Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 2021-ci ilin iyun ayı ərzində görülmüş işlərə dair HESABAT

Çap

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi iyun ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərman və Sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

İyun ayının birinci ongünlüyündə uşaq və gənclər arasında üç yaş qrupunda tar, kamança, qanun, saz, balaban, qarmon, fortepiano, skripka, klarnet, truba, fleyta ixtisasları üzrə ifaçılıq müsabiqəsi keçirilmiş, müsabiqəyə 300 nəfərə yaxın iştirakçı qatılmışdır. İyunun 23-də Naxçıvan şəhərindəki “Gənclik Mərkəzi”ndə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə uşaq və gənclər arasında keçirilmiş rəsm, rəqs, solo oxuma və ifaçılıq müsabiqələrinin yekununa həsr olunmuş tədbir keçirilmiş, tədbirdə 4 müsabiqə, 14 nominasiya və 3 yaş qrupu üzrə ümumilikdə 157 iştirakçı və kollektiv təltif edilmişdir. Tədbirin bədii hissəsində müsabiqə qaliblərinin ifasında konsert proqramı olmuşdur.

Açıq havada kino nümayişləri iyun ayında da davam etdirilmiş, “Əyləncə adası” İstirahət Parkında 4 film nümayişi təşkil edilmişdir.

“26 İyun - Silahlı Qüvvələr Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında “Milli ordumuz dövlət müstəqilliyimizin ən böyük dayağıdır” mövzusunda tədbir keçirilmiş, hərbi qulluqçular üçün Şahbuz Rayon Xalq Teatrı tərəfindən Şahbuz Rayon Mədəniyyət Sarayında Tofiq Seyidovun “Qarabağ şikəstəsi” əsəri əsasında hazırlanan tamaşa nümayiş olunmuş, aid təşkilatlarla birgə 24 iyun tarixdə təşkil olunmuş tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı konsert proqramı ilə çıxış etmişdir. “26 İyun - Silahlı Qüvvələr Günü” münasibətilə muxtar respublikada dislokasiya olunmuş hərbi hissə və bölmələrin əsgər və zabitlərinə Naxçıvan Dövlət Filarmoniyası, Naxçıvan Şəhər və rayon mədəniyyət şöbələrinin musiqi kollektivləri tərəfindən 9 konsert proqramı təqdim edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2021-ci il 22 fevral tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, iyunun 17-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin, Aşıqlar Birliyinin və Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə yaradıcılıq müsabiqəsi, iyunun 18-də isə müsabiqənin yekun tədbiri keçirilmişdir. Yekun tədbirdə müsabiqənin qalibləri mükafatlandırılmış və onların ifasında konsert proqramı təqdim edilmişdir. A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 8 nömrəli tam orta məktəbin şagirdləri ilə Aşıq Ələsgərin əsərlərinin müzakirəsi keçirilmişdir.

Ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 09 aprel 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil edilməsi üçün 2 ədəd yeni xalçanın pasportlaşdırılması ilə bağlı müvafiq iş aparılmışdır. Həmçinin, “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil olan 22 ədəd xalça haqqında naxçıvan_muzeyleri instaqram səhifəsində, Naxçıvan Dövlət Xalça Muzeyinin sosial şəbəkə hesablarında məlumatlar paylaşılmışdır.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında” 2021-ci il 05 yanvar tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmışdır. Ay ərzində Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş 4 tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyul tarixli 46 nömrəli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxslər tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”na əsasən muxtar respublika ərazisində aparılan arxeoloji qazıntılara nəzarət edilmişdir.

Xalq artisti, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova Naxçıvana gəlmişdir. Xalq artisti mədəniyyət və incəsənət obyektləri ilə tanış olmuş, Naxçıvan Dövlət Musiqili Dram Teatrının yaradıcı heyəti ilə görüş keçirilmişdir.

