Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 2021-ci ilin birinci rübü ərzində görülmüş işlərə dair HESABAT

Çap

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi 2021-ci ilin birinci rübündə öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərman və Sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

Yanvarın 2-də Naxçıvan Dövlət Rəsm Qalereyasında Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həmzə Sadiqov və rəssam Nəsrulla Musayev tərəfindən hədiyyə olunmuş 16 ədəd rəsm əsərinin təqdimat mərasimi keçirilmişdir.

Yanvarın 22-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Cəfər Cabbarlının “Aydın”, fevralın 19-da Vaqif Səmədoğlunun “Mamoy kişinin yuxuları” pyesləri əsasında, 10 mart tarixdə isə “Milli Teatr Günü” münasibətilə Nəbi Xəzrinin “Burla Xatun” əsəri əsasında hazırlanmış eyniadlı 3 tamaşa onlayn olaraq teatrsevərlərə təqdim olunmuşdur. Bundan əlavə 23 mart tarixdə Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin, 27 mart tarixdə isə filarmoniyanın solistləri Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Ruhiyyə Hüseynova və gənc ifaçı İlkin Abdullayevin solo konsertləri təşkil olunmuşdur. Tamaşa və konsertlər Naxçıvan Dövlət Televiziyasından, Nazirliyin internet saytından və sosial şəbəkə hesablarından canlı olaraq yayımlanmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, Nazirliyin 2020-2021-ci tədris ili üçün müvafiq Tədbirlər Planına uyğun olaraq tədbirlər keçirilmişdir.

Nazirliyin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələrinə Bəhruz Kəngərli Muzeyində və “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində 2, Naxçıvan Müəllimlər İnstitutunun kitabxanaçılıq və informasiya ixtisası üzrə təhsil alan tələbələri üçün M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında, Naxçıvan Dövlət Universitetinin kitabxanaçılıq və informasiya ixtisası üzrə təhsil alan tələbələri üçün A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında  olmaqla 2 açıq dərs, Naxçıvan Dövlət Universitetinin kitabxanaçılıq və informasiya ixtisası üzrə təhsil alan I kurs tələbələri üçün Reyhan Mirzəzadənin “A.S.Qriboyedov: Şair-diplomat” kitabının müzakirəsi, Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidov tərəfindən Naxçıvan Musiqi Kollecinin bədii yaradıcılıq işi ixtisası üzrə təhsil alan tələbələrinə ustad dərslər keçirilmişdir.

Həmçinin fevral ayında Naxçıvan Dövlət Film Fondunda Naxçıvan Müəllimlər İnstitutunun tələbələrinə “Nizami Gəncəvi yaradıcılığında türkçülük” mövzusunda mühazirə keçirilmiş və “Nizami” sənədli filmi nümayiş olunmuş, mart ayında isə Naxçıvan Müəllimlər İnstitutunun tələbələrinə “Nizami” bədii filminin nümayişi təşkil olunmuşdur.

Rüb ərzində Nazirlik tərəfindən hamiliklə bağlı 4 açıq dərs, 1 ustad dərs, 1 kitab müzakirəsi, 1 mühazirə və 1 film nümayişi olmaqla, ümumilikdə 8 tədbir keçirilmiş, eləcə də Naxçıvan Müəllimlər İnstitutunun Təsviri incəsənət müəllimliyi ixtisası üzrə II kurs tələbələrinin Naxçıvan Dövlət Tarix Muzeyində praktiki dərs keçmələri təmin edilmişdir.

Dövr ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 09 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil edilməsi üçün 10 ədəd yeni xalçanın pasportlaşdırılması ilə bağlı müvafiq iş aparılmışdır. Həmçinin, “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil olan 93 ədəd xalça haqqında naxçıvan_muzeyləri instaqram səhifəsində, Naxçıvan Dövlət Xalça Muzeyinin sosial şəbəkə hesablarında məlumatlar paylaşılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2021-ci il 22 fevral tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış,  Nazirliyin müvafiq əmri ilə “Naxçıvan Musiqi Kollecində və muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində keçiriləcək Aşıq Ələsgərin yaradıcılığından bəhs edən ustad dərslərin Qrafiki” və “Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş yaradıcılıq Müsabiqəsinin Əsasnaməsi” təsdiq edilmişdir.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində  Aşıq Ələsgərə həsr edilmiş guşə zənginləşdirilmiş, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərdə kitab sərgiləri qurulmuş, Culfa və Sədərək rayon MKS-lər tərəfindən 2 tədbir keçirilmişdir.

