Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 2018-ci ilin may ayı ərzində görülmüş işlərə dair HESABAT

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi may ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

Ay ərzində əlamətdar və tarixi günlərlə bağlı tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılmışdır.

01 may 2018-ci il tarixdə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş “Naxçıvan - 2018” Beynəlxalq Şahmat Festivalının açılış mərasiminin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Kamera və Estrada Orkestrləri, Mahnı və Rəqs Ansamblı konsert proqramı  ilə çıxış etmişdir.

03 may tarixdəBursa Bölgə Dövlət Simfonik Orkestrinin heyətinin Naxçıvan Muxtar Respublikasına qastrol səfəri çərçivəsində Heydər Əliyev Sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar konsert proqramı keçirilmişdir.

04 may və 15 may tarixlərində Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən boks, karate vəcüdo üzrə beynəlxalq turnirlərin açılış mərasimlərinin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının rəqs qrupunun və solistlərinin, həmçininNaxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin “Şəlalə” İnstrumental Ansamblının ifasında musiqi nömrələri təqdim edilmişdir.

05 may tarixdə Azərbaycanın tanınmış müğənnisi Zamiq Hüseynov Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış etmişdir.

Mayın 7-də Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin muxtar respublika ifaçılıq, rəsm, inşa yazı müsabiqələrinin yekun tədbiri olmuşdur. Tədbirdə qalib gələn və fərqlənən ifaçılar və kollektivlər mükafatlandırılmış, yekun konsert proqramı təqdim edilmişdir.

Həmin tarixdə Naxçıvan Dövlət Filarmoniyasının yeni yaradılan Simfonik Orkestrinin Heydər Əliyev Muzeyinin qarşısında keçirilən konserti də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuşdur.

Mayın 11-də Azərbaycan milli teatr tarixinə parlaq səhifələr yazmış qədim Naxçıvan teatrının yaradılmasının135 illiyi münasibətlə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında tədbir keçirilmiş, Əli Əmirlinin “Əli və Nino” tamaşası nümayiş etdirilmişdir.

Mayın 15-də Beynəlxalq Ailə Günü münasibətilə keçirilən tədbirin bədii hissəsində Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin “Şəlalə” instrumental ansamblının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Xalq çağlı alətlər ansamblı, həmçinin, mahnı və rəqs qrupunun musiqi nömrələri təqdim olunmuşdur.

Mayın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planının təsdiq edilməsi haqqında” 2018-ci il 16 aprel tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Dövlət ­Filarmoniyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş mahnı müsabiqəsi keçirilmiş,qaliblər müəyyən olunaraq mükafatlandırılmışdır.

Həmin tarixdə Şərur Şəhər B.Kəngərli adına Uşaq İncəsənət Məktəbində Nazirliyin təşkilatçılığı ilə “Naxçıvan İslam Mədəniyyətinin paytaxtı-2018” devizi altında “Zərif əllər” adlı əl işlərinin sərgisi təşkil olunmuş, tədbirin bədii hissəsində müxtəlif musiqi nömrələri təqdim olunmuşdur.

18 may tarixdə “Xan Sarayı” Dövlət-Tarix Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində “Beynəlxalq Muzeylər Günü”nə həsr olunmuş tədbir keçirilmişdir.

22 may tarixdə Naxçıvan Dövlət Televiziyasında Bəhruz Kəngərli Muzeyinin saytının təqdimatı olmuşdur.

19-20 may tarixlərdə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən növbəti “Göycə festivalı”nda Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı çıxış etmişdir.

Mayın 23-də Naxçıvan şəhərindəki Əcəmi Seyrəngahı Mədəniyyət və İstirahət Parkında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Naxçıvan – bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalının açılış mərasimi keçirilmiş, tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Qədim Musiqi Alətləri Ansamblının, rəqs qrupunun və “Şərur” Xalq Yallı Ansamblının çıxışları olmuşdur.

24 may tarixdə Babək Rayon Mədəniyyət Evində rayon gəncləri üçün Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ildönümü münasibətilə “Şərqdə ilk demokratik cümhuriyyət” adlı mühazirə oxunmuş, “Əbədi ezamiyyət” sənədli filmi nümayiş edilmişdir.25 may tarixdə Naxçıvan Şəhər Gənclər Mərkəzində gənclər arasında “Mədəni irs” intellektual oyunu keçirilmişdir.