“Mədəniyyətin izi ilə” Sosial Mədəniyyət Layihəsinə ay ərzində materialların qəbulu davam etmişdir.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin, müəssisə və təşkilatların muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq aid təşkilatlarla birgə “15 İyun-Milli Qurtuluş Günü” ilə əlaqədar 11 iyun tarixində Heydər Əliyev Muzeyində “Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır” mövzusunda interaktiv dərs keçirilmişdir. Dərsi muxtar respublikanın 200-dən çox təhsil müəssisəsi izləmişdir.

Hesabat dövründə Heydər Əliyev Muzeyinin internet saytının yenidən hazırlanması ilə bağlı iş aparılmış, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin internet saytının hazırlanması işi davam etdirilmişdir.

Ay ərzində Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni ekspozisiyasının qurulması ilə bağlı iş aparılmışdır.

İyun ayı ərzində muzey əməkdaşlarının işinin təkmilləşdirilməsi, təcrübə mübadiləsi aparması məqsədilə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma altında Muzey Kompleksi, Şahbuz Rayon Tarix-Diyarşünaslıq, Naxçıvan Dövlət Xalça və Bəhruz Kəngərli muzeylərinin  əməkdaşları Naxçıvan Dövlət Tarix və C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat muzeylərində təcrübədə olmuşdur.

Ay ərzində muzeylər tərəfindən də bir sıra işlər görülmüşdür. “15 İyun- Milli qurtuluş Günü” ilə bağlı Heydər Əliyev, Babək və Culfa Rayon Tarix-Diyarşünaslıq muzeylərində açıq dərslər keçirilmiş, Cəmşid Naxçıvanski Muzeyində “26 iyun – Silahlı Qüvvələr Günü” münasibətilə sərgi təşkil edilmişdir.

İyun ayında ümumtəhsil məktəblərinin şagirdləri üçün muzeylərdə, ümumilikdə, 7 açıq dərs və 6 mühazirə keçirilmişdir.

Ay ərzində muzeylər tərəfindən 1 tədbir keçirilmiş, 3 sərgi qurulmuşdur.

İyun ayı ərzində muzeylərdə onlayn mədəni xidmətin göstərilməsi diqqətdə saxlanılmış, sosial şəbəkələrdəki hesablarında onlayn ekskursiyalar, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlər, muzeylərdə olan eksponatlarla bağlı məlumat və təbliğat xarakterli paylaşımlarla çıxış etmişdir.

Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş milli qəhrəmanların doğum və anım günləri münasibətilə, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə bağlı və s. mövzularda videomateriallar, slaydlar, məlumatlar hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Ay ərzində, ümumilikdə, Nazirliyin sistemində fəaliyyət göstərən muzeylər tərəfindən 188 ədəd müxtəlif məlumat, audio və video material hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

İyun ayında Nazirliyin “naxcivan_muzeyleri” İnstagram hesabında 26 paylaşım edilmiş, səhifənin ümumi izləyicilərinin sayı 768 nəfər olmuşdur.

Dövr ərzində muzeylər tərəfindən ümumilikdə, İnstagram səhifələrində 318, Facebook hesablarında 287 paylaşım edilmişdir. Muzeylərin sosial şəbəkə hesablarının ümumi izləyicilərinin sayı İnstagram hesablarında 23 min 828, Facebook hesablarında isə 40 min 819 olmuşdur.

Hesabat dövrü ərzində muzeyləri 28 min 134 nəfər yerli, 492 nəfər əcnəbi olmaqla, ümumilikdə 28 min 626 nəfər tamaşaçı ziyarət etmiş, muzeylərə 66 ədəd yeni eksponat daxil olmuşdur.

Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində bir sıra tədbirlər keçirilmişdir.

Ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan kitabların müzakirəsi diqqətdə saxlanılmışdır. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən Qurban Səidin “Əli və Nino”, N.Gəncəvinin “Sirlər xəzinəsi”, C.Məmmədquluzadənin “Hekayələr” və s. kitab müzakirələri keçirilmişdir.

İyun ayında kitabxanalar tərəfindən ümumilikdə, “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan 18 kitab müzakirəsi keçirilmişdir.