Nazirliyin təşkilatçılığı ilə AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nuray Əliyeva tərəfindən Naxçıvan Musiqi Kollecinin tələbələrinə Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə onun yaradıcılığından bəhs edən ustad dərs keçirilmişdir.

“Mədəniyyətin izi ilə” Sosial Mədəniyyət Layihəsinə rüb ərzində materialların qəbulu davam etmişdir.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin, müəssisə və təşkilatların muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq aid təşkilatlarla birgə Xatirə Muzeyində 20 yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş “Unudulmayan tarix” başlıqlı, Bəhruz Kəngərli Muzeyində görkəmli rəssamın anadan olmasının 129-ci ildönümünə həsr olunmuş, Dövlət Bayrağı Muzeyi ilə Ordubad Rayon Nüsnüs kənd tam orta məktəbi arasında, Cəlil Məmmədquluzadənin anadan olmasının 152-ci ildönümü münasibəti ilə Cəlil Məmmədquluzadənin Ev Muzeyində “Görkəmli Azərbaycan ədibi” mövzusunda, Xatirə muzeyində “Xocalı faciəsi insanlığa qarşı cinayətdir” mövzusunda olmaqla, ümumilikdə 5 interaktiv dərs keçirilmiş, dərsləri muxtar respublikanın 200-dən çox təhsil müəssisəsi izləmişdir.

Muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması və muzey işçilərinin bütün muzeyləri tanıması məqsədilə 2021-ci ilin birinci rübü ərzində “Muzey işinin təşkilində ənənəvi və onlayn fəaliyyətin əlaqələndirilməsi, onlayn materialların hazırlanmasına verilən tələblər”, “Daxil olan sənədlərin əsas və elmi-köməkçi fonda işlənməsi qaydaları” və “Açıq dərslərin keçirilməsində Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin təcrübəsi” mövzularında olmaqla  ümumilikdə 3 seminar-treninq keçirilmişdir.

Hesabat dövründə Heydər Əliyev Muzeyinin internet saytının yenidən hazırlanması ilə bağlı iş aparılmış, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin internet saytının hazırlanması işi davam etdirilmişdir.

Rüb ərzində muzeylər tərəfindən də bir sıra işlər görülmüşdür. Belə ki, Bəhruz Kəngərlinin anadan olmasının 129-cu ildönümü, Heydər Əliyev Muzeyinin yaradılmasının 22 illiyi ilə, Şahtaxtinskilər Muzeyinin yaradılmasının 11 illiyi, Cəlil Məmmədquluzadənin anadan olmasının 152-ci ildönümü münasibətilə tədbirlər təşkil edilmişdir. Naxçıvan Dövlət Rəsm Qalereyasında tanınmış rəssam Qəhrəman Tağıyevin yaradıcılığı ilə bağlı tədbir, bahar bayramına həsr olunmuş “Baharın səsi” adlı və “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş tədbir-sərgilər keçirilmişdir. Aid muzeylər tərəfindən 20 yanvar faciəsinin 31-ci, Xocalı faciəsinin 29-cu ildönümünə, 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir və açıq dərslər keçirilmiş, sərgilər qurulmuşdur.

Təhsil və Mədəniyyət nazirliklərinin birgə qrafikinə əsasən Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdlərinə Heydər Əliyev Muzeyində “Müstəqil Azərbaycanın memarı”, Bəhruz Kəngərli Muzeyində “Gənc rəssam ömrü”, Xatirə Muzeyində “20 Yanvar - Azərbaycan xalqının qəhrəmanlıq tarixi” və “Mart hadisələri unudulmur”, Naxçıvan Dövlət Tarix Muzeyində “Xocalı soyqırımı - XX əsrin faciəsi”, Naxçıvanqala Tarix Memarlıq Muzey Kompleksində “Tariximiz yaddaşımızdır” və “Xan Sarayı” Dövlət-Tarix Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində “Naxçıvanın Muxtariyyəti Tarixi nailiyyətdir” mövzularında 7 açıq dərs keçirilmişdir. Birinci rüb ərzində ümumtəhsil məktəblərinin şagirdləri üçün muzeylərdə, ümumilikdə 151 açıq dərs və 2 mühazirə keçirilmişdir.