Mayın 29-da “Gənclik” Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin fortepiano ixtisası üzrə VII sinif şagirdi Fidan Novruzovanın solo konserti keçirilmişdir.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən ay ərzində muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin, ali və orta ixtisas təhsil müəssisələrinin, idman federasiyalarının, muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, taksi sürücülərinin muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli 306-04/S nömrəli Sərəncamının icrası ilə bağlı təsdiq edilmiş Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin müvafiq Tədbirlər Planına əsasən 11 mayda Heydər Əliyev Muzeyində muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələr üçün açıq dərs keçirilmiş, 16 may tarixdə Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsinin tələbələri üçün “Azərbaycanın milli geyimləri” mövzusunda mühazirə oxunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi və Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən təsdiq edilmiş “Təhsil müəssisələri ilə muzeylər arasında 2017-2018-ci tədris ilində təşkil ediləcək distant dərslərin Qrafiki”nə əsasən 10 mayda Heydər Əliyev Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş elektron dərs keçirilmişdir.

Muzey bələdçilərinin peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması və muzey işçilərinin bütün muzeyləri tanıması məqsədilə 23 may tarixdə Naxçıvan Dövlət Xalça Muzeyində muzey bələdçiləri üçün seminar-treninq keçirilmişdir.

Nazirliyin 2018-ci il üçün iş planına uyğun olaraq təsdiq olunmuş qrafikə əsasən may ayında da muzey əməkdaşlarının Naxçıvan Dövlət Tarix Muzeyində və C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində təcrübə məşğələləri davam etdirilmişdir.

04 may tarixdə Naxçıvan Dövlət Xalça Muzeyində “5 May Xalçaçı Günü” münasibətilə, 15 may tarixdə Naxçıvan Dövlət Tarix Muzeyində “Beynəlxalq Muzeylər Günü” münasibətilə tədbir keçirilmişdir.

30 may tarixdə Naxçıvan Dövlət Xalça Muzeyində “Muzeylərdəekskursiya işinin təşkili” mövzusunda dəyirmi masa keçirilmişdir.

Muzeylərlə təhsil müəssisələri arasında birgə hazırlanmış qrafiklərə əsasən mayayında muzeylərdə ümumilikdə 53 açıq dərs keçirilmiş, tarixi və əlamətdar günlərlə bağlı 15 sərgi qurulmuşdur.

May ayı ərzində muzeylərə98 ədəd yeni eksponat daxil olmuş, muzeyləri ümumilikdə 64290 nəfər tamaşaçı ziyarət etmişdir ki, onlardan 21580 nəfəri əcnəbi vətəndaşlardır.

Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli 306-04/S nömrəli Sərəncamının icrası ilə bağlı Nazirliyintəsdiq etdiyi müvafiq tədbirlər planına əsasən Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə Naxçıvan Müəllimlər İnstitutunun kitabxanaçılıq ixtisası üzrə təhsil alan I kurs tələbələri üçün “Kitabxanalarda komplektləşdirmə işinin təşkili” mövzusunda açıq dərskeçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli “Oxunması zəruri olan kitablar haqqında”Sərəncamının icrası ilə əlaqədar M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyində Seyid Əzim Şirvaninin “Seçilmiş əsərləri”nin, Naxçıvan şəhər Peşə liseyində ErnestHeminqueyin  “Qoca və dəniz”,Naxçıvan Musiqi Kollecində MorisMeterlinqin “Arıların həyatı” və “Göy quş”  adlı əsərlərinin, Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası isə 11 may tarixdə Naxçıvan şəhər 15№-li tam orta məktəbində Seyid Əzim Şirvaninin “Seçilmiş əsərləri”ninmüzakirəsini təşkil etmişlər.