18-i kitabxana, 16-sı klub müəssisələrinin əməkdaşları arasında olmaqla, ümumilikdə “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan 34 kitab müzakirəsi keçirilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən 15 İyun - Milli Qurtuluş Günü münasibətilə “Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsidir”, “Silahlı Qüvvələr Günü” münasibətilə “Milli ordumuz dövlət müstəqilliyimizin ən böyük dayağıdır”, “Tarix yazan ordumuz” və s. mövzularda tədbirlər keçirilmiş, “15 İyun - Milli Qurtuluş Günü”, “Cahangir Cahangirov - 100” adlı sərgilər təşkil edilmişdir.

Ay ərzində yubileylər, əlamətdar və tarixi günlərlə bağlı 18 tədbir keçirilmiş, 49 sərgi qurulmuşdur.

A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən yuxarı sinif şagirdlərinin iştirakı ilə “Narkomaniya ağ ölümdür” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Naxçıvan Narkolojiya Xəstəxanasının həkimi Azad Şükürov çıxış etmiş, sonra “Ağ ölüm” başlıqlı sərgiyə baxış olmuşdur.

“Mütaliə Günü” ilə bağlı M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Gəlin kitab oxuyaq, dünyamızı, tariximizi, özümüzü dərk edək” adlı tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir. “Mütaliə Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla ümumilikdə 10 tədbir təşkil edilmişdir.

“Kitabxanaçı Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Oxuculara xidmət işinin təşkili” mövzusunda müzakirə, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə 7 və 17 №-li tam orta məktəblərin və Qızlar Liseyinin kitabxanaçıları ilə birlikdə “Kitabxanalarda inventarizasiya işinin təşkili qaydaları” adlı tədbir keçirilmişdir. “Kitabxanaçı Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla ümumilikdə 10 tədbir olmuşdur.

“Kitabxana Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Silahlı Qüvvələr Günü”nə həsr olunmuş “Milli ordumuz dövlət müstəqilliyimizin ən böyük dayağıdır” mövzusunda tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə oxucularla “Sorma Vətən nədən yaxşıdır” mövzusunda söhbət keçirilmişdir. “Kitabxanaçı Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla ümumilikdə 10 tədbir təşkil edilmişdir.

İyun ayında “Nağıl Günü” ilə bağlı A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 36 tədbir keçirilmişdir.

Ay ərzində A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 6 və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları tərəfindən 18 nəfər olmaqla, ümumilikdə, sağlamlıq imkanı məhdud 24 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.

Ay ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Naxçıvan Şəhər MKS-nin əməkdaşları, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında isə Sədərək Rayon MKS-nin uşaq şöbəsinin əməkdaşları üçün təcrübə məşğələsi keçirilmişdir.

Həmçinin M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları Ordubad Rayon MKS-də, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının əməkdaşları isə Ordubad Rayon MKS-nin Uşaq Kitabxanasında ezamiyyədə olmuşlar.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 3 adda 24 metodiki məktub hazırlanaraq rayon (şəhər) MKS-lər, həmçinin uşaq kitabxanaları və şöbələrinə göndərilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) Mərkəzləşdirilmiş Kitabxana Sistemlərində tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar materialların hazırlanması da diqqət mərkəzində saxlanılmışdır. Ay ərzində sosial şəbəkə hesablarında 204 paylaşım edilmişdir. İzləyici sayı İnstagram səhifələrində 8 min 116, Facebook səhifələrində 12 min 512 olmuşdur.

“Nağıl Günləri” layihəsi çərçivəsində iyun ayında A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları və Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən ümumilikdə 3 audio nağıl hazırlanaraq sosial şəbəkə hesablarında 27 paylaşım edilmişdir.

İyun ayında Nazirliyə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən 5 adda 104 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla 430 adda 564 nüsxə çap məhsulu daxil olmuşdur.

Ay ərzində kitabxanalarda yeni oxucu sayı 491, oxucu gəlişi 8 min 887, kitab verilişi isə 43 min 60 nüsxə olmuşdur.

