Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 2021-ci ilin aprel ayı ərzində görülmüş işlərə dair HESABAT

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi aprel ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərman və Sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

07 aprel tarixdə Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində Nüsnüs kənd sakini tərəfindən hədiyyə olunmuş 100 ədəd maddi-mədəniyyət nümunəsinin təqdimat mərasimi keçirilmişdir.

Aprelin 8-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birgə keçirilmiş “Məktəblilərin dram müsabiqəsi”nin muxtar respublika mərhələsi, 14 -də isə yekununa həsr olunmuş tədbir və mükafatlandırma mərasimi keçirilmişdir.

Aprelin 22-də Tofiq Seyidovun rejissorluğu ilə hazırlanan “Nizaminin Sirlər Xəzinəsi” tamaşasına ictimai baxış keçirilərək istehsalata buraxılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, Nazirliyin 2020-2021-ci tədris ili üçün müvafiq Tədbirlər Planına uyğun olaraq tədbirlər keçirilmişdir.

Nazirliyin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələrinə “Xan sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində “Naxçıvan xanlığında ordu quruculuğu”, Naxçıvan Musiqi Kollecinin kitabxanaçılıq və informasiya ixtisası üzrə təhsil alan tələbələrinə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Metodika və biblioqrafiya şöbəsinin iş funksiyası”, Naxçıvan Müəllimlər İnstitutunun kitabxanaçılıq və informasiya ixtisası üzrə təhsil alan II kurs tələbələrinə A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında “Biblioqrafik təsvir, təsvirin sahələri” mövzularında 3 açıq dərs, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Naxçıvan Müəllimlər İnstitutunun kitabxanaçılıq və informasiya ixtisası üzrə təhsil alan tələbələri ilə Nikolay Ostrovskinin “Polad necə bərkidi” bioqrafik romanının müzakirəsi, NDU-nun muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələrinə “Milli-mənəvi dəyərlərimizin, tarix-mədəniyyət abidələrinin sosial şəbəkələrdə təbliğində və tanıdılmasında gənclərimizin potensialından səmərəli istifadənin yolları” mövzusunda dəyirmi masa, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Hünər Əliyev tərəfindən Naxçıvan Musiqi Kollecinin xanəndəlik ixtisası üzrə təhsil alan tələbələrinə ustad dərs keçirilmişdir.

Ay ərzində Nazirlik tərəfindən hamiliklə bağlı 3 açıq dərs, 1 kitab müzakirəsi və 1 dəyirmi masa, 1 ustad dərs olmaqla, ümumilikdə 6 tədbir keçirilmiş, eləcə də kitabxanaçılıq və informasiya ixtisası üzrə Naxçıvan Müəllimlər İnstitutunun III kurs və Naxçıvan Musiqi Kollecinin III kurs tələbələrinə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında təcrübə, Naxçıvan Müəllimlər İnstitutunun Təsviri incəsənət müəllimliyi ixtisası üzrə II kurs tələbələrinin Naxçıvan Dövlət Tarix Muzeyində praktiki dərs keçmələri təmin edilmişdir.

Ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 09 aprel 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil edilməsi üçün 2 ədəd yeni xalçanın pasportlaşdırılması ilə bağlı müvafiq iş aparılmışdır. Həmçinin, “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil olan 33 ədəd xalça haqqında naxçıvan_muzeyleri instaqram səhifəsində, Naxçıvan Dövlət Xalça Muzeyinin sosial şəbəkə hesablarında məlumatlar paylaşılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2021-ci il 22 fevral tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, C.Məmmədquluzadə adına Naçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyindən “Aşıq Ələsgər yaradıcılığı” mövzusunda interaktiv dərs, Naxçıvan şəhər və Kəngərli rayon mədəniyyət şöbələrinin tabeliyində olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin saz ixtisası üzrə müəllimlərinə Aşıq Ələsgərin yaradıcılığından bəhs edən ustad dərs keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında” 2021-ci il 05 yanvar tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmışdır. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Nizami Gəncəvinin ideal, ədalətli hökmdar konsepsiyası və insan haqları” mövzusunda dəyirmi masa keçirilmiş, Babək Rayon Xalq Teatrının Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə hazırladığı “Nizami aləminə səyahət” kompozisiyası tamaşaçılara təqdim edilmişdir. Ay ərzində Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş 12 tədbir keçirilmişdir.