Kitabxanalarda həmin Sərəncamın icrası ilə əlaqədar ümumilikdə 17 kitab müzakirəsi keçirilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən 2 nömrəli Təqaüdçülər Klubuna gündəlik olaraq,may ayının 8-i və 22-də isə Naxçıvan şəhərində yerləşən 11 evdə  sağlamlıq imkanları məhdud şəxslərə səyyari xidmətlər göstərilmişdir. Bundan əlavə Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası 30-31 may tarixlərdə “1 iyun Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibətilə3 nəfər sağlamlıq imkanları məhdud uşağın evinə gedişlər təşkil etmiş, onlara kitablar oxunmuşdur.

Bundan əlavə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında“9 May-Faşizm üzərində Qələbənin ildönümü” adlı yığıncaq, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ildönümü münasibətilə “Respublika Günü Azərbaycanın istiqlal günüdür” adlı konfrans keçirilmiş və “Azərbaycan Xalq Cümhuriyyəti-100” adlı sərgi təşkil edilmişdir. 30 may 2018-ci il tarixdə Kitabxanada “Naxçıvan Türk İslam mədəniyyəti abidələri diyarıdır” adlı konfrans, “2018-ci il Naxçıvan İslam Mədəniyyətinin paytaxtıdır” adlı dəyirmi masa keçirilmişdir.

Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən may ayının 4 və 5-ində Naxçıvan şəhərində fəaliyyət göstərən 2 və 17№-li tam orta məktəblərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyevin mədəniyyətimizin inkişafında rolu” mövzusunda mühazirələr təşkil olunmuş, 7 may tarixdə Naxçıvan şəhər ümumtəhsil məktəbləri şagirdlərinin iştirakı ilə “Yaşa Heydər Baba” şeir müsabiqəsi keçirilmişdir. Bundan əlavə 8 may tarixdə faşizm üzərində qələbənin 73-cü ildönümü ilə əlaqədar Naxçıvan şəhərindəki Xatirə Muzeyinə məktəbli oxucuların ekskursiyası təşkil edilmişdir.Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi  münasibətilə “Batum konfransı və Paris sülh müqaviləsinin tarixi əhəmiyyəti” başlıqlı biblioqrafik vəsait tərtib edilərək oxucuların istifadəsinə verilmişdir.

Nazirliyin sisteminə daxil olan kitabxanalarda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 və Elçin Əfəndiyevin 75 illik yubileyləri ilə bağlı tədbirlər keçirilmiş, sərgilər təşkil edilmişdir.

Əhaliyə göstərilən kitabxana-informasiya xidmətlərini müasir səviyyəyə çatdırmaq məqsədilə Nazirlik tərəfindən “M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının əməkdaşlarının regionlara ezamiyyələrinin təşkilinə dair qrafik”ə uyğun olaraq respublika kitabxanasının əməkdaşları Şahbuz rayon MKS-də, Uşaq kitabxanasının işçiləri isə Babək Rayon MKS-də olmuş və lazımi metodik köməklik göstərmişlər.

Rayon (şəhər) MKS-lərin əməkdaşlarının M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika vəA.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında təcrübə keçmələrinə dair qrafikə uyğun olaraq Şərur rayon MKS-in əməkdaşları hər iki kitabxanada olmuş və lazımi metodik köməklik göstərilmişdir. Bundan əlavə respublika kitabxanaları tərəfindən mərkəzləşdirilmiş kitabxana sistemlərinə 5 adda 40 metodik vəsait hazırlanaraq göndərilmişdir.

Ay ərzində muxtar respublika əhəmiyyətli kitabxanalarda, eləcə də rayon (şəhər) MKS-lərdə “Kitabxanaçı günü”nün keçirilməsi diqqət mərkəzində saxlanılmışdır. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Abonement şöbəsinin KBT-yə əsasən kataloqlaşdırılması”, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 6, 11 və 13 №-li ümumtəhsil məktəblərində çalışan kitabxanaçıların da iştirakı ilə “Kitabxanada kataloqlarının əhəmiyyəti. Əlifba və sistemli kataloqların təsviri qaydaları”  mövzularında məruzə keçirilmişdir.

Ümumilikdə “Kitabxanaçı günü” ilə əlaqədar 10 maarifləndirici tədbir keçirilmişdir.