Dövr ərzində elektron kataloqa 701 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 24 min 192-dən 24 min 893-ə çatdırılmışdır.

Şəbəkəyə 30 kitab (PDF) işlənmiş və ümumi sayı 3 min 401-dən 3 min 431-ə çatdırılmışdır. Ay ərzində elektron kitabxanadan 179 lokal, 560 qlobal olmaqla 739 oxucu istifadə etmişdir.

Ay ərzində kitabxanalarda ümumilikdə 104 tədbir keçirilmişdir.

İyun ayında klub müəssisələrinin fəaliyyəti diqqət mərkəzində saxlanılmış, dövr ərzində əlamətdar və tarixi günlərlə, görkəmli şəxsiyyətlərlə, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması ilə bağlı işlər görülmüşdür.

Xalq yaradıcılığının öyrənilməsi, yaşadılması və gələcək nəsillərə çatdırılması ilə bağlı dövr ərzində mütəmadi iş aparılmışdır.

Belə ki, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən 3, Naxçıvan Dövlət Film Fondu tərəfindən 9 olmaqla, ümumilikdə, xalq yaradıcılığı ilə bağlı 12 videomaterial hazırlanmış, bu materiallar Nazirliyin Youtube kanalında yerləşdirilmiş, sosial şəbəkələrdə paylaşılmışdır.

İyun ayı ərzində rayon mədəniyyət sarayları, o cümlədən klub və mədəniyyət evləri tərəfindən ümumilikdə 21 tədbir keçirilmiş, 8 sərgi qurulmuşdur.

Dövr ərzində Heydər Əliyev Sarayı tərəfindən 3 adda 24 metodik məktub hazırlanaraq rayon (şəhər) mədəniyyət şöbələrinə göndərilmişdir.

Mədəniyyət üzrə Elmi Metodiki Mərkəz, klub və mədəniyyət evlərində onlayn fəaliyyət də diqqət mərkəzində saxlanılmışdır. Yubileylər, əlamətdar və tarixi günlər, o cümlədən, klub müəssisələrində fəaliyyət göstərən musiqi, rəsm, əl işləri, bədii-qiraət dərnəklərinin rəhbərləri və istedadlı dərnək üzvlərinin bacarığını nümayiş etdirən videolar da olmaqla ümumilikdə, 8 videomaterial hazırlanmışdır. Bu materiallar Nazirliyin Youtube kanalına yerləşdirilmiş, sosial şəbəkə hesablarında paylaşılmışdır.

Hesabat dövründə Naxçıvan Şəhər və rayon mədəniyyət şöbələri tərəfindən sosial şəbəkələrdə 142 paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 57 paylaşım edilmiş, 9 min 246 izləyici sayı olmuşdur. İnstagram səhifələrində edilən 85 paylaşımın 4 min 956 izləyicisi olmuşdur.

Dövr ərzində Mədəniyyət üzrə Elmi Metodiki Mərkəz tərəfindən də bir sıra işlər görülmüşdür.

İyun ayında Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən ümumilikdə, 8 material hazırlanmış, 23 paylaşım edilmişdir. Metodik Mərkəzin İnstagram izləyicilərinin sayı 654, Facebook izləyicilərinin sayı isə 562 olmuşdur.

Hesabat dövrü ərzində Elmi Metodik Mərkəz də daxil olmaqla, klub müəssisələrində, ümumilikdə 21 tədbir keçirilmişdir.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə bağlanmış müqavilələrə əsasən iyun ayında 1702,5 manatlıq 55 adda 284 ədəd iş satılmışdır.

Hesabat dövründə Nazirliyin tabeliyində olan Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti diqqət mərkəzində saxlanılmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı məlumatlar hazırlanaraq sosial şəbəkələrdə paylaşımlar edilmişdir.

