hesabat dövründə “Mütaliə Günü” ilə bağlı 30, “Nağıl Günü” ilə əlaqədar 81, “Kitabxanaçı Günü” və “Kitabxana Günü” ilə əlaqədar olaraq, ümumilikdə 60 tədbir keçirilmişdir.

Ötən dövrdə klub müəssisələrinin də fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır. Əlamətdar və tarixi günlərlə bağlı mədəniyyət evləri və klublarda kütləvi tədbirlər keçirilmiş, sərgilər qurulmuşdur.

Nazirliyin 2019-cu il üçün tədbirlər planına əsasən Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş iki turda “Maddi-mənəvi irsim Naxçıvan” adlı rəsm müsabiqəsi, Şahbuz Rayon Mədəniyyət Şöbəsinin tabeliyindəki klub müəssisələri əməkdaşlarının iştirakı ilə “Yallı xalıqımızın birlik rəmzidir” adlı dəyirmi masa, Babək rayonunun Cəhri Kənd Mədəniyyət Evi ilə birgə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

Hesabat dövrü ərzində Naxçıvan Şəhər Təqaüdçülər Klubunda Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin musiqi kollektivlərinin 3 konserti keçirilmişdir.

Hesabat dövründə rayon mədəniyyət saraylarında əhalinin asudə vaxtının və mənəvi istirahətinin səmərəli təşkili məqsədilə bir sıra tədbirlər keçirilmişdir. Belə ki, bu mədəniyyət obyektlərində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının, Estrada və Kamera orkestrlərinin, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Xalq Çalğı Alətləri Ansamblının, Naxçıvan Musiqi Kollecinin “Buta” muğam ansamblı və “Gənclik” instrumental ansamblının, Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” instrumental ansamblının, Şahbuz Rayon Kolanı Kənd Uşaq Musiqi Məktəbinin xanəndəlik ixtisası üzrə şagirdlərinin, Şərur Rayon Mədəniyyət Şöbəsinin “Arpaçay” instrumental ansamblı və “Şərur” Xalq yallı Ansamblının, Babək Rayon Cəhri Kənd Uşaq Musiqi Məktəbinin xanəndəlik ixtisası üzrə müəllim və şagirdlərinin konsertləri olmuş, Naxçıvan Dövlət Musiqili Dram Teatrı, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, Babək Rayon Xalq Teatrı, Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrı tamaşalar nümayiş etdirmişdir. Şahbuz Rayon Mədəniyyət Sarayında fevralın 20-də Nazirliyin təşkilatçılığı ilə böyük bəstəkarımız Fikrət Əmirovun xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir. Rüb ərzində rayon mədəniyyət saraylarında Nazirliyin təşkilatçılığı ilə 20 konsert və 11 tamaşa olmaqla, ümumilikdə 31 tədbir keçirilmişdir.

Ağbulaq İstirahət Mərkəzində “Şərur” Xalq Yallı Ansamblının 1 və Şahbuz Rayon Mədəniyyət Şöbəsinin yaradıcı kollektivlərinin 3 konserti təşkil edilmişdir.

Ümumilikdə hesabat dövrü ərzində mədəniyyət evləri və klublarda keçirilən mədəni-kütləvi tədbirlərin sayı 569, sərgilərin sayı isə 182 olmuşdur.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması ilə bağlı bağlanmış müqavilələrə əsasən 2019-cu ilin ötən dövründə 1129.8 manatlıq 75 adda 151 ədəd iş satılmışdır.

Hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində 1 kurs, 1 konfrans, 2 maarifləndirici tədbir keçirilmişdir.

Ötən dövrdə yaradıcı gənclərlə iş sahəsində bir sıra işlər görülmüşdür. Nazirliyin 2019-cu il üçün iş planına uyğun olaraq Nazirliyin tabeliyində olan müəssisələrdə çalışan aktiv gənclərin Xatirə Muzeyinə ekskursiyası təşkil olunmuş, Şahbuz Rayon Mədəniyyət Sarayında “2 Fevral-Azərbaycan Gəncləri günü”nə həsr olunmuş və Kəngərli Rayon Mədəniyyət Sarayında rayon mədəniyyət şöbəsinin Gənclər Birliyi üzvlərinin iştirakı ilə “Milli adət-ənənələrimiz” mövzusunda tədbirlər keçirilmişdir. Uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində təhsil alan sağlamlıq imkanı məhdud uşaqların, istedadlı yeniyetmə və gənclərin məlumat bankı hazırlanmış, istedadlı gənclərin məlumat bankı vaxtaşırı yenilənmişdir.