“Kitabxana günü”ndəM.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən fəal oxucularla birlikdə Elçin Əfəndiyevin anadan olmasının 75 illiyilə əlaqədar ədəbi-bədii gecə keçirilmiş, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının kitabxanaçıları isə “Böyük bağ” mədəniyyət və istirahət parkında kitab bayramı təşkil etmiş, tədbirdə “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan” kitabının müzakirəsi keçirilmişdir.

Rayon (şəhər) MKS-lər də daxil olmaqla oxucuların kitabxanaya cəlb olunması məqsədilə keçirilən “Kitabxana Günü”ndə müxtəlif başlıqlı 10 tədbir keçirilmişdir.

Nazirliyin 2017-ci il üçün iş planında kitabxana fəaliyyətinin yüksəldilməsi ilə bağlı nəzərdə tutulmuş “Nağıl günləri” və “Mütaliə günləri” layihələrinin icrası ilə bağlı işlər davam etdirilmiş, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası, Naxçıvan şəhər 7 nömrəli uşaq bağçasında və 15 №-li tam orta məktəbin I sinif şagirdləri üçün müxtəlif nağılların ucadan oxusu keçirilmiş, uşaqlarla nağıl ətrafında sual-cavab aparıldıqdan sonra eyni adlı cizgi filmi nümayiş etdirilmişdir. Sonda “Uşaqların nağıl dünyası” adlı sərgi təşkil olunmuşdur. Rayon (şəhər) MKS-lər tərəfindən “Nağıl günü” başlığı altında ümumilikdə 49 tədbir keçirilmişdir.

“Mütaliə günü” ilə əlaqədar M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Mütaliə mədəniyyəti və kitabla rəftar” adlı konfrans keçirilmişdir. Rayon (şəhər) MKS-lər də daxil olmaqla ay ərzində “Mütaliə günü” ilə əlaqədar ümumilikdə 36 tədbir keçirilmişdir.

Muxtar respublika əhəmiyyətli kitabxanalarda və rayon (şəhər) MKS-lərin Mərkəzi kitabxanaları da daxil olmaqla yeni oxucu sayı 192 nəfər, oxucu gəlişi 11202 nəfər, kitab verilişi 57760 nüsxə təşkil etmişdir. Kitabxanalara ay ərzində 7 adda 1358 nüsxə çap məhsulu daxil olmuşdur.

Respublika kitabxanasının elektron kitabxanasından  uzaq məsafədən (virtual xidmət) 495, lokal şəbəkədən isə 169 oxucu olmaqla cəmi 664 oxucu istifadə etmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elektron kitabxanasının zənginləşdirilməsi sahəsində işlər davam etdirilmişdir. Ay ərzində kitabxananın informasiya-resurs şöbəsi tərəfindən elektron kataloqa 329 adda kitab işlənmiş və ümumilikdə elektron kataloqa  kitabların sayı 10627-ə çatdırılmışdır. Şəbəkəyə isə 51 kitab (PDF) işlənmiş və ümumi sayı 2265-ə çatdırılmışdır.

Ay ərzində klub müəssisələrinin fəaliyyəti diqqət mərkəzində saxlanılmışdır. 4 may 2018-ci il tarixdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Mədəniyyət üzrə Elmi Metodik Mərkəz Naxçıvan Dövlət Film Fondu ilə birgə “Ulu öndər Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda yığıncaq keçirilmiş, tədbirdə dahi rəhbərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilmişdir.

15 may 2018-ci il tarixdə münasibətilə  Mədəniyyət üzrə Elmi Metodik MərkəzCəhri Kənd Mədəniyyət Evi ilə birlikdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi ilə əlaqədar “Şərqdə ilk parlamentli respublika” adlı tədbir keçirmişdir.23 may 2018-ci il tarixdəMədəniyyət üzrə Elmi Metodik Mərkəzin və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə “Naxçıvan İslam Mədəniyyəti Paytaxtı – 2018”-ə həsr olunmuş “İslam mədəniyyəti və milli dəyərlərimiz” adlı dəyirmi masa keçirilmişdir.

30 may 2018-ci il tarixdə Ordubad rayonunun Vələver kəndində “Xalq yaradıcılığı günü” keçirilmiş, tədbir Naxçıvan Dövlət Televiziyası tərəfindən işıqlandırılmışdır.