İyunun 4-də “Xalq Yaradıcılığı Günü”nün keçirilməsi ilə əlaqədar Kəngərli  Rayon Mədəniyyət Şöbəsinin, 30 iyunda isə Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin tabeliyində olan mədəniyyət evləri tərəfindən hazırlanmış xalq yaradıcılığı nümunələrinin çəkilişi həyata keçirilmişdir.

“Təhsil və mədəniyyət  müəssisələrinin qarşılıqlı fəaliyyətinin  səmərəli təşkili ilə bağlı 2020-2021-ci tədris  ili üçün tədbirlər planı”na əsasən 02 iyun tarixdə  Naxçıvan Dövlət Film Fondunda Naxçıvan şəhər 2, 3, 5, 11 və 15 nömrəli tam orta məktəblərin şagirdlərinə cizgi filmlərinin nümayişi təşkil olunmuşdur.

23 iyunda Naxçıvan Muxtar Respublikası Turizm Diyarşünaslıq Mərkəzinin dərnək üzvləri üçün “Dərs” filmi nümayiş olunmuş, 29 iyunda Naxçıvan Şəhər Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Gənclər Təşkilatının üzvləri arasında “Bu kino ki var…” adlı kinoviktorina keçirilmişdir

Film Fond tərəfindən ay ərzində 2 tədbir keçirilmiş, ümumtəhsil məktəblərinin şagirdləri üçün 1, məktəbdənkənar müəssisələrin dərnək üzvləri üçün 1 film, “Əyləncə adası” İstirahət Parkında açıq havada 4 film olmaqla, ümumilikdə 6 film nümayiş olunmuşdur. Ay ərzində çəkilmiş materiallarla bağlı 1 material hazırlanmışdır.

Hesabat dövrü ərzində Film Fond tərəfindən görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı ümumilikdə, 119 material hazırlanmış, 238 paylaşım edilmiş və 1 min 509 izləyici sayı olmuşdur.

Həmçinin, videomateriallar hazırlanarkən müəssisə və təşkilatlara Film Fond tərəfindən mütəxəssis köməyi göstərilmiş və müxtəlif videomateriallar hazırlanaraq Nazirliyin Youtube kanalında yerləşdirilmişdir.

Ay ərzində filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.

İyun ayında musiqi təhsili müəssisələrində bir sıra işlər görülmüşdür. Bundan əlavə uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində təsdiq edilmiş qəbul planına uyğun olaraq şagird qəbulu, sinifdən-sinfə keçirilmə və buraxılış imtahanları aparılmış, bütün təhsil müəssisələrində tədris ilinin yekununa həsr olunmuş hesabat konsertləri keçirilmişdir. Nazirliyin sisteminə daxil olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərini 2020-2021-ci tədris ilində 812 nəfər bitirmişdir ki, onlardan 758 nəfərə ümumi və 54 nəfərə isə fərqlənmə şəhadətnaməsi verilmişdir.

Ay ərzində gənclərlə iş sahəsi də diqqət mərkəzində saxlanılmış, “Nəqşicahan” Gənclər Birliyinin üzvləri arasında “Sahilsiz gecə” filminin və “Xudafərin” Gənclər birliyinin üzvləri arasında Nigel Grimşavın “Muzeydəki sirr” kitabının onlayn müzakirəsi keçirilmişdir. Bundan əlavə 14 iyun tarixdə “Xarıbülbül” Gənclər Birliyinin üzvləri arasında Naxçıvan şəhərində yerləşən “Möminə Xatın Kitab Kafesi”ndə “YUNESKO tərəfindən qorunan qeyri-maddi mədəni irs nümunələrimiz” adlı tədbir təşkil edilmişdir.

Nazirliyin sisteminə daxil olan dövlət teatrları da öz fəaliyyətlərini ay ərzində davam etdirmiş, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı tərəfindən A.Qoqolun “Müfəttiş” əsəri əsasında hazırlanan tamaşanın son məşqləri aparılmış və tamaşaya 25 iyun 2021-ci il tarixdə ictimai baxış keçirilərək istehsalata buraxılmışdır.