“Mədəniyyətin izi ilə” Sosial Mədəniyyət Layihəsinə ay ərzində materialların qəbulu davam etmişdir.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin, müəssisə və təşkilatların muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq aid təşkilatlarla birgə 9 aprel 2021-ci il tarixdə Xan Sarayı Dövlət-Tarix Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə Ordubad şəhər 1 nömrəli tam orta məktəbi arasında, Cəlil Məmmədquluzadə  adına  Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyindən Aşıq Ələsgərin  anadan olmasının 200 illiyi münasibəti ilə AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdirinin təqdimatında 16 aprel tarixdə və “Görkəmli Azərbaycan ədibləri” mövzusunda 20 aprel tarixdə olmaqla, ümumilikdə 3 interaktiv dərs keçirilmiş, dərsləri muxtar respublikanın 200-dən çox təhsil müəssisəsi izləmişdir.

Muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması və muzey işçilərinin bütün muzeyləri tanıması məqsədilə aprel ayının 9-da Naxçıvan Dövlət Rəsm Qalereyasında “Muzeylərdə rəsm əsərlərinin qorunub saxlanması və sərgilənməsinə verilən tələblər” mövzusunda seminar-treninq keçirilmişdir.

Hesabat dövründə Heydər Əliyev Muzeyinin internet saytının yenidən hazırlanması ilə bağlı iş aparılmış, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin internet saytının hazırlanması işi davam etdirilmişdir.

Ay ərzində muzeylər tərəfindən də bir sıra işlər görülmüşdür. Naxçıvan Dövlət Rəsm Qalereyasında ümumtəhsil məktəblərinin şagirdlərinə “And yerimiz vətənim Azərbaycan” adlı muxtar respublika rəsm müsabiqəsi keçirilmiş, qaliblər diplomlarla təltif edilmişdir.

“Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” ilə əlaqədar olaraq Naxçıvan Dövlət Rəsm Qalereyası, Naxçıvan Dövlət Tarix Muzeyi, Cəmşid Naxçıvanski Muzeyi və “Xan sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində sərgilər qurulmuş, açıq dərslər keçirilmişdir.

Cəlil Məmmədquluzadənin Ev Muzeyində və Cəlil Məmmədquluzadənin Cəlilkənddə Xatirə Muzeyində “Molla Nəsrəddin” jurnalının yaranmasının 115-ci ildönümunə həsr olunmuş 2 tədbir keçirilmişdir.

Təhsil və Mədəniyyət nazirliklərinin birgə qrafikinə əsasən Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdlərinə Naxçıvan  Dövlət  Xalça Muzeyində “Xalqımızın qədim ənənəsi – Xalçaçılıq” və C.Məmmədquluzadə adına Naxçıvan  Muxtar Respublikası Ədəbiyyat Muzeyində “Oxunması zəruri olan kitabların  şagird mənəviyyatına təsiri” mövzularında 2 açıq dərs keçirilmişdir. Aprel ayında ümumtəhsil məktəblərinin şagirdləri üçün muzeylərdə, ümumilikdə, 47 açıq dərs və 2 mühazirə keçirilmişdir.

Ay ərzində muzeylərdə Nazirlik tərəfindən 2, muzeylər tərəfindən 4 tədbir keçirilmiş, 6 sərgi qurulmuşdur.

Aprel ayı ərzində muzeylərdə onlayn mədəni xidmətin göstərilməsi diqqətdə saxlanılmış, sosial şəbəkələrdəki hesablarında onlayn ekskursiyalar, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlər, muzeylərdə olan eksponatlarla bağlı məlumat və təbliğat xarakterli paylaşımlarla çıxış etmişdir.

Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş milli qəhrəmanların doğum və anım günləri münasibətilə, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə bağlı və s. mövzularda videomateriallar, slaydlar, məlumatlar hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Ay ərzində, ümumilikdə, Nazirliyin sistemində fəaliyyət göstərən muzeylər tərəfindən 189 ədəd müxtəlif məlumat, audio və video material hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Aprel ayında Nazirliyin “naxcivan_muzeyleri” İnstagram hesabında 37 ədəd məlumat xarakterli paylaşım və onlayn ekskursiya yerləşdirilmiş, səhifənin ümumi izləyicilərinin sayı 763 nəfər olmuşdur.

Dövr ərzində muzeylər tərəfindən ümumilikdə, İnstagram səhifələrində 235, Facebook hesablarında 231 paylaşım edilmişdir. Muzeylərin sosial şəbəkə hesablarının ümumi izləyicilərinin sayı İnstagram hesablarında 22 min 939, Facebook hesablarında isə 42 min 260 olmuşdur.

Hesabat dövrü ərzində muzeyləri 19 min 064 nəfər yerli, 1 min 166 nəfər əcnəbi olmaqla, ümumilikdə 20 min 230 nəfər tamaşaçı ziyarət etmiş, muzeylərə 217 ədəd yeni eksponat daxil olmuşdur.

Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində bir sıra tədbirlər keçirilmişdir.

Ay ərzində “İntellektual kitabxanaçı” bilik yaışı ilə bağlı iş aparılmışdır.

Ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan kitabların müzakirəsi diqqətdə saxlanılmışdır. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən N.Tusinin “Əxlaqi-Nasiri”, M.S.Ordubadinin “Qılınc və Qələm”, M.Şəhriyarın “Heydərbabaya salam” və s. kitab müzakirələri keçirilmişdir.

Aprel ayında kitabxanalar tərəfindən ümumilikdə, “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan 18 kitab müzakirəsi keçirilmişdir.

18-i kitabxana, 16-sı klub müəssisələrinin əməkdaşları arasında olmaqla, ümumilikdə “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan 34 kitab müzakirəsi keçirilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən Beynəlxalq Uşaq Kitabı Günü, Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü münasibətilə “Yaradıcıdan-kitaba, müəllifdən-müəlliflik hüququna”, şair Ənvər Əlibəylinin anadan olmasının 105 illiyi münasibətilə və digər tədbirlər keçirilmiş,  “Beynəlxalq Uşaq Kitabı Günü” və “Qənbər Hüseynli-105”, “Oqtay Rəcəbov-80”, “23 aprel-Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü”, “Beynəlxalq Rəqs Günü” və s. sərgilər təşkil edilmişdir.

Ay ərzində yubileylər, əlamətdar və tarixi günlərlə bağlı 30 tədbir keçirilmiş, 33 sərgi qurulmuşdur.

“Mütaliə Günü” ilə bağlı M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Mütaliə mədəniyyətinin inkişafı cəmiyyətin intellektual səviyyəsinin yüksəldilməsinə xidmət edir” adlı tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin şagirdləri ilə N.Tusinin “Əxlaqi-Nasiri” əsərinin müzakirəsi keçirilmişdir. “Mütaliə Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla ümumilikdə 10 tədbir keçirilmişdir.

“Kitabxanaçı Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Oxuculara xidmət işinin təşkili” mövzusunda müzakirə, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə “Kitab fondlarının mühafizəsi və qorunması” mövzusunda tədbir keçirilmişdir. “Kitabxanaçı Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla ümumilikdə 10 tədbir keçirilmişdir.

“Kitabxana Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə məktubu”nun müzakirəsi, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə Süleyman Hüseynovun “And” romanının müzakirəsi keçirilmişdir. “Kitabxanaçı Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir keçirilmişdir.

Aprel ayında “Nağıl Günü” ilə bağlı A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 36 tədbir keçirilmişdir.

