Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 2021-ci ilin may ayı ərzində görülmüş işlərə dair HESABAT

Çap

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi may ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərman və Sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

Mayın 7-də Naxçıvan Dövlət Uşaq Teatrında uşaq və gənclər arasında rəqs müsabiqəsi keçirilmişdir. Müsabiqədə Naxçıvan Musiqi Kollecində, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində təhsil alan tələbə və şagirdlər, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Mahnı və Rəqs Ansamblının üzvləri, klub müəssisələrinin dərnək üzvləri iştirak etmişdir.

Azərbaycan milli teatr tarixinə parlaq və şərəfli səhifələr yazmış Naxçıvan teatrının yaradılmasının 138-ci ildönümü münasibətilə mayın 11-də C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasının əsasında səhnələşdirilən “Nizaminin Sirlər xəzinəsi” adlı tamaşanın onlayn premyerası keçirilmiş, tamaşa Naxçıvan Dövlət Televiziyasında və onun internet resurslarında, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin rəsmi internet saytında və sosial şəbəkə hesablarında canlı olaraq yayımlanmışdır.

Mayın 18-də Naxçıvan Dövlət Tarix Muzeyində ümumtəhsil müəssisələrində “Tariximizi qoruyaq və yaşadaq” devizi altında keçirilmiş aksiyada toplanan və Təhsil Nazirliyi tərəfindən Mədəniyyət Nazirliyinə hədiyyə edilən 200-dən çox maddi-mədəniyyət nümunəsinin təqdimat mərasimi keçirilmişdir.

Mayın 20-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Musiqi Kollecinin, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin və Naxçıvan Dövlət Uşaq Filarmoniyasının üzvlərinin qatıldığı solo oxuma – vokal və xanəndəlik üzrə muxtar respublika müsabiqəsi baş tutmuşdur. Naxçıvan Dövlət Filarmoniyasında təşkil olunan müsabiqəyə ümumilikdə 25 nəfər iştirakçı qatılmışdır.

Açıq havada kino nümayişlərinə başlanmış, mayın 27-də “Əyləncə adası” İstirahət Parkında “Əbədi ezamiyyət” sənədli-bədii filminin nümayişi təşkil edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, Nazirliyin 2020-2021-ci tədris ili üçün müvafiq Tədbirlər Planına uyğun olaraq tədbirlər keçirilmişdir.

Mayın 5-də Naxçıvan Dövlət Xalça Muzeyində Nazirliyin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələrinə “5 May - Xalçaçı Günü”, Naxçıvan Dövlət Universitetinin kitabxanaçılıq və informasiya ixtisası üzrə təhsil alan tələbələrinə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Kütləvi tədbirlərin təşkili qaydaları” mövzularında 2 açıq dərs keçirilmişdir.

Ay ərzində Nazirlik tərəfindən hamiliklə bağlı 2 açıq dərs olmaqla, ümumilikdə 2 tədbir keçirilmiş, eləcə də kitabxanaçılıq və informasiya ixtisası üzrə Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Musiqi Kollecinin III kurs tələbələrinin M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında təcrübə keçmələri təmin edilmişdir.

Ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 09 aprel 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil edilməsi üçün 2 ədəd yeni xalçanın pasportlaşdırılması ilə bağlı müvafiq iş aparılmışdır. Həmçinin, “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil olan 30 ədəd xalça haqqında naxçıvan_muzeyleri instaqram səhifəsində, Naxçıvan Dövlət Xalça Muzeyinin sosial şəbəkə hesablarında məlumatlar paylaşılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2021-ci il 22 fevral tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, Şahbuz Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan uşaq musiqi məktəblərinin saz ixtisası üzrə müəllim və şagirdlərinə Aşıq Ələsgərin yaradıcılığından bəhs edən ustad dərs, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Aşıq Ələsgərin əsərlərinin biblioqrafik icmalı keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında” 2021-ci il 05 yanvar tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmışdır. Mayın 26-da Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkil etdiyi “Ali və orta ixtisas təhsili müəssisələrinin teatr studiyaları arasında keçirilən “Nizami dünyası” teatr müsabiqəsinin mükafatlandırma mərasimi keçirilmişdir. Ay ərzində Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş 7 tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyul tarixli 46 nömrəli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxslər tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”na əsasən AMEA Naxçıvan Bölməsi tərəfindən İbrahimli Bəhlul İmran oğluna Ordubad rayonunda yerləşən Plovdağ arxeoloji abidələr kompleksində kəşfiyyat işləri və arxeoloji tədqiqat aparmaq üçün verilən vəkalətnamə Nazirlik tərəfindən qeydiyyata alınmışdır.