Naxçıvan Dövlət Uşaq Teatrı isə N.Nəzərovanın “Mavi işıq” əsərləri əsasında hazırlanan tamaşanın məşqlərini yekunlaşdırmış, 16 iyun 2021-ci il tarixdə tamaşaya ictimai baxış keçirilmiş və istehsalata buraxılmışdır.

M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında Yapon xalq nağılı əsasında səhnələşdirilən “Yaxşılıq itmir” tamaşasının məşqləri yekunlaşmış və istehsalata buraxılmışdır.

Naxçıvan Dövlət Filarmoniyasının yaradıcı kollektivlərinin məşq prosesləri ay ərzində davam etdirilmiş, 24 iyun tarixdə “26 iyun - Silahlı Qüvvələr Günü” münasibəti ilə təşkil olunmuş tədbirdə Mahnı və Rəqs Ansamblı konsert proqramı ilə çıxış etmişdir.

Ötən dövr ərzində Nazirliyin saytının fəaliyyəti də diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Nazirliyin saytına 11 xəbər, 3 məqalə işlənmişdir.

Nazirliyin Youtube kanalına iyun ayında 1 (cəmi 646) videomaterial yerləşdirilmiş, bu günədək Youtube kanalına 1 video yüklənmiş, 1650 abunə, 149 min 639 izlənmə sayı olmuşdur.

Ay ərzində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin İnstaqram və Facebook hesablarında audio və videomateriallar, slaydlar, məlumat xarakterli materiallar, Nazirlik və onun tabeliyində olan mədəniyyət və incəsənət müəssisələri tərəfindən hazırlanan layihələrin elanları, videoçarxlar və s. yerləşdirilmişdir.

İyun ayında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 703-ə çatmış, 24 paylaşım edilmişdir.

O cümlədən, nmr_medeniyyet_nazirliyi adlı İnstagram səhifəsinin ümumi izləyicilərinin sayı 5 min 919 olmuş, ay ərzində səhifədə 27 paylaşım edilmişdir.

“Naxçıvan_muzeyleri” İnstagram səhifəsində ay ərzində 26 paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 768 nəfər olmuşdur.

Hesabat dövründə Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Şərq qapısı” qəzetində 5, “Nuhçıxan” İnformasiya Agentliyində 2 xəbər, rayon qəzetlərində 2 məqalə, digər KİV-də 1 məqalə işıq üzü görmüşdür.

“El həyatı” qəzetinin 01 iyun tarixli nömrəsində Ordubad Şəhər Tarix-Memarlıq Qoruğunun elmi işçisi Rəsmiyyə Nağıyevanın “Qədim abidələr milli sərvətimizdir”, “Arazın səsi” qəzetinin 19 iyun tarixli nömrəsində “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin direktoru Kamal Gülmalıyevin “Xəmsə”də Naxçıvan torpağını işarə edən rəmzi mənalı ifadələr”, “İki Sahil” qəzetinin 09 iyun  tarixli nömrəsində Naxçıvan Dövlət Xalça Muzeyinin əməkdaşı Sevinc Səbzəliyevanın “Milli baş örtüyümüz kəlağayı” adlı məqalələri dərc olunub.

Ay ərzində Nazirliyin tabeliyindəki müəssisələrin əməkdaşlarından Naxçıvan Dövlət Televiziyası və Radiosunda gedən verilişlərdə 1 nəfər müsahibə vermişdir.

Naxçıvan Dövlət Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı 5 xəbər süjeti efirə getmişdir.

Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri iyun ayı ərzində davam etdirilmişdir. İyun ayı ərzində Nazirliyə 24-ü İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 148 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 26-si İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 64 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Vətəndaşların müraciətləri də  daim nəzarətdə saxlanılmış, Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 20 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmiş, müəssisə və təşkilatlarına 3 nəfər işə qəbul edilmişdir.

İyun ayı ərzində Nazirliyin 1 kollegiya iclası keçirilmiş, kollegiyada 1 məsələ müzakirə edilmişdir.