Hesabat dövrü ərzində nazirliyin tabeliyində olan teatrlar tərəfindən də fəaliyyət istiqamətinə uyğun olaraq iş davam etdirilmişdir. Naxçıvan Dövlət Musiqili Dram Teatrında 2019-cu ilin repertuar planında olan Xaqani Əliyevin “Ehsan xan Kəngərli” tamaşası hazırlanmış və istehsalata buraxılmışdır. Teatr 4-ü xeyriyyə olmaqla, 13 tamaşa nümayiş etdirmişdir. Naxçıvan Dövlət Musiqili Dram Teatrında C.Məmmədquluzadənin 150 illik yubileyinə həsr edilmiş müəllifin əsərləri əsasında Tofiq Seyidovun səhnələşdirdiyi “Dəlilər və ölülər” tamaşasının məşqləri davam etdirilir.

Yanvar-mart aylarında Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən hazırlanan “Qoğalın sərgüzəşti” tamaşasına ictimai baxış keçirilmiş və tamaşa istehsalata buraxılmış, 4 xeyriyyə, 39 bilet satışı ilə olmaqla 43 tamaşa nümayiş etdirilmişdir.

Naxçıvan Dövlət Uşaq Teatrında Arzu Soltanın “Adam badam iyisi gəlir” tamaşası hazırlanmışdır. Teatr ötən dövrdə 2-si xeyriyyə olmaqla 25 tamaşa oynamışdır. Kukla Teatrında M.Seyidzadənin “Qızıl xoruz”, Uşaq Teatrında “Məlik Məmməd” tamaşalarının məşqləri aparılır.

Hesabat dövründə Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrı 1, Ordubad Rayon Xalq Teatrı 1, Babək Rayon Xalq Teatrı 3 tamaşa nümayiş etdirmişdir. Hazırda Şərur Rayon Xalq Teatrında Eynəli bəy Sultanovun “Sənəm”,  Babək Rayon Xalq Teatrında Əfqan Əsgərovun “Qız atası”, Ordubad Rayon Xalq Teatrında Həsənalı Eyvazlının “Vəzifə hərisi”, Naxçıvan Şəhər Xalq Teatrında Seyfəddin Dağlının “Adı sənin, dadı mənim”, Şahbuz Rayon Xalq Teatrında Süleyman Sani Axundovun “Məşədi Qulam qiraət öyrənir” tamaşalarının məşqləri gedir.

Hesabat dövrü ərzində Naxçıvan Dövlət Filarmoniyasının yaradıcı kollektivləri 9-u xeyriyyə olmaqla 12 konsert vermiş, kollektivlər məşqlərini qrafikə uyğun olaraq davam etdirmişlər.

Naxçıvan Dövlət Uşaq Filarmoniyası ötən dövrdə Şahbuz və Kəngərli Rayon Mədəniyyət saraylarında, “8 mart-Beynəlxalq Qadınlar Günü”nə həsr olunmuş tədbirdə, Bakı Beynəlxalq Muğam Mərkəzində Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş konsertdə, Novruz Bayramı münasibətilə keçirilən xalq yaradıcılığı günündə konsert proqramları ilə çıxış etmişdir. Filarmoniyanın yaradıcı kollektivlərinə yeni istedadlı uşaqlar cəlb edilmişdir.

Naxçıvan Dövlət Film Fondu tərəfindən 2019-cu ilin I rübündə bir sıra işlər görülmüşdür. Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Ənvər Rəhimov tərəfindən Naxçıvan Dövlət Film Fondunun muzeyinə verilən 25 ədəd müxtəlif kino avadanlığının təqdimat mərasimi olmuşdur. Naxçıvan Dövlət Film Fondunda məktəblilərin tətil günlərində məktəblilər üçün 5-cizgi filmi və digər filmlər nümayiş etdirilmişdir. Ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Milli filmlərimiz” adlı kinoviktorinanın Kəngərli, Culfa və Şahbuz rayon turları keçirilmişdir.

“Azərbaycan Kinosu Günü” layihəsi çərçivəsində muxtar respublikanın rayon mərkəzlərində və kəndlərində 8 film nümayişi olmuşdur. Yanvarın 23-də Naxçıvan şəhər məktəbliləri üçün “Cavad xan” bədii filmi, qış tətili günlərində “Dərs” bədii filmi, 21 fevralda Naxçıvan şəhər məktəbliləri üçün “Xocalıda son gecə” sənədli filmi, 28 martda “31 Mart Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar fondun kino zalında “Həqiqətin özü” sənədli filmi nümayiş etdirilmişdir.