Hesabat dövrü ərzində Heydər Əliyev Sarayı tərəfindən1 adda 8 metodik vəsait hazırlanaraq rayon mədəniyyət və turizm şöbələrinə göndərilmişdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi ilə birgə əməkdaşlığı çərçivəsində may ayı ərzində C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyi Muzeyində maarifləndirici tədbirkeçirilmişdir.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması ilə bağlı bağlanmış müqavilələrə əsasən 2018-ci ilin may ayı ərzində 1491 manatlıq 143 ədəd əl işi satılmışdır.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı may ayında Əli Əmirlinin yeni səhnələşdirilmiş“Əli və Nino” tamaşasını 4 dəfə geniş ictimaiyyətə təqdim etmişdir.Bundan əlavə plandan kənar hazırlanan “Uçqun” və “Körpüdən mənzərə” tamaşalarının məşqləri davam etdirilmişdir.

Naxçıvan Dövlət Filarmoniyasının 4 nəfərlik rəqs qrupu Malayziya Respublikasının paytaxtı Kuala-Lumpur şəhərində “Respublika Günü” münasibətilə təşkil olunmuş rəsmi qəbulda muxtar respublikanı təmsil etmişdir. Bundan əlavə 18 may tarixdə Filarmoniyanın Xalq Çalğı Alətləri Orkestri Şərur şəhərində, 22 mayda isə Mahnı və Rəqs Ansamblı Ordubad şəhərində bilet satışı ilə konsert vermişdir.

M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı mayayı ərzində“Tülkü həccə gedir” tamaşasının  məşqlərini davam etdirmişdir. 15 may tarixdə Culfa şəhərində “Qırmızı papaq” tamaşası nümayiş etdirilmiş, 30-31 may tarixlərdə “1 iyun Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibətilə və 31 may tarixdə Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində məhdud fiziki imkanlı uşaqlar üçün xeyriyyə tamaşaları və səhnəciklər göstərilmişdir. Bundan əlavəşənbə günləri repertuarda olan tamaşalar stasionarda nümayiş etdirilmişdir. 11 may tarixdə Kukla Teatrında “Qoğalın sərgüzəşti” tamaşasına ictimai baxış olmuşdur.

Naxçıvan Dövlət Uşaq Teatrıay ərzində Arzu Soltanın “Adam badam iyisi gəlir” əsərinin  məşqləri  davam  etdirmiş, mayın 12-də Şahbuz rayonunun Şada kəndində “Bizə dovşan və meşəbəyi lazımdır” tamaşası nümayiş etdirilmiş, 29 mayda isə həmin tamaşa Şahbuz şəhərində bilet satışı ilə göstərilmişdir.

07 may tarixdə Babək Rayon Xalq Teatrı İsiMəlikzadənin “Subaylardan görəsiniz” tamaşasını, 14 mayda R.Təhmasib adına Şərur Rayon Xalq Teatrı M.F.Axundovun əsəri əsasında hazırlanmış “MüsyoJordan və Dərviş Məstəli şah” tamaşasını ictimaiyyətə  təqdim etmişdir.

Hesabat dövrü ərzində Naxçıvan Dövlət Film Fondu “Azərbaycan Kinosu Günü” layihəsi çərçivəsinə 04 mayda Culfa şəhərində “Üçüncü günün adamı”, 11 mayda isə Sədərəkdə “Yarımçıq xatirələr” filmlərini nümayişetdirmişdir. Bundan əlavə ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar mayın 4-də “Xüsusi təyinat” filmi göstərilmiş, 21 və 23 may tarixlərdə “Mən kinonu sevirəm” kinoviktorinasının muxtar respublika turu keçirilmişdir.“28 may Respublika Günü” ilə əlaqədar 24 mayda Babək rayonunda və Kəngərli rayonunda “Əbədi ezamiyyət” filmi göstərilmişdir. “1 iyun Uşaqları Beynəlxalq Müdafiə Günü” ilə əlaqədar 26 mayda aztəminatlı və valideyn himayəsindən məhrum uşaqlar üçün “Biz qayıdacağıq” filmi nümayiş olunmuş, 31 mayda isə Naxçıvan şəhər məktəbliləri üçün Azərbaycan filmlərinin nümayişi təşkil edilmişdir. May ayında Naxçıvan Dövlət Film Fonduna 58 adda yeni film daxil edilmişdir.