“Mədəniyyətin izi ilə” Sosial Mədəniyyət Layihəsinə ay ərzində materialların qəbulu davam etmişdir.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin, müəssisə və təşkilatların muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq aid təşkilatlarla birgə 2021-ci il 8 may tarixində Heydər Əliyev Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə interaktiv dərs keçirilmişdir. Dərsi muxtar respublikanın 200-dən çox təhsil müəssisəsi izləmişdir.

Muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması və muzey işçilərinin bütün muzeyləri tanıması məqsədilə may ayının 19-da Cəmşid Naxçıvanski Muzeyində “Muzey əşyalarının elmi inventarizasiyasının aparılması qaydaları” mövzusunda seminar-treninq keçirilmişdir.

Hesabat dövründə Heydər Əliyev Muzeyinin internet saytının yenidən hazırlanması ilə bağlı iş aparılmış, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin internet saytının hazırlanması işi davam etdirilmişdir.

May ayı ərzində muzey əməkdaşlarının işinin təkmilləşdirilməsi, təcrübə mübadiləsi aparması məqsədilə Ordubad və Babək rayon tarix-diyarşünaslıq muzeylərinin, Məhəmməd Tağı Sidqinin, Məmməd Səid Ordubadinin və Akademik Yusif Məmmədəliyevin ev muzeylərinin əməkdaşları Naxçıvan Dövlət Tarix və C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat muzeylərində təcrübədə olmuşdur.

Ay ərzində muzeylər tərəfindən də bir sıra işlər görülmüşdür. Mayın 4-də Naxçıvan Dövlət Xalça Muzeyi ilə Zərdab Rayon Heydər Əliyev Mərkəzi arasında “5 May - Xalçaçı Günü”nə həsr olunmuş onlayn tədbir keçirilmişdir. 21 may tarixində Bəhruz Kəngərli Muzeyinin yaradılmasının 20 illiyinə həsr olunmuş tədbir təşkil edilmişdir.

“18 May - Beynəlxalq Muzeylər Günü” ilə əlaqədar olaraq Naxçıvan Dövlət Rəsm Qalereyası, Cəmşid Naxçıvanski Muzeyi və C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində, Culfa, Babək və Kəngərli Rayon Tarix Diyarşünaslıq Muzeylərində sərgilər qurulmuş, tədbirlər, açıq dərslər keçirilmişdir.

“28 May - Respublika Günü” ilə əlaqədar olaraq Bayraq Muzeyi, Xatirə Muzeyi və Culfa Rayon Tarix Diyarşünaslıq Muzeyində açıq dərslər təşkil edilmişdir.

Təhsil və Mədəniyyət nazirliklərinin birgə qrafikinə əsasən Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdlərinə Heydər Əliyev Muzeyində “Ömrünü vətənə həsr etmiş dahi şəxsiyyət-Heydər Əliyev”, Naxçıvan Dövlət Rəsm Qalereyasında “Azərbaycanın dilbər guşələri” mövzularında 2 açıq dərs keçirilmişdir. May ayında ümumtəhsil məktəblərinin şagirdləri üçün muzeylərdə, ümumilikdə, 46 açıq dərs və 1 mühazirə keçirilmişdir.

Ay ərzində muzeylərdə Nazirlik tərəfindən 3, muzeylər tərəfindən 1-i onlayn olmaqla 4 tədbir keçirilmiş, 8 sərgi qurulmuşdur.

May ayı ərzində muzeylərdə onlayn mədəni xidmətin göstərilməsi diqqətdə saxlanılmış, sosial şəbəkələrdəki hesablarında onlayn ekskursiyalar, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlər, muzeylərdə olan eksponatlarla bağlı məlumat və təbliğat xarakterli paylaşımlarla çıxış etmişdir.

Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş milli qəhrəmanların doğum və anım günləri münasibətilə, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə bağlı və s. mövzularda videomateriallar, slaydlar, məlumatlar hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Ay ərzində, ümumilikdə, Nazirliyin sistemində fəaliyyət göstərən muzeylər tərəfindən 2-si onlayn ekskursiya olmaqla 197 ədəd müxtəlif məlumat, audio və video material hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

May ayında Nazirliyin “naxcivan_muzeyleri” İnstagram hesabında 32 ədəd məlumat xarakterli paylaşım və onlayn ekskursiya yerləşdirilmiş, səhifənin ümumi izləyicilərinin sayı 763 nəfər olmuşdur.