Ay ərzində A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası 2 və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları tərəfindən 19 nəfər olmaqla, ümumilikdə, sağlamlıq imkanı məhdud 21 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.

Ay ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Sədərək Rayon MKS-nin əməkdaşları, A.Babayev adına Naxçıvan Muxtar Respublika Kitabxanasında isə Kəngərli Rayon MKS-nin uşaq şöbəsinin əməkdaşları üçün təcrübə məşğələsi keçirilmişdir.

Həmçinin M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları Şərur Rayon MKS-də, A.Babayev adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları isə Şərur Rayon MKS-nin Uşaq kitabxanasında ezamiyyədə olmuşlar.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 4 adda 32 metodiki məktub hazırlanaraq rayon (şəhər) MKS-lər, həmçinin uşaq kitabxanaları və şöbələrinə göndərilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) Mərkəzləşdirilmiş Kitabxana Sistemlərində tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar materialların hazırlanması da diqqət mərkəzində saxlanılmışdır. Ay ərzində videomateriallar, slaydlar, məlumatlar olmaqla, ümumilikdə 5 material hazırlanmış, sosial şəbəkə hesablarında 164 paylaşım edilmişdir. İzləyici sayı İnstagram səhifələrində 7 min 830, Facebook səhifələrində 10 min 166 olmuşdur.

“Nağıl Günləri” layihəsi çərçivəsində aprel ayında A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları tərəfindən ümumilikdə 2 audio nağıl hazırlanaraq sosial şəbəkə hesablarında 4 paylaşım edilmişdir.

Aprel ayında Nazirliyə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən 8 adda 60 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla 58 adda 148 nüsxə çap məhsulu daxil olmuşdur.

Ay ərzində kitabxanalarda yeni oxucu sayı 557, oxucu gəlişi 8 min 157, kitab verilişi isə 43 min 292 nüsxə olmuşdur.

Dövr ərzində elektron kataloqa 704 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 22 min 787-dən 23 min 491-ə çatdırılmışdır.

Şəbəkəyə 32 kitab (PDF) işlənmiş və ümumi sayı 3 min 338-dən 3 min 370-ə çatdırılmışdır. Ay ərzində elektron kitabxanadan 292 lokal, 523 qlobal olmaqla 815 oxucu istifadə etmişdir.

Ay ərzində kitabxanalarda 1-i onlayn olmaqla, ümumilikdə 135 tədbir keçirilmişdir.

Aprel ayında klub müəssisələrinin fəaliyyəti diqqət mərkəzində saxlanılmış, dövr ərzində əlamətdar və tarixi günlərlə, görkəmli şəxsiyyətlərlə, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması ilə bağlı işlər görülmüşdür.

“15 Aprel – Beynəlxalq Mədəniyyət Günü” ilə bağlı rayon mədəniyyət saraylarında tədbirlərin keçirilməsi nəzarətdə saxlanılmışdır. Belə ki, Babək, Ordubad və Kəngərli rayon mədəniyyət saraylarında əlamətdar günlə bağlı tədbirlər keçirilmiş, kollektivlər tərəfindən müxtəlif musiqi nömrələri səsləndirilmişdir.

Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəz tərəfindən Sədərək rayonunda fəaliyyət göstərən klub müəssisələrində çalışan əməkdaşlar üçün onlayn fəaliyyətlə bağlı seminar müşavirə keçirilmişdir.

Xalq yaradıcılığının öyrənilməsi, yaşadılması və gələcək nəsillərə çatdırılması ilə bağlı dövr ərzində mütəmadi iş aparılmışdır. Belə ki, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən 2 videomaterial hazırlanmış, bu materiallar Nazirliyin Youtube kanalında yerləşdirilmiş, sosial şəbəkələrdə paylaşılmışdır.

Aprel ayı ərzində rayon mədəniyyət sarayları, o cümlədən klub və mədəniyyət evləri tərəfindən əlamətdar və tarixi günlərlə bağlı ümumilikdə 22 tədbir keçirilmişdir.