Rüb ərzində muzeylərdə Nazirlik tərəfindən 5, muzeylər tərəfindən 8 tədbir keçirilmiş, 22 sərgi qurulmuşdur.

Mart ayı ərzində muzeylərdə onlayn mədəni xidmətin göstərilməsi diqqətdə saxlanılmış, sosial şəbəkələrdəki hesablarında onlayn ekskursiyalar, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlər, muzeylərdə olan eksponatlarla bağlı məlumat və təbliğat xarakterli paylaşımlarla çıxış etmişdir.

Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş milli qəhrəmanların doğum və anım günləri münasibətilə, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə bağlı və s. mövzularda videomateriallar, slaydlar, məlumatlar hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Hesabat dövründə ümumilikdə, Nazirliyin sistemində fəaliyyət göstərən muzeylər tərəfindən 539 ədəd müxtəlif məlumat, audio və video material hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır. Onlardan 45-i onlayn ekskursiya olmuşdur.

Rüb ərzində Nazirliyin “naxcivan_muzeyleri” İnstagram hesabında 116 ədəd məlumat xarakterli paylaşım və onlayn ekskursiya yerləşdirilmiş, səhifənin ümumi izləyicilərinin sayı 741 nəfər olmuşdur.

Dövr ərzində muzeylər tərəfindən ümumilikdə İnstagram səhifələrində 1 min 049, Facebook hesablarında 939 paylaşım edilmişdir ki, onlardan, 45 ədədi onlayn ekskursiya, 755 ədədi məlumat xarakterli paylaşım olmuş, muzeylər tərəfindən ümumilikdə 1 min 059 material paylaşılmışdır. Muzeylərin sosial şəbəkə hesablarının ümumi izləyicilərinin sayı İnstagram hesablarında 22 min 601, Facebook hesablarında isə 40 min 642 olmuşdur.

Hesabat dövrü ərzində muzeyləri 22 min 975 nəfər yerli, 994 nəfər əcnəbi olmaqla, ümumilikdə 23 min 969 nəfər tamaşaçı ziyarət etmiş, muzeylərə 549  ədəd yeni eksponat daxil olmuşdur.

2021-ci ilin birinci rübündə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində bir sıra tədbirlər keçirilmişdir.

Dövr ərzində Nazirliyin təşkilatçılığı ilə kitabxana əməkdaşları üçün “Müəssisələrin fəaliyyəti ilə bağlı hesabat və statistik hesabatların işlənmə qaydaları” adlı seminar keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında” 2021-ci il 05 yanvar tarixli Sərəncamının icrası ilə bağlı rüb ərzində rayon (şəhər) MKS-lər də daxil olmaqla 24 tədbir keçirilmişdir ki, onlardan 1-i onlayn olmuşdur.

Yanvar-mart ayları ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan kitabların müzakirəsi diqqətdə saxlanılmışdır. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən ümumilikdə, “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan 57 kitab müzakirəsi keçirilmişdir ki, bunlardan 18-i onlayn olmuşdur.

Rüb ərzində 57-si kitabxana, 48-i klub müəssisələrinin əməkdaşları, 1-i gənclər arasında olmaqla, ümumilikdə “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan 106 kitab müzakirəsi keçirilmişdir. Bunlardan 32-i onlayn olmuşdur.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən yubileylər, əlamətdar və tarixi günlərlə bağlı 5-i onlayn olmaqla 93 tədbir keçirilmiş, 31 sərgi təşkil edilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən “Mütaliə Günü” ilə bağlı ümumilikdə 1-i onlayn olmaqla 30,  “Kitabxanaçı Günü” münasibətilə 30, “Kitabxana günü” ilə bağlı 20 tədbir keçirilmişdir.

2021-ci ilin birinci rübündə “Nağıl Günü” ilə bağlı A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 69 tədbir keçirilmişdir.

Dövr ərzində A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 9 və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları tərəfindən 67 nəfər olmaqla, ümumilikdə, sağlamlıq imkanı məhdud 76 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 11 adda 88 metodiki məktub, 2 tövsiyə ədəbiyyat siyahısı hazırlanaraq rayon (şəhər) MKS-lər, həmçinin uşaq kitabxanaları və şöbələrinə göndərilmişdir.

Yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan kitablarla bağlı video və audio materialların, audio kitabların hazırlanması işi diqqətdə saxlanılmış, siyahıya daxil olan kitablarla bağlı ümumilikdə, 38 material hazırlanmış və 76 paylaşım edilmişdir.

Həmçinin kitabxana və mədəniyyət sarayları və evlərinin əməkdaşları tərəfindən 162 şeir, hekayə və poemalardan parçalardan bədii qiraət formatlı videomateriallar və audiokitablar hazırlanmışdır. Bu materiallar Nazirliyin Youtube kanalına yerləşdirilmiş, sosial şəbəkə hesablarında paylaşılmışdır.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) Mərkəzləşdirilmiş Kitabxana Sistemlərində tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar materialların hazırlanması da diqqət mərkəzində saxlanılmışdır. Rüb ərzində videomateriallar, slaydlar, məlumatlar olmaqla, ümumilikdə 273 material hazırlanmış, sosial şəbəkə hesablarında 763 paylaşım edilmişdir. İzləyici sayı İnstagram səhifələrində 7 min 611, Facebook səhifələrində 10 min 45 olmuşdur.

“Nağıl Günləri” layihəsi çərçivəsində hesabat dövründə 8-i  M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, digərləri A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları tərəfindən olmaqla, ümumilikdə 60 audio nağıl hazırlanaraq sosial şəbəkə hesablarında 142 paylaşım edilmişdir.

Birinci rübdə Nazirliyə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən 15 adda 118 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla 196 adda 459 nüsxə çap məhsulu daxil olmuşdur.

Yanvar-mart ayları ərzində kitabxanalarda yeni oxucu sayı 1 min 920, oxucu gəlişi 29 min 186,  kitab verilişi isə 123 min 652 nüsxə olmuşdur.

Dövr ərzində elektron kataloqa 1967 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 20 min 820-dən 22 min 787-ə çatdırılmışdır.

Şəbəkəyə 141 kitab (PDF) işlənmiş və ümumi sayı 3 min 197-dən 3 min 338-ə çatdırılmışdır. Birinci rübdə elektron kitabxanadan 662 lokal, 1 min 581 qlobal olmaqla 2 min 243 oxucu istifadə etmişdir.

Rüb ərzində kitabxanalarda 38-i onlayn olmaqla, ümumilikdə 334 tədbir keçirilmişdir.

2021-ci ilin birinci rübündə klub müəssisələrinin fəaliyyəti diqqət mərkəzində saxlanılmış, əlamətdar və tarixi günlərlə, görkəmli şəxsiyyətlərlə, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması ilə bağlı işlər görülmüşdür.

Xalq yaradıcılığının öyrənilməsi, yaşadılması və gələcək nəsillərə çatdırılması ilə bağlı dövr ərzində mütəmadi iş aparılmışdır. Belə ki, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən 14, Naxçıvan Dövlət Film Fondu tərəfindən 3, rayon mədəniyyət şöbələri tərəfindən 6 olmaqla, ümumilikdə, xalq yaradıcılığı ilə bağlı 23 videomaterial hazırlanmış, bu materiallar Nazirliyin Youtube kanalında yerləşdirilmiş, sosial şəbəkələrdə paylaşılmışdır.

Yanvar-mart ayları ərzində rayon mədəniyyət sarayları, o cümlədən klub və mədəniyyət evləri tərəfindən əlamətdar və tarixi günlərlə bağlı ümumilikdə 19 tədbir keçirilmiş, 51 sərgi qurulmuşdur.

Mədəniyyət üzrə Elmi Metodiki Mərkəz, Heydər Əliyev Sarayı, klub və mədəniyyət evlərində onlayn fəaliyyət də diqqət mərkəzində saxlanılmışdır. Yubileylər, əlamətdar və tarixi günlər, o cümlədən, klub müəssisələrində fəaliyyət göstərən musiqi, rəsm, əl işləri, bədii-qiraət dərnəklərinin rəhbərləri və istedadlı dərnək üzvlərinin bacarığını nümayiş etdirən videolar da olmaqla ümumilikdə, 229 videomaterial hazırlanmışdır. Bu materiallar Nazirliyin Youtube kanalına yerləşdirilmiş, sosial şəbəkə hesablarında paylaşılmışdır.