Dövr ərzində muzeylər tərəfindən ümumilikdə, İnstagram səhifələrində 286, Facebook hesablarında 258 paylaşım edilmişdir. Muzeylərin sosial şəbəkə hesablarının ümumi izləyicilərinin sayı İnstagram hesablarında 22 min 858, Facebook hesablarında isə 59 min 183 olmuşdur.

Hesabat dövrü ərzində muzeyləri 34 min 529 nəfər yerli, 850 nəfər əcnəbi olmaqla, ümumilikdə 35 min 379 nəfər tamaşaçı ziyarət etmiş, muzeylərə 85 ədəd yeni eksponat daxil olmuşdur.

Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində bir sıra tədbirlər keçirilmişdir.

Ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan kitabların müzakirəsi diqqətdə saxlanılmışdır. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti”, “İslamda müdrik kəlamlar”, Sədi Şirazinin “Gülüstan”, Cek Londonun “Hekayələr”  və s. kitab müzakirələri keçirilmişdir.

May ayında kitabxanalar tərəfindən ümumilikdə, “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan 19 kitab müzakirəsi keçirilmişdir.

19-u kitabxana, 16-sı klub müəssisələrinin əməkdaşları arasında olmaqla, ümumilikdə “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan 35 kitab müzakirəsi keçirilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən “9 May – Faşizm üzərində Qələbə Günü”nə həsr edilmiş yığıncaq, “28 May – Respublika Günü” münasibətilə “Azərbaycan Xalq Cümhuriyyəti: istiqlaliyyət zirvəsində Azərbaycan imzası”, yazıçı, publisist Eynəli bəy Sultanovun anadan olmasının 155 illiyi münasibətilə tədbirlər, Aşıq Ələsgərin anadan olmasının 200 illiyi, Xalq şairi Sabir Rüstəmxanlının anadan olmasının 75 illiyi ilə bağlı tədbirlər və əsərlərinin biblioqrafik icmalları keçirilmiş, “Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü”, “Eynəli bəy Sultanov - 155”, “Azərbaycan Xalq Cümhuriyyəti” və s. adlı sərgilər təşkil edilmişdir.

Ay ərzində yubileylər, əlamətdar və tarixi günlərlə bağlı 17 tədbir keçirilmiş, 51 sərgi qurulmuşdur.

“Mütaliə Günü” ilə bağlı M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Naxçıvan Müəllimlər İnstitutunda “Kitab bir nəslin digər nəslə mənəvi vəsiyyətidir” adlı tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə məktəblilərlə “Oxunması zəruri olan kitablar” siyahısına daxil edilmiş “Pedoqoji fikir tarixindən” kitabının müzakirəsi keçirilmişdir. “Mütaliə Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla ümumilikdə 10 tədbir keçirilmişdir.

“Kitabxanaçı Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Musiqi-not şöbəsinin iş prinsipi” mövzusunda müzakirə, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə 4, 6 və 12 №li tam orta məktəblərin kitabxanaçıları ilə birlikdə “Kiçik yaşlı uşaqların mütaliəsinə rəhbərlik” adlı tədbir keçirilmişdir. “Kitabxanaçı Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla ümumilikdə 10 tədbir keçirilmişdir.

May ayında “Nağıl Günü” ilə bağlı A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 27 tədbir keçirilmişdir.

Ay ərzində A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası 2 və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları tərəfindən 19 nəfər olmaqla, ümumilikdə, sağlamlıq imkanı məhdud 21 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.

Ay ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Şərur rayon MKS-nin əməkdaşları, A.Babayev adına Naxçıvan Muxtar Respublika Kitabxanasında isə Culfa Rayon MKS-nin Uşaq kitabxanasının əməkdaşları üçün təcrübə məşğələsi keçirilmişdir.

Həmçinin M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları Şahbuz Rayon MKS-də, A.Babayev adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları isə Şahbuz Rayon MKS-nin Uşaq kitabxanasında ezamiyyədə olmuşlar.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 4 adda 32 metodiki məktub hazırlanaraq rayon (şəhər) MKS-lər, həmçinin uşaq kitabxanaları və şöbələrinə göndərilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) Mərkəzləşdirilmiş Kitabxana Sistemlərində tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar materialların hazırlanması da diqqət mərkəzində saxlanılmışdır. Ay ərzində videomateriallar, slaydlar, məlumatlar olmaqla, ümumilikdə 3 material hazırlanmış, sosial şəbəkə hesablarında 147 paylaşım edilmişdir. İzləyici sayı İnstagram səhifələrində 8 min 11, Facebook səhifələrində 11 min 905 olmuşdur.