Mədəniyyət üzrə Elmi Metodiki Mərkəz, Heydər Əliyev Sarayı, klub və mədəniyyət evlərində onlayn fəaliyyət də diqqət mərkəzində saxlanılmışdır. Yubileylər, əlamətdar və tarixi günlər, o cümlədən, klub müəssisələrində fəaliyyət göstərən musiqi, rəsm, əl işləri, bədii-qiraət dərnəklərinin rəhbərləri və istedadlı dərnək üzvlərinin bacarığını nümayiş etdirən videolar da olmaqla ümumilikdə, 29 videomaterial hazırlanmışdır. Bu materiallar Nazirliyin Youtube kanalına yerləşdirilmiş, sosial şəbəkə hesablarında paylaşılmışdır.

Dövr ərzində Heydər Əliyev Sarayı tərəfindən 3 adda 24 metodik məktub hazırlanaraq rayon (şəhər) mədəniyyət şöbələrinə göndərilmişdir.

Hesabat dövründə Naxçıvan Şəhər və rayon mədəniyyət şöbələri tərəfindən sosial şəbəkələrdə 125 paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 45 paylaşım edilmiş, 9 min 140 izləyici sayı olmuşdur. İnstagram səhifələrində edilən 80 paylaşımın 4 min 689 izləyicisi olmuşdur.

Xalq yaradıcılığının öyrənilməsi, yaşadılması və gələcək nəsillərə çatdırılması ilə bağlı dövr ərzində mütəmadi iş aparılmışdır. Belə ki, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən 2 material hazırlanaraq Nazirliyin Youtube kanalına yerləşdirilmiş, sosial şəbəkələrdə paylaşılmışdır.

Dövr ərzində Mədəniyyət üzrə Elmi Metodiki Mərkəz tərəfindən də bir sıra işlər görülmüşdür.

Aprel ayında Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən ümumilikdə, 29 material hazırlanmış, 43 paylaşım edilmişdir. Metodik Mərkəzin İnstagram izləyicilərinin sayı 614, Facebook izləyicilərinin sayı isə 567 olmuşdur.

Hesabat dövrü ərzində Metodik Mərkəz də daxil olmaqla, klub müəssisələrində 1-i onlayn olmaqla, ümumilikdə 23 tədbir keçirilmişdir.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə bağlanmış müqavilələrə əsasən aprel ayında 42 manatlıq 8 adda 9 ədəd iş satılmışdır.

Hesabat dövründə Nazirliyin tabeliyində olan Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti diqqət mərkəzində saxlanılmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı məlumatlar hazırlanaraq sosial şəbəkələrdə paylaşımlar edilmişdir.

13 aprel tarixində Babək Rayon Xalq Teatrının “Qisas qiyamətə qalmaz” adlı tamaşasının və 26 aprel tarixində Culfa Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan klub müəssisələrinin əməkdaşlarının Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzin “Məsləhətli don gen olar” ssenarisi əsasında hazırlanmış tamaşanın, həmçinin aprelin 21-də “Xalq Yaradıcılığı Günü”nün keçirilməsi ilə əlaqədar Şərur rayon Mədəniyyət Şöbəsi tərəfindən hazırlanmış nömrələrin çəkilişi həyata keçirilmişdir.

“Təhsil və mədəniyyət  müəssisələrinin  qarşılıqlı fəaliyyətinin  səmərəli təşkili ilə bağlı 2020-2021-ci tədris  ili üçün tədbirlər planı”na əsasən 23 aprel 2021-ci il tarixdə Naxçıvan Dövlət Film Fondunda Naxçıvan şəhər 2, 7 və 11 nömrəli tam orta məktəblərin şagirdlərinə “Bir qalanın sirri” bədii filminin nümayişi təşkil olunmuşdur.

Ay ərzində “Yol bir mədəniyyətdir” sosial çarx müsabiqəsi ilə bağlı işlər aparılmışdır.