Dövr ərzində Heydər Əliyev Sarayı tərəfindən 9 adda 72  metodik məktub, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən 5 ssenari hazırlanaraq rayon (şəhər) mədəniyyət şöbələrinə göndərilmişdir.

Hesabat dövründə Naxçıvan Şəhər və rayon mədəniyyət şöbələri tərəfindən sosial şəbəkələrdə 735 paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 268 paylaşım edilmiş, 9 min 37 izləyici sayı olmuşdur. İnstagram səhifələrində edilən 467 paylaşımın 5 min 679 izləyicisi olmuşdur.

Xalq yaradıcılığının öyrənilməsi, yaşadılması və gələcək nəsillərə çatdırılması ilə bağlı dövr ərzində mütəmadi iş aparılmışdır. Belə ki, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən 14 material hazırlanaraq Nazirliyin Youtube kanalına yerləşdirilmiş, sosial şəbəkələrdə paylaşılmışdır. Həmçinin, Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəz tərəfindən 5 ssenari hazırlanaraq müvafiq təşkilatlara göndərilmişdir.

Dövr ərzində Mədəniyyət üzrə Elmi Metodiki Mərkəz tərəfindən də bir sıra işlər görülmüşdür. Culfa və Şahbuz rayon mədəniyyət şöbələrində fəaliyyət göstərən klub müəssisələrində çalışan əməkdaşlar üçün “Klub müəssisələrinin onlayn fəaliyyəti” ilə bağlı 2 seminar-müşavirə keçirilmişdir.

Birinci rübdə Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən ümumilikdə, 129 material hazırlanmış, 193 paylaşım edilmişdir. Metodik Mərkəzin İnstagram izləyicilərinin sayı 600, Facebook izləyicilərinin sayı isə 560 olmuşdur.

Hesabat dövrü ərzində Metodik Mərkəz də daxil olmaqla, klub müəssisələrində 18-i onlayn olmaqla, ümumilikdə 72 tədbir keçirilmişdir.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə bağlanmış müqavilələrə əsasən 2021-ci ilin birinci rübündə 244,5 manatlıq 22 adda 46 ədəd iş satılmışdır.

Hesabat dövründə Nazirliyin tabeliyində olan Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti diqqət mərkəzində saxlanılmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı məlumatlar hazırlanaraq sosial şəbəkələrdə paylaşımlar edilmişdir.

Dövr ərzində “Təhsil və mədəniyyət müəssisələrinin qarşılıqlı fəaliyyətinin  səmərəli təşkili ilə bağlı 2020-2021-ci tədris ili üçün tədbirlər planı”na əsasən ümumtəhsil məktəblərinin şagirdlərinə Naxçıvan Dövlət Film Fondunda “Hüseyn xan Naxçıvanski (Qayıdış)”, Xocalı faciəsi ilə əlaqədar, “Soyqırım Bakı” sənədli filmləri olmaqla 3 film nümayişi təşkil olunmuşdur.

Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrının “Aqillər”, Naxçıvan Şəhər Xalq Teatrının “Arzum çin oldu”, Babək Rayon Xalq Teatrının “Ağlı olmadı bəli, dul qalacaq Bəndəli” adlı tamaşalarının çəkilişi həyata keçirilmişdir. Naxçıvan  Muxtar Respublikasının  Gənclər  Fonduna “Nizami” bədii və sənədli filmləri nüsxələnərək təhvil verilmiş, Naxçıvan Müəllimlər İnstitutunun tələbələrinə “Nizami” sənədli filminin nümayişi təşkil olunmuşdur.

Mart ayında “Yol bir mədəniyyətdir” adlı sosial çarx müsabiqəsi elan edilmiş və müsabiqəyə materialların qəbulu ilə bağlı iş aparılmışdır.

Film Fond tərəfindən yanvar-mart aylarında 4 tədbir keçirilmiş, 5 film nümayişi olmuş, Xalq yaradıcılığı ilə bağlı 3 və çəkilmiş materiallarla bağlı isə 21 olmaqla, ümumilikdə 24 material hazırlanmışdır. Həmçinin  sosial şəbəkə hesablarında 259 material hazırlanmış, 518 paylaşım edilmiş, 1 min 452 izləyici sayı olmuşdur.

Dövr ərzində filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.