“Nağıl Günləri” layihəsi çərçivəsində may ayında A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları və Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən ümumilikdə 1 audio nağıl hazırlanaraq sosial şəbəkə hesablarında 18 paylaşım edilmişdir.

May ayında Nazirliyə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən 2 adda 22 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla 336 adda 684 nüsxə çap məhsulu daxil olmuşdur.

Ay ərzində kitabxanalarda yeni oxucu sayı 469, oxucu gəlişi 7 min 789, kitab verilişi isə 38 min 120 nüsxə olmuşdur.

Dövr ərzində elektron kataloqa 701 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 23 min 491-dən 24 min 192-yə çatdırılmışdır.

Şəbəkəyə 31 kitab (PDF) işlənmiş və ümumi sayı 3 min 370-dən 3 min 401-ə çatdırılmışdır. Ay ərzində elektron kitabxanadan 190 lokal, 378 qlobal olmaqla 568 oxucu istifadə etmişdir.

Ay ərzində kitabxanalarda ümumilikdə 89 tədbir keçirilmişdir.

May ayında klub müəssisələrinin fəaliyyəti diqqət mərkəzində saxlanılmış, dövr ərzində əlamətdar və tarixi günlərlə, görkəmli şəxsiyyətlərlə, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması ilə bağlı işlər görülmüşdür.

“28 May – Respublika Günü” və ilə bağlı rayon mədəniyyət saraylarında keçirilən tədbirlər nəzarətdə saxlanılmışdır. Belə ki, Şərur, Babək, Ordubad, Kəngərli rayon mədəniyyət saraylarında qeyd olunmuş günlərlə bağlı tədbirlər keçirilmişdir.

Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəz tərəfindən Şərur rayonunda fəaliyyət göstərən klub müəssisələrində çalışan əməkdaşlar üçün onlayn fəaliyyətlə bağlı onlayn seminar-müşavirə keçirilmişdir.

Xalq yaradıcılığının öyrənilməsi, yaşadılması və gələcək nəsillərə çatdırılması ilə bağlı dövr ərzində mütəmadi iş aparılmışdır.

Belə ki, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən 3, Naxçıvan Dövlət Film Fondu tərəfindən 9 olmaqla, ümumilikdə, xalq yaradıcılığı ilə bağlı 12 videomaterial hazırlanmış, bu materiallar Nazirliyin Youtube kanalında yerləşdirilmiş, sosial şəbəkələrdə paylaşılmışdır.

May ayı ərzində rayon mədəniyyət sarayları, o cümlədən klub və mədəniyyət evləri tərəfindən əlamətdar və tarixi günlərlə bağlı ümumilikdə 4 tədbir keçirilmiş, 9 sərgi qurulmuşdur.

Dövr ərzində Heydər Əliyev Sarayı tərəfindən 3 adda 24 metodik məktub hazırlanaraq rayon (şəhər) mədəniyyət şöbələrinə göndərilmişdir.

Mədəniyyət üzrə Elmi Metodiki Mərkəz, Heydər Əliyev Sarayı, klub və mədəniyyət evlərində onlayn fəaliyyət də diqqət mərkəzində saxlanılmışdır. Yubileylər, əlamətdar və tarixi günlər, o cümlədən, klub müəssisələrində fəaliyyət göstərən musiqi, rəsm, əl işləri, bədii-qiraət dərnəklərinin rəhbərləri və istedadlı dərnək üzvlərinin bacarığını nümayiş etdirən videolar da olmaqla ümumilikdə, 13 videomaterial hazırlanmışdır. Bu materiallar Nazirliyin Youtube kanalına yerləşdirilmiş, sosial şəbəkə hesablarında paylaşılmışdır.

Hesabat dövründə Naxçıvan Şəhər və rayon mədəniyyət şöbələri tərəfindən sosial şəbəkələrdə 139 paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 55 paylaşım edilmiş, 9 min 254 izləyici sayı olmuşdur. İnstagram səhifələrində edilən 84 paylaşımın 4 min 851 izləyicisi olmuşdur.

Dövr ərzində Mədəniyyət üzrə Elmi Metodiki Mərkəz tərəfindən də bir sıra işlər görülmüşdür.

