Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 2021-ci ilin mart ayı ərzində görülmüş işlərə dair HESABAT

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi mart ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərman və Sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

10 mart tarixdə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Milli Teatr Günü” münasibətilə Nəbi Xəzrinin “Burla Xatun” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa, 23 mart tarixdə Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin, 27 mart tarixdə isə filarmoniyanın solistləri Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Ruhiyyə Hüseynova və gənc ifaçı İlkin Abdullayevin solo konsertləri onlayn formatda tamaşaçılara təqdim olunmuş, tamaşa və konsertlər Naxçıvan Dövlət Televiziyasından, Nazirliyin internet saytından və sosial şəbəkə hesablarından canlı olaraq yayımlanmışdır.

Martın 13-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birgə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Təhsil Nazirliyinə birbaşa tabe məktəbdənkənar təhsil müəssisələrinin dram müsabiqəsinin Naxçıvan şəhər mərhələsi keçirilmiş, qaliblər mükafatlandırılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, Nazirliyin 2020-2021-ci tədris ili üçün müvafiq Tədbirlər Planına uyğun olaraq tədbirlər keçirilmişdir.

Nazirliyin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələrinə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Tarix və memarlıq abidələri milli sərvətimizdir” və Naxçıvan Dövlət Universitetinin kitabxanaçılıq və informasiya ixtisası üzrə təhsil alan tələbələri üçün A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında “Uşaq kitabxanalarında kataloqların növləri və təşkili qaydaları” mövzularında 2 açıq dərs, Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidov tərəfindən Naxçıvan Musiqi Kollecinin bədii yaradıcılıq işi ixtisası üzrə təhsil alan tələbələrinə ustad dərs keçirilmiş, Naxçıvan Müəllimlər İnstitutunun tələbələrinə “Nizami” sənədli filminin nümayişi təşkil olunmuşdur.

Ay ərzində Nazirlik tərəfindən hamiliklə bağlı 2 açıq dərs, 1 ustad dərs və 1 film nümayişi olmaqla, ümumilikdə 4 tədbir keçirilmiş, eləcə də Naxçıvan Müəllimlər İnstitutunun Təsviri incəsənət müəllimliyi ixtisası üzrə II kurs tələbələrinin Naxçıvan Dövlət Tarix Muzeyində praktiki dərs keçmələri təmin edilmişdir.

Ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 09 aprel 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil edilməsi üçün 3 ədəd yeni xalçanın pasportlaşdırılması ilə bağlı müvafiq iş aparılmışdır. Həmçinin, “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil olan 29 ədəd xalça haqqında naxçıvan_muzeyleri instaqram səhifəsində, Naxçıvan Dövlət Xalça Muzeyinin sosial şəbəkə hesablarında məlumatlar paylaşılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2021-ci il 22 fevral tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, Nazirliyin müvafiq əmri ilə “Naxçıvan Musiqi Kollecində və muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində keçiriləcək Aşıq Ələsgərin yaradıcılığından bəhs edən ustad dərslərin Qrafiki” və “Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş yaradıcılıq Müsabiqəsinin Əsasnaməsi” təsdiq edilmişdir.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində Aşıq Ələsgərə həsr edilmiş guşə zənginləşdirilmiş, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərdə kitab sərgiləri qurulmuş, Culfa və Sədərək rayon MKS-lər tərəfindən 2 tədbir keçirilmişdir.

Nazirliyin təşkilatçılığı ilə AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nuray Əliyeva tərəfindən Naxçıvan Musiqi Kollecinin tələbələrinə Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə onun yaradıcılığından bəhs edən ustad dərs keçirilmişdir.

“Mədəniyyətin izi ilə” Sosial Mədəniyyət Layihəsinə ay ərzində materialların qəbulu davam etmişdir.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin, müəssisə və təşkilatların muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması və muzey işçilərinin bütün muzeyləri tanıması məqsədilə martın 11-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində “Açıq dərslərin keçirilməsində Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin təcrübəsi” mövzusunda seminar-treninq keçirilmişdir.

Hesabat dövründə Heydər Əliyev Muzeyinin internet saytının yenidən hazırlanması ilə bağlı iş aparılmış, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin internet saytının hazırlanması işi davam etdirilmişdir.