Hesabat dövründə təhsil müəssisələri ilə iş sahəsində də müəyyən işlər görülmüşdür. Belə ki, uşaq musiqi incəsənət məktəblərində müvafiq ixtisaslar üzrə tədris aparan müəllimlər üçün xanəndəlik, balaban, tar, fortepiano və skripka ixtisasları üzrə 6 ustad dərs, həmçinin xor, solfecio, musiqi ədəbiyyatı fənni üzrə 4 metodik kurs keçilmişdir. Bundan əlavə 17 mart tarixdə AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nuray Əliyeva tərəfindən Naxçıvan Musiqi Kollecinin tələbələrinə Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə onun yaradıcılığından bəhs edən ustad dərs təşkil edilmişdir.

Hesabat dövrü ərzində gənclərlə iş sahəsi də diqqət mərkəzində saxlanılmışdır.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin 2021-ci il 12 yanvar tarixdə keçirilən kollegiya iclasında Nazirliyin yaradıcı gənclərlə iş sahəsi ilə bağlı verilən tapşırıqlarının gənclərin diqqətinə çatdırılması və yeni fəaliyyət ilində qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə 2021-ci il 13 və 15 yanvar tarixlərdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində gənclərin ümumi yığıncağı keçirilmiş, mövcud birliklərin bazasında 5 yeni gənclər birliyi, 3 gənclərdən ibarət musiqili ansambl, 1 gənc qızlardan ibarət musiqili ansambl, 1 folklor qrupu və 1 şən və hazırcavablar klubu yaradılmışdır.

Yanvar ayının ikinci yarısından etibarən yeni yaradılan Gənclər birliklərinin fəaliyyəti bərpa olunmuş, tədbirlər ənənəvi və onlayn şəkildə davam etdirilmişdir. Onlayn tədbirlərə film və kitab müzakirələri, maarifləndirici tədbirlər və intellektual bilik yarışları daxildir. Belə ki, gənclər arasında “Şərikli çörək”, “Nefes”, “Pianist”, “Yarımçıq xatirələr” adlı film müzakirələri təşkil olunmuş, “Səmərqənd” və “Bülbülü öldürmək” kitablarının müzakirələri keçirilmişdir. “II Qarabağ müharibəsi”, “Şahbuz rayonu ərazisində yerləşən tarixi abidələr”, “Azərbaycan mədəniyyətinin təbliğində gənclərin rolu”, “Türk mifoloji təqvimində Xıdır Nəbi mərasimi”, “Sirlər Xəzinəsinə səyahət”, “Toğrul Nərimanbəyovun həyat və yaradıcılığı”, “Tükənən Nəfəsdən Başlanan Vətən”, “Milli dəyərlərimizin tarixinə səyahət”, “Novruz adət-ənənələri”, “31 Mart Azərbaycanlıların soyqırım günüdür” adlı maarifləndirici söhbətlər və onlayn tədbirlər təşkil olunmuşdur. Qeyd olunanlarla yanaşı Nazirliyin Gənclər Təşkilatının üzvləri arasında “Film dünyasına səyahət”, “Qədim dövr mədəniyyət nümunələri” adlı tədbirlər keçirilmiş və iki onlayn bilik yarışı təşkil olunmuşdur. Hesabat dövrü ərzində Naxçıvan Musiqi Kollecinin Tələbə Gənclər Təşkilatının üzvləri arasında “Sirlər xəzinəsi” əsərinin müzakirəsi, “Milli rəqs musiqimizi öyrənirik” başlıqlı lektoriya keçirilmiş, tələbələrə “Dəli Kür” filmi nümayiş etdirilmişdir.

Nazirliyin sisteminə daxil olan dövlət teatrları da öz fəaliyyətlərini davam etdirmiş, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı tərəfindən Nizaminin “Sirlər xəzinəsi” və V.Səmədoğlunun “Mamoy kişinin yuxuları”, Nəbi Xəzrinin “Burla Xatın”, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı Yapon xalq nağılı əsasında səhnələşdirilən “Yaxşılıq itmir”, Naxçıvan Dövlət Uşaq Teatrı isə N.Nəzərovanın “Mavi işıq” əsərləri əsasında hazırlanan tamaşaların məşqlərini davam etdirmişdir.