May ayında Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən ümumilikdə, 13 material hazırlanmış, 24 paylaşım edilmişdir. Metodik Mərkəzin İnstagram izləyicilərinin sayı 631, Facebook izləyicilərinin sayı isə 569 olmuşdur.

Hesabat dövrü ərzində Elmi Metodik Mərkəz də daxil olmaqla, klub müəssisələrində 1-i onlayn olmaqla, ümumilikdə 21 tədbir keçirilmişdir.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə bağlanmış müqavilələrə əsasən may ayında 742 manatlıq 44 adda 98 ədəd iş satılmışdır.

Hesabat dövründə Nazirliyin tabeliyində olan Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti diqqət mərkəzində saxlanılmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı məlumatlar hazırlanaraq sosial şəbəkələrdə paylaşımlar edilmişdir.

Mayın 21 və 26-da “Xalq Yaradıcılığı Günü”nün keçirilməsi ilə əlaqədar Ordubad Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan mədəniyyət evləri tərəfindən hazırlanmış xalq yaradıcılığı nümunələrinin çəkilişi həyata keçirilmişdir.

“Təhsil və mədəniyyət  müəssisələrinin  qarşılıqlı fəaliyyətinin  səmərəli təşkili ilə bağlı 2020-2021-ci tədris  ili üçün tədbirlər planı”na əsasən 7 may tarixində “Bu, kino ki var...” adlı kinoviktorinanın muxtar respublika birinciliyi keçirilmiş, 19 may 2021-ci il tarixdə Naxçıvan Dövlət Film Fondunda Naxçıvan şəhər 3, 5 və 8 nömrəli tam orta məktəblərin şagirdlərinə “Əbədi ezamiyyət” sənədli-bədii filminin nümayişi təşkil olunmuşdur.

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu və Naxçıvan Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Yol bir mədəniyyətdir” adlı sosial çarx müsabiqəsinə 18 may 2021-ci il tarixdə Naxçıvan Gənclər Mərkəzində yekun vurulmuşdur.

Film Fond tərəfindən ay ərzində 4 tədbir keçirilmiş, 4 film nümayişi olmuş, çəkilmiş materiallarla bağlı 2, xalq yaradıcılığı ilə bağlı isə 9 olmaqla, ümumilikdə 11 material hazırlanmışdır.

Hesabat dövrü ərzində Film Fond tərəfindən görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı ümumilikdə, 100 material hazırlanmış, 200 paylaşım edilmiş və 1 min 510 izləyici sayı olmuşdur.

Həmçinin, videomateriallar hazırlanarkən müəssisə və təşkilatlara Film Fond tərəfindən mütəxəssis köməyi göstərilmiş və müxtəlif videomateriallar hazırlanaraq Nazirliyin Youtube kanalında yerləşdirilmişdir.

Ay ərzində filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.

Ay ərzində gənclərlə iş sahəsi də diqqət mərkəzində saxlanılmış, gənclərin asudə vaxtının səmərəli təşkili, maarifləndirici tədbirlərin keçirilməsi və onların dünyagörüşünün artırılması məqsədi ilə bir sıra işlər görülmüşdür.

“Nəqşicahan” Gənclər Birliyinin üzvləri arasında “Muzey ekponatının hekayəsini sən danış”, “Xarıbülbül” Gənclər Birliyinin üzvləri arasında “Gənclərin cəmiyyətdə özünü düzgün təqdim etməsi” adlı onlayn tədbirlər keçirilmiş, “Xudafərin” Gənclər Birliyinin üzvləri arasında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Nizaminin beşliyinə səyahət” adlı kompozisiya hazırlanmış və 31 may tarixdə Kəngərli Rayon Mədəniyyət Sarayında nümayiş etdirilmişdir. Nazirliyin Gənclər Təşkilatı Naxçıvan şəhərindəki “Saat Meydanı” Turistik İstirahət Mərkəzində “Bir əsərin tarixçəsi” adlı ənənəvi tədbir təşkil etmişdir.

Nazirliyin sisteminə daxil olan dövlət teatrları da öz fəaliyyətlərini ay ərzində davam etdirmiş, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı tərəfindən Nizaminin “Sirlər xəzinəsi” və V.Səmədoğlunun “Mamoy kişinin yuxuları”, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı Yapon xalq nağılı əsasında səhnələşdirilən “Yaxşılıq itmir”, Naxçıvan Dövlət Uşaq Teatrı isə N.Nəzərovanın “Mavi işıq” əsərləri əsasında hazırlanan tamaşaların məşqlərini davam etdirmişdir.