Nazirliyin tabeliyində olan təhsil müəssisələrində də hesabat dövrü ərzində bir sıra işlər görülmüşdür. Belə ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin iş planına uyğun olaraq, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagird və müəllimləri üçün 3 ustad dərs, məktəblərin xor, musiqi ədəbiyyatı və solfecio fənləri üzrə müəllimləri üçün 3 metodiki kurs, müxtəlif fənlər üçün 3 açıq dərs, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdlərinə 2, Naxçıvan Musiqi Kollecinin tələbələrinə 2 “Lira” musiqili- intellektual oyunu keçirilmişdir.

Təhsil müəssisələrində “20 Yanvar Ümumxalq Hüzn Günü”, muxtar respublikanın 95 illik yubileyi, “Azərbaycan Gəncləri Günü”, “8 mart Beynəlxalq Qadınlar Günü”, Novruz bayramı və s. ilə əlaqədar müxtəlif səpkili tədbirlər keçirilmişdir.

Naxçıvan Musiqi Kollecinin bədii yaradıcılıq ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə “20 Yanvar Ümumxalq Hüzn Günü”nə həsr olunmuş “Qanlı yanvar” adlı kompozisiya təşkil olunmuşdur. 03 yanvar tarixdən 02 fevral tarixədək əyani təhsil şöbələrinin imtahan sessiyası keçirilmişdir.

Naxçıvan Musiqi Kollecinin müəllim və tələbələri mart ayının 13-dən 17-dək Bakı şəhərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, İtaliya Beynəlxalq Mədəniyyət Assosiasiyasının, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Cövdət Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin təşkilatçılığı ilə keçirilən “Testene ART Baku - 2019” III Beynəlxalq İncəsənət festival-müsabiqəsində iştirak etmişdir. Müxtəlif yaş qrupları üzrə 180-ə yaxın iştirakçının qatıldığı müsabiqədə Naxçıvan Musiqi Kollecindən 10 nəfər - 9 tələbə və 1 müəllim olmaqla instrumental ifaçılıq və xalq çalğı alətləri nominasiyaları üzrə iştirak etmişlər. Kollecin nağara ixtisası üzrə IV kurs tələbəsi Hacılı Nəcəf Nadir oğlu müsabiqənin Qran-pri mükafatına layiq görülmüşdür. Qanun ixtisası üzrə kollecin müəllimi Sevinc Babayeva və tar ixtisası üzrə kollecin IV kurs tələbəsi Məmməd Məmmədli I yeri, balaban ixtisası üzrə III kurs tələbəsi Sərxan Əliyev, qanun ixtisası üzrə III kurs tələbəsi İnci Bağırlı, tar ixtisası üzrə III kurs tələbəsi Murad Behbudov və skripka ixtisası üzrə Rauf Bünyətzadə II yeri, fortepiano ixtisası üzrə III kurs tələbəsi Arzu Abbasova III yeri tutmuşlar. Fortepiano ixtisası üzrə III kurs tələbələri Lamiyə Quliyeva və Nilufər Əliyeva diplomla təltif edilmişdir. Festival-müsabiqənin Qran-pri mükafatçısı Nəcəf Hacılı may ayında İtaliyada keçiriləcək “Özünü dünyaya tanıt” Beynəlxalq festival-müsabiqəsində Naxçıvanı təmsil edəcəkdir. Martın 28-də Naxçıvan Musiqi Kollecində festival-müsabiqənin qalibləri ilə görüş keçirilmişdir.

Rüb ərzində nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri davam etdirilmişdir. Yanvar-mart ayları ərzində Nazirliyə 48-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 149 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 60 ədədi İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 257 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Nazirliyin elektron poçt ünvanı da daim nəzarətdə saxlanılmış, 13 nəfər vətəndaşın müraciətləri cavablandırılmışdır. 5-i Nazirliyin aparatına olmaqla 35 nəfər işə qəbul edilmişdir.

Hesabat dövründə Nazirliyin sisteminə daxil olan müəssisə və təşkilatlarda əmək və iş intizamı ilə bağlı yoxlamalar aparılmış, aşkar olunan nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tövsiyə və tapşırıqlar verilmişdir. Yanvar-mart aylarında iki dəfə kollegiya iclası keçirilmiş və müvafiq qərarlar qəbul edilmişdir.

Hesabat dövründə Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının muxtar respublikada fəaliyyət göstərən KİV-i ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Şərq qapısı” qəzetində 25, yerli qəzetlərdə 11 məqalə dərc olunmuşdur. Naxçıvan Dövlət Teleradiosunda 9 material efirə verilmişdir. Nazirliyin saytına 28 məqalə, 81 xəbər materialı işlənmişdir. NTV kanalında 105 xəbər süjeti efirə getmişdir.

Hesabat dövrü ərzində Nazirliyin saytının fəaliyyəti diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Nazirliyin noyabr ayında istifadəyə verilmiş saytında bu günədək ümumi statistik baxış sayı 14 mindən çoxdur.

Joomla 1.5