Ay ərzində muzeylər tərəfindən də bir sıra işlər görülmüşdür. 12 mart tarixdə Naxçıvan Dövlət Rəsm Qalereyasında bahar bayramına həsr olunmuş “Baharın səsi” adlı, 19 mart tarixdə isə “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş tədbir-sərgilər keçirilmişdir.

Təhsil və Mədəniyyət nazirliklərinin birgə qrafikinə əsasən Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdlərinə 9 mart tarixdə Naxçıvanqala Tarix Memarlıq Kompleksində “Tariximiz yaddaşımızdır” və 16 mart tarixdə “Xan Sarayı” Dövlət-Tarix Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində “Naxçıvanın Muxtariyyəti tarixi nailiyyətdir” mövzularında 2 açıq dərs keçirilmişdir. Mart ayında ümumtəhsil məktəblərinin şagirdləri üçün muzeylərdə, ümumilikdə, 46 açıq dərs və 1 mühazirə keçirilmişdir.

Ay ərzində muzeylərdə Nazirlik tərəfindən 2, muzeylər tərəfindən 2 tədbir keçirilmiş, 6 sərgi qurulmuşdur.

Mart ayı ərzində muzeylərdə onlayn mədəni xidmətin göstərilməsi diqqətdə saxlanılmış, sosial şəbəkələrdəki hesablarında onlayn ekskursiyalar, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlər, muzeylərdə olan eksponatlarla bağlı məlumat və təbliğat xarakterli paylaşımlarla çıxış etmişdir.

Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş milli qəhrəmanların doğum və anım günləri münasibətilə, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə bağlı və s. mövzularda videomateriallar, slaydlar, məlumatlar hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Ay ərzində, ümumilikdə, Nazirliyin sistemində fəaliyyət göstərən muzeylər tərəfindən 6-sı onlayn ekskursiya olmaqla 107 ədəd müxtəlif məlumat, audio və video material hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Mart ayında Nazirliyin “naxcivan_muzeyleri” İnstagram hesabında 38 ədəd məlumat xarakterli paylaşım və onlayn ekskursiya yerləşdirilmiş, səhifənin ümumi izləyicilərinin sayı 741 nəfər olmuşdur.

Dövr ərzində muzeylər tərəfindən ümumilikdə, İnstagram səhifələrində 191, Facebook hesablarında 185 paylaşım edilmişdir ki, onlardan 6-sı onlayn ekskursiya, 101 ədədi məlumat xarakterli paylaşım olmuş, muzeylər tərəfindən ümumilikdə, 191 material paylaşılmışdır. Muzeylərin sosial şəbəkə hesablarının ümumi izləyicilərinin sayı İnstagram hesablarında 22 min 601, Facebook hesablarında isə 40 min 642 olmuşdur.

Hesabat dövrü ərzində muzeyləri 8 min 058 nəfər yerli, 668 nəfər əcnəbi olmaqla, ümumilikdə 8 min 726 nəfər tamaşaçı ziyarət etmiş, muzeylərə 227 ədəd yeni eksponat daxil olmuşdur.

Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində bir sıra tədbirlər keçirilmişdir.

Mart ayında Nazirliyin təşkilatçılığı ilə kitabxana əməkdaşları üçün “Müəssisələrin fəaliyyəti ilə bağlı hesabat və statistik hesabatların işlənmə qaydaları” adlı seminar keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında” 2021-ci il 05 yanvar tarixli Sərəncamının icrası ilə bağlı ay ərzində rayon (şəhər) MKS-lər də daxil olmaqla 5 tədbir keçirilmişdir.

Ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan kitabların müzakirəsi diqqətdə saxlanılmışdır. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən Teodor Drayzerin “Dahi”, Elçinin “Baş” romanı, Nizami Gəncəvinin “Sirlər xəzinəsi”, “Mister Hemferin xatirələri” və s. kitab müzakirələri keçirilmişdir.

Mart ayında kitabxanalar tərəfindən ümumilikdə, “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan 18 kitab müzakirəsi keçirilmişdir ki, bunlardan 1-i onlayn olmuşdur.