Film Fond tərəfindən ay ərzində 2 tədbir keçirilmiş, 4 film nümayişi olmuş, çəkilmiş matriallarla bağlı 3 material hazırlanmışdır. Hesabat dövrü ərzində Film Fond tərəfindən İnstaqram və Facebook sosial şəbəkələri vasitəsilə görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı ümumilikdə, 89 material hazırlanmış, 178 paylaşım edilmiş və 1 min 464 izləyici sayı olmuşdur.

Həmçinin, videomateriallar hazırlanarkən müəssisə və təşkilatlara Film Fond tərəfindən mütəxəssis köməyi göstərilmiş və müxtəlif videomateriallar hazırlanaraq Nazirliyin Youtube kanalında yerləşdirilmişdir.

Ay ərzində filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi  işləri davam etdirilmişdir.

Hesabat dövründə musiqi təhsili müəssisələrində fəaliyyət günün tələbləri səviyyəsində qurulmuş, Naxçıvan Musiqi Kollecinin müəllimi Vüsal Camalov Şahbuz Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan uşaq musiqi məktəblərinin müəllim və şagirdləri üçün fortepiano ixtisası üzrə ustad dərs keçmişdir.

Ay ərzində gənclərlə iş sahəsi də diqqət mərkəzində saxlanılmış, 06 aprel tarixdə “Naxçıvan orta əsrlərdə: Tarix, mədəniyyət, ədəbiyyat”, 23 aprel tarixdə isə “Qəlbimdə iz buraxan şəxsiyyətlər” adlı tədbirlər keçirilmişdir.

29 aprel tarixdə “Yaşa və öyrən-Bahariyyə”  intellektual bilik yarışı olmuşdur. Bilik yarışına Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən Gənclər Təşkilatları ilə yanaşı ali və orta-ixtisas təhsili müəssisələrinin tələbələri də qatılmışdır.

Bundan əlavə 09 aprel tarixdə “Harmoniya” Gənclər birliyinin üzvləri arasında “Gənclərin maraq dünyasına səyahət”, 13 aprel tarixdə “Xudafərin” Gənclər birliyinin üzvləri arasında Əli Rövşən Abdullaoğlunun “Bu şəhərdə kimsə yoxdur” əsərinin onlayn müzakirəsi,  20 aprel tarixdə “Xarıbülbül” Gənclər Birliyinin üzvləri arasında İtalyan rejissor Roberto Beniginin “Həyat gözəldir” filminin onlayn müzakirəsi və “Nəqşi-cahan” Gənclər birliyinin üzvləri arasında “Şərqdən-qərbə mədəniyyət”  adlı tədbir keçirilmişdir.

Nazirliyin sisteminə daxil olan dövlət teatrları da öz fəaliyyətlərini ay ərzində davam etdirmiş, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı tərəfindən Nizaminin “Sirlər xəzinəsi” və Qoqolun “Müfəttiş”, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı Yapon xalq nağılı əsasında səhnələşdirilən “Yaxşılıq itmir”, Naxçıvan Dövlət Uşaq Teatrı isə N.Nəzərovanın “Mavi işıq” əsərləri əsasında hazırlanan tamaşaların məşqlərini davam etdirmişdir.

Aprel ayında xalq teatrları yeni tamaşalar hazırlamışdır. Aprelin 8-də Babək Rayon Xalq Teatrı Rayon Mədəniyyət Sarayında Firdovsi Səfərovun “Qisas qiyamətə qalmaz” tamaşasını, 30-da Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə hazırlanan  “Nizami aləminə səyahət” kompozisiyasını, 29-da isə Ordubad Rayon Xalq Teatrı Ordubad Rayon Mədəniyyət Sarayında İftixar Piriyevin “Qanlı qızıl toy” əsəri əsasında hazırlanan tamaşanı rayon ictimaiyyətinə təqdim etmişlər.

30 aprel 2021-ci il tarixdə Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində Muxtar Respublikanın uşaq incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri arasında rəsm müsabiqəsi keçirilmişdir.