Naxçıvan Dövlət Filarmoniyasının yaradıcı kollektivlərinin məşq prosesləri ay ərzində davam etdirilimiş, muğam üçlüyünün Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində təşkil olunmuş “Xarı bülbül” Musiqi Festivalında iştirakı təmin edilmiş, mayın 24-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Naxçıvan-bəşəriyyətin beşiyi” V Beynəlxalq Rəsm Festivalında Mahnı və Rəqs Ansamblı konsert proqramı ilə çıxış etmişdir.

May ayında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 may tarixli Sərəncamı ilə Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafında xidmətlərinə görə Mədəniyyət Nazirliyinin sisteminə daxil olan müəssisələrdə çalışan işçilərdən 10 nəfər Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülmüşdür.

Ötən dövr ərzində Nazirliyin saytının fəaliyyəti də diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Nazirliyin saytına 18 xəbər, 5 məqalə işlənmişdir.

Nazirliyin Youtube kanalına may ayında 10 (cəmi 645) videomaterial yerləşdirilmiş, bu günədək 1 min 610 abunəçi, 141 min 832 izlənmə sayı olmuşdur.

Ay ərzində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin İnstaqram və Facebook hesablarında audio və videomateriallar, slaydlar, məlumat xarakterli materiallar, Nazirlik və onun tabeliyində olan mədəniyyət və incəsənət müəssisələri tərəfindən hazırlanan layihələrin elanları, videoçarxlar və s. yerləşdirilmişdir.

May ayında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 697-ə çatmış, 20 paylaşım edilmişdir.

O cümlədən, nmr_medeniyyet_nazirliyi adlı İnstagram səhifəsinin ümumi izləyicilərinin sayı 5 min 802 olmuş, ay ərzində səhifədə 27 paylaşım edilmişdir.

“Naxçıvan_muzeyleri” İnstagram səhifəsində ay ərzində 32 paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 766 nəfər olmuşdur.

Hesabat dövründə Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Şərq qapısı” qəzetində 11, “Nuhçıxan” İnformasiya Agentliyində 2 məqalə, rayon qəzetlərində 4 məqalə işıq üzü görmüşdür.

“El həyatı” qəzetinin 07 may tarixli nömrəsində Yusif Məmmədəliyevin Ev Muzeyinin direktoru Elvira İbrahimovanın “Yeniyetmə Yusif”, “Arazın səsi” qəzetinin 10 may tarixli nömrəsində Culfa şəhər Klubunun müdiri Aidə İbrahimovanın “Naxçıvanın qədim və zəngin xalq sənəti nümunələrindən olan bədii tikmə”, “El həyatı” qəzetinin 10 may tarixli nömrəsində Ordubad Tarix-Memarlıq Qoruğunun böyük elmi işçisi Rəsmiyyə Nağıyevanın “685 il bundan öncə”, “Arazın səsi” qəzetinin 20 may tarixli nömrəsində Culfa Rayon Mədəniyyət Şöbəsinin müdiri Pərvin Həsənovun “Muzeylərimiz ziyarət olunur” adlı məqalələri dərc olunub.

“İki Sahil” qəzetinin 09 may tarixli nömrəsində Cəmşid Naxçıvanski Muzeyinin direktoru Abasət Nuriyevin “Sələflər və Xələflər-davam edən qəhrəmanlıq dastanı-II Cahan savaşından II Qarabağ savaşına” adlı məqaləsi, 17 may tarixli nömrəsində isə Naxçıvan Dövlət Xalça Muzeyinin əməkdaşı Sevinc Səbzəliyevanın “Muzeylər şəhəri Naxçıvan” adlı məqaləsi dərc olunub.

Ay ərzində Nazirliyin tabeliyindəki müəssisələrin əməkdaşlarından  Naxçıvan Dövlət Televiziyası və Radiosunda gedən verilişlərdə 4 nəfər iştirak etmiş, 9 nəfər müsahibə vermişdir.

Naxçıvan Dövlət Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı 14 xəbər süjeti efirə getmişdir.

Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri bu ay ərzində də davam etdirilmişdir. May ayı ərzində Nazirliyə 23-ü İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 71 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara   14-ü İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 39 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Nazirliyin elektron poçt ünvanı daim diqqətdə saxlanılır. 25 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmiş, müəssisə və təşkilatlarına 14 nəfər işə qəbul edilmişdir. May ayı ərzində 1 kollegiya iclası keçirilmiş 1 məsələ müzakirə olunmuşdur.