18-i kitabxana, 16-sı klub müəssisələrinin əməkdaşları arasında olmaqla, ümumilikdə “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan 34 kitab müzakirəsi keçirilmişdir. Bunlardan 2-si onlayn olmuşdur.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən “31 Mart- Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar “Yaddaşlardan silinməyən izlər”, xalq şairi Süleyman Rüstəmin anadan olmasının 115 illiyi, görkəmli şair Əli Kərimin anadan olmasının 90 illiyi, xalq şairi Səməd Vurğunun anadan olmasının 115 illiyi münasibətilə tədbirlər, şairə Hökümə Billurinin anadan olmasının 95 illiyi münasibətilə biblioqrafik icmal keçirilmiş, “Səməd Vurğun-115” və “Cabbar Qaryağdıoğlu-160” adlı sərgilər təşkil edilmişdir.

Ay ərzində yubileylər, əlamətdar və tarixi günlərlə bağlı 17 tədbir keçirilmiş, 31 sərgi qurulmuşdur.

“Mütaliə Günü” ilə bağlı M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Dünyagörüşün və bilik dairəsinin genişlənməsində mütaliənin rolu” adlı tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin şagirdləri ilə Elçinin “Baş” romanının müzakirəsi keçirilmişdir. “Mütaliə Günü” ilə bağlı M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən ümumilikdə 10 tədbir keçirilmişdir.

“Kitabxanaçı Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Kitabxana fondunun düzülüşü” mövzusunda müzakirə, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə “Ədəbiyyatların komplektləşdirilməsi qaydaları” mövzusunda tədbir keçirilmişdir. “Kitabxanaçı Günü” ilə bağlı M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən ümumilikdə 10 tədbir keçirilmişdir.

Mart ayında “Nağıl Günü” ilə bağlı A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 35 tədbir keçirilmişdir.

Ay ərzində A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası 3 və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları tərəfindən 23 nəfər olmaqla, ümumilikdə, sağlamlıq imkanı məhdud 26 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 3 adda 24 metodiki məktub hazırlanaraq rayon (şəhər) MKS-lər, həmçinin uşaq kitabxanaları və şöbələrinə göndərilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) Mərkəzləşdirilmiş Kitabxana Sistemlərində tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar materialların hazırlanması da diqqət mərkəzində saxlanılmışdır. Ay ərzində videomateriallar, slaydlar, məlumatlar olmaqla, ümumilikdə 1 material hazırlanmış, sosial şəbəkə hesablarında 166 paylaşım edilmişdir. İzləyici sayı İnstagram səhifələrində 7 min 611, Facebook səhifələrində 10 min 45 olmuşdur.

“Nağıl Günləri” layihəsi çərçivəsində mart ayında A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları tərəfindən ümumilikdə 1 audio nağıl hazırlanaraq sosial şəbəkə hesablarında 2 paylaşım edilmişdir.

Mart ayında Nazirliyə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən 3 adda 5 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla 71 adda 125 nüsxə çap məhsulu daxil olmuşdur.

Ay ərzində kitabxanalarda yeni oxucu sayı 654, oxucu gəlişi 6 min 992, kitab verilişi isə 35 min 835 nüsxə olmuşdur.

Dövr ərzində elektron kataloqa 600 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 22 min 187-dən 22 min 787-ə çatdırılmışdır.

Şəbəkəyə 32 kitab (PDF) işlənmiş və ümumi sayı 3 min 306-dan 3 min 338-ə çatdırılmışdır. Ay ərzində elektron kitabxanadan 123 lokal, 451 qlobal olmaqla 574 oxucu istifadə etmişdir.

Ay ərzində kitabxanalarda 3-ü onlayn olmaqla, ümumilikdə 99 tədbir keçirilmişdir.

Mart ayında klub müəssisələrinin fəaliyyəti diqqət mərkəzində saxlanılmış, dövr ərzində əlamətdar və tarixi günlərlə, görkəmli şəxsiyyətlərlə, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması ilə bağlı işlər görülmüşdür.