May ayının 14-də Naxçıvan Şəhər “Gənclik” Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Naxçıvan Musiqi Kollecinin fortepiano ixtisası üzrə tələbələrinin solo konserti,24 may tarixdə isə Naxçıvan Musiqi Kollecinin Kamera orkestrinin təqdimat konserti keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli 306-04/S nömrəli Sərən­camının icrası ilə bağlı 18 may tarixdə Naxçıvan Musiqi Kollecinin xoreoqrafiya ixtisası üzrə tələbələri üçün ustad dərs keçirilmişdir. Bundan başqa Naxçıvan Muxtar Respublika Rəssamlar Birliyi tərəfindən 03 may tarixdə Şərur şəhər B.Kəngərli adına Uşaq İncəsənət Məktəbində rəsm ixtisası üzrə, 24 may tarixdə Sədərək Rayon Uşaq Musiqi Məktəbində fortepiano, tar, qarmon ixtisasları üzrə təhsil alan şagirdlər üçün ustad dərslər təşkil olunmuşdur. 25 may tarixdə isə Naxçıvan Dövlət Tarix Muzeyində “Görkəmli rəssam Şamil Qazıyevin yaradıcılığında – Naxçıvan”  mövzusunda yekun-sərgi-ustad dərskeçirilmişdir.

31 may tarixdə Sədərək Rayon Uşaq Musiqi Məktəbində solfecio, musiqi  ədəbiyyatı və xor fənləri üzrə metodik kurs və Ordubad Rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində olan uşaq musiqi məktəblərinin hesabat konsertləri keçirilmişdir.

Hesabat dövrü ərzində “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi tərəfindən Naxçıvan mətbəxinə aid unudulmaqda olan mətbəx və folklor nümunələrinin toplanması işi davam etdirilmiş, may ayı ərzində 4 milli mətbəx, həmçinin 12 folklor nümunəsi toplanmışdır. “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzinin sosial şəbəkələrdəki səhifələrində ay ərzində 30-dan çox paylaşım edilmiş və 1300-dən çox baxış sayı qeydə alınmışdır.“Naxçıvan folklorunda mətbəx elementləri” adlı səhifədə isə 30-dən çox paylaşım edilmiş, 300-dən çox baxış sayı qeydə alınmışdır. Naxçıvan Qızlar Liseyində təhsil alan şagirdlərə təsdiq edilmiş qrafik əsasında müxtəlifmövzularda dərslər keçirilmişdir. “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi əməkdaşlarının Muxtar Respublikada fəaliyyət göstərən kütləvi informasiya vasitələri ilə əlaqələri davam etdirilmiş, 26 may tarixdə tarixdə “Nuh Yurdu” qəzetində “Naxçıvanda Ramazan yeməkləri”adlı məqalə dərc edilmişdir.

Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri bu ay ərzində də davam etdirilmişdir. May ayı ərzində Nazirliyə 33-üİdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 73 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara8-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 53 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Nazirliyin elektron poçt ünvanı da daim nəzarətdə saxlanılmış, 3 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.

Nazirliyin Maliyyə və təsərrüfat sektoru tərəfindən may ayına dair statistik hesabatların, aylıq üzləşmə aktının hazırlanıb aidiyyəti üzrə təqdim edilməsi, Nazirliyin Aparatının və tabeliyində olan təşkilatların saxlanılması, Nazirliyin tabeliyində olan müəssisələrə lazımi mal-material alınması təmin edilmişdir.

Hesabat dövründə Nazirliyin sisteminə daxil olan müəssisə və təşkilatlarda əmək və iş intizamı ilə bağlı yoxlamalar aparılmış, aşkar olunan nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tövsiyə və tapşırıqlar verilmişdir.

May ayı ərzində Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının muxtar respublikada fəaliyyət göstərən KİV-lər ilə əlaqələri davam etdirilmiş, mütəmadi olaraq müsahibələr verilmiş, məqalə və məlumatlar göndərilmiş, müxtəlif mövzulu televiziya verilişlərinin hazırlanmasına köməklik göstərilmişdir.

Joomla 1.5