Yanvarın 14-də Şərur Rayon Şəhriyar Kənd Uşaq Musiqi Məktəbinin yeni binası istifadəyə verilmişdir. Yanvar və fevral aylarında yeni istifadəyə verilmiş Şərur rayon Şəhriyar, Ordubad rayon Nüsnüs və Yuxarı Əndəmic kənd mərkəzlərində kənd kitabxana filiallarının, Şəhriyar və Nüsnüs kənd mədəniyyət evlərinin, Əndəmic Kənd Klubunun fəaliyyəti üçün müasir iş şəraiti yaradılmışdır.

Ötən dövr ərzində Nazirliyin saytının fəaliyyəti də diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Nazirliyin saytına 46 xəbər, 17 məqalə işlənmişdir.

Nazirliyin Youtube kanalına birinci rübdə 66 (cəmi 629) videomaterial yerləşdirilmiş, bu günədək 1 min 460 abunəçi, 119 min 613 izlənmə sayı olmuşdur.

Yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin İnstaqram və Facebook hesablarında audio və videomateriallar, slaydlar, məlumat xarakterli materiallar, Nazirlik və onun tabeliyində olan mədəniyyət və incəsənət müəssisələri tərəfindən hazırlanan layihələrin elanları, videoçarxlar və s. yerləşdirilmişdir.

Bu dövrdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 686-a çatmış, 93 paylaşım edilmişdir.

O cümlədən, nmr_medeniyyet_nazirliyi adlı İnstagram səhifəsinin ümumi izləyicilərinin sayı 5 min 624  olmuş, səhifədə 104 paylaşım edilmişdir. “Naxcivan_muzeyleri” İnstagram səhifəsində 116 paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 741 nəfər olmuşdur.

Hesabat dövründə “Şərq qapısı” qəzetində 24, “Nuhçıxan” İnformasiya Agentliyində 9 xəbər, rayon qəzetlərində 6 məqalə işıq üzü görmüşdür. Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmiş 7 məqalə mətbuatda dərc olunmuşdur. Belə ki, Qıvraq Qəsəbə Kitabxana Filialının müdiri Gülnurə Abbasovanın “Yeni həyat” qəzetinin 2021-ci il 13 fevral tarixli nömrəsində “Qocaman oxucumuzun mütaliə sevgisi”,  Naxçıvan Dövlət Tarix Muzeyinin baş elmi işçisi Nərminə Allahverdiyevanın “525-ci qəzet”in 2021-ci il 23 fevral tarixli nömrəsində “Xocalı – ovudulmaz və unudulmaz yaramız”, “Nuh yurdu” qəzetinin 2021-ci il 27 fevral tarixli nömrəsində “Xocalını unutmadıq, unutmarıq”  və 06 mart tarixli nömrəsində “Cənnət anaların ayaqları altındadır”, “Arazın səsi” qəzetinin 06 mart tarixli nömrəsində  Culfa Rayon Mədəniyyət Şöbəsinin müdiri Pərvin Həsənovun “Qədim el sənətimiz - xalçaçılıq inkişaf etdirilir”, “Şərqin səhəri” qəzetinin 20 mart tarixli nömrəsində Babək Rayon Mədəniyyət Şöbəsinin müdiri Fətəli Axundzadənin “Tarixdən gələn səs - qaval daşı”, Türkiyə Kültür, Dil və Ədəbiyyat Dərnəyinin “OTAĞ” dərgisinin “Qarabağ Azərbaycandır” adlı 2021-ci il mart buraxılışında Məmməd Araz Muzeyinin direktoru Əzizə Süleymanovanın “Şarkılar, şiirlər: Gülümseten zafer” adlı məqalələri dərc olunmuşdur.

Dövr ərzində Nazirliyin və tabeliyindəki müəssisələrin əməkdaşlarından 18 nəfəri Naxçıvan Dövlət Teleradiosunun efirində yayımlanan verilişlərdə iştirak etmiş, 19 nəfər Naxçıvan Dövlət Televiziya və Radiosunda müsahibə vermişdir.

Naxçıvan Dövlət Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı 27 xəbər süjeti efirə getmişdir.

Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri rüb ərzində davam etdirilmişdir. I rüb ərzində Nazirliyə 34-ü İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 92 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 24-ü İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 122 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Vətəndaşların müraciətləri də daim nəzarətdə saxlanılmış, Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 142 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmiş, müəssisə və təşkilatlara 31 nəfər işə qəbul edilmişdir.

2021-ci ilin birinci rübündə 3 kollegiya iclası keçirilmiş 3 məsələ müzakirə olunmuşdur.