Ötən dövr ərzində Nazirliyin saytının fəaliyyəti də diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Nazirliyin saytına 30 xəbər, 7 məqalə işlənmişdir.

Nazirliyin Youtube kanalına aprel ayında 6 (cəmi 635) videomaterial yerləşdirilmiş, bu günədək 1 min 530 abunəçi, 130 min 642 izlənmə sayı olmuşdur.

Ay ərzində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin İnstaqram və Facebook hesablarında audio və videomateriallar, slaydlar, məlumat xarakterli materiallar, Nazirlik və onun tabeliyində olan mədəniyyət və incəsənət müəssisələri tərəfindən hazırlanan layihələrin elanları, videoçarxlar və s. yerləşdirilmişdir.

Aprel ayında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 699-a çatmış, 36 paylaşım edilmişdir.

O cümlədən, nmr_medeniyyet_nazirliyi adlı İnstagram səhifəsinin ümumi izləyicilərinin sayı 5 min 733 olmuş, ay ərzində səhifədə 41 paylaşım edilmişdir. “Naxcivan_muzeyleri” İnstagram səhifəsində ay ərzində 37 paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 763 nəfər olmuşdur.

Hesabat dövründə Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Şərq qapısı” qəzetində 20, “Nuhçıxan” İnformasiya Agentliyində 1 məqalə, rayon qəzetlərində 4 məqalə işıq üzü görmüşdür.

“Nuh yurdu” qəzetinin 09 aprel tarixli nömrəsində Naxçıvan Dövlət Tarix Muzeyinin bələdçisi Lalə Babayevanın “Naxçıvan Dövlət Tarix Muzeyinin ekspozisiyasında nümayiş olunan zərgərlik sənəti inciləri”, 16 aprel tarixli nömrəsində Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru Fizzə  Quliyevanın  “Naxçıvan dünya və ölkə əhəmiyyətli abidələrlə zəngindir”, “El həyatı” qəzetinin  15 aprel tarixli nömrəsində Ordubad Tarix-Memarlıq qoruğunun direktoru Əminə Alməmmədovanın   “Hər daşın altında bir tarix yatır”,  “Oğuz yurdu” qəzetinin 17 aprel tarixli nömrəsində Sədərək Rayon MKS-nin direktoru Kəmalə Əliyevanın “Tarixi abidələri ilə Sədərək rayonu”, “TÜRKSOY” jurnalının 2021-ci il aprel buraxılışında Babək Rayon Mədəniyyət Şöbəsinin müdiri Fətəli Axundzadənin “Naxçıvan tənburu”,  Naxçıvan Dövlət Xalça Muzeyinin əməkdaşı Sevinc Səbzəliyevanın “İki Sahil” qəzetinin  16 aprel tarixli nömrəsində “Göz nurumdan ilmə-ilmə əsərim” və 27 aprel tarixli nömrəsində “Xalçaçı Günü peşə bayramı”, “Şərq qapısı” qəzetinin 28 aprel tarixli nömrəsində  Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Ülviyyə Məmmədovanın “Milli mədəni irsimizi özündə yaşadan yun kitabələrimiz”  adlı məqalələri dərc olunmuşdur.

Ay ərzində Nazirliyin tabeliyindəki müəssisələrin əməkdaşlarından 3 nəfəri Naxçıvan Dövlət Teleradiosunun efirində yayımlanan verilişlərdə iştirak etmişdir.

Naxçıvan Dövlət Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı 16 xəbər süjeti efirə getmişdir.

Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri bu ay ərzində də davam etdirilmişdir. Aprel ayı ərzində Nazirliyə 25-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 106 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 14-ü İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 77 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 79 nəfər vətəndaşın müraciətləri cavablandırılmışdır.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmiş, müəssisə və təşkilatlarına 1 nəfər işə qəbul edilmişdir

Aprel ayı ərzində 1 kollegiya iclası keçirilmiş, 2 məsələ müzakirə olunmuşdur.

 

 

Joomla 1.5