Xalq yaradıcılığının öyrənilməsi, yaşadılması və gələcək nəsillərə çatdırılması ilə bağlı dövr ərzində mütəmadi iş aparılmışdır. Belə ki, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən 5, Naxçıvan Dövlət Film Fondu tərəfindən 1, rayon mədəniyyət şöbələri tərəfindən 2 olmaqla, ümumilikdə, xalq yaradıcılığı ilə bağlı 8 videomaterial hazırlanmış, bu materiallar Nazirliyin Youtube kanalında yerləşdirilmiş, sosial şəbəkələrdə paylaşılmışdır.

Mart ayı ərzində rayon mədəniyyət sarayları, o cümlədən klub və mədəniyyət evləri tərəfindən əlamətdar və tarixi günlərlə bağlı ümumilikdə 5 tədbir keçirilmiş, 17 sərgi qurulmuşdur.

Mədəniyyət üzrə Elmi Metodiki Mərkəz, Heydər Əliyev Sarayı, klub və mədəniyyət evlərində onlayn fəaliyyət də diqqət mərkəzində saxlanılmışdır. Yubileylər, əlamətdar və tarixi günlər, o cümlədən, klub müəssisələrində fəaliyyət göstərən musiqi, rəsm, əl işləri, bədii-qiraət dərnəklərinin rəhbərləri və istedadlı dərnək üzvlərinin bacarığını nümayiş etdirən videolar da olmaqla ümumilikdə, 7 videomaterial hazırlanmışdır. Bu materiallar Nazirliyin Youtube kanalına yerləşdirilmiş, sosial şəbəkə hesablarında paylaşılmışdır.

Dövr ərzində Heydər Əliyev Sarayı tərəfindən 3 adda 24 metodik məktub hazırlanaraq rayon (şəhər) mədəniyyət şöbələrinə göndərilmişdir.

Hesabat dövründə Naxçıvan Şəhər və rayon mədəniyyət şöbələri tərəfindən sosial şəbəkələrdə 97 paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 44 paylaşım edilmiş, 9 min 037 izləyici sayı olmuşdur. İnstagram səhifələrində edilən 53 paylaşımın 5 min 679 izləyicisi olmuşdur.

Xalq yaradıcılığının öyrənilməsi, yaşadılması və gələcək nəsillərə çatdırılması ilə bağlı dövr ərzində mütəmadi iş aparılmışdır. Belə ki, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən 5 material hazırlanaraq Nazirliyin Youtube kanalına yerləşdirilmiş, sosial şəbəkələrdə paylaşılmışdır.

Dövr ərzində Mədəniyyət üzrə Elmi Metodiki Mərkəz tərəfindən də bir sıra işlər görülmüşdür.

Mart ayında Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən ümumilikdə, 5 material hazırlanmış, 16 paylaşım edilmişdir. Metodik Mərkəzin İnstagram izləyicilərinin sayı 600, Facebook izləyicilərinin sayı isə 560 olmuşdur.

Hesabat dövrü ərzində Metodik Mərkəz də daxil olmaqla, klub müəssisələrində 1-i onlayn olmaqla, ümumilikdə 23 tədbir keçirilmişdir.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə bağlanmış müqavilələrə əsasən mart ayında 244,5 manatlıq 22 adda 46 ədəd iş satılmışdır.

Hesabat dövründə Nazirliyin tabeliyində olan Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti diqqət mərkəzində saxlanılmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı məlumatlar hazırlanaraq sosial şəbəkələrdə paylaşımlar edilmişdir.

03 mart tarixdə Naxçıvan Şəhər Xalq Teatrının “Arzum çin oldu”, 05 mart tarixdə isə Babək Rayon Xalq Teatrının “Ağlı olmadı bəli, dul qalacaq Bəndəli” adlı tamaşasının çəkilişləri həyata keçirilmişdir.

Ay ərzində “Yol bir mədəniyyətdir” sosial çarx müsabiqəsi ilə bağlı işlər aparılmışdır.

Film Fond tərəfindən ay ərzində 2 tədbir keçirilmiş, 2 film nümayişi olmuş, 1-i Xalq yaradıcılığı ilə bağlı olmaqla, ümumilikdə 12 material hazırlanmışdır. Hesabat dövrü ərzində Film Fond tərəfindən İnstaqram və Facebook sosial şəbəkələri vasitəsilə görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı ümumilikdə, 89 material hazırlanmış, 178 paylaşım edilmiş və 1 min 452 izləyici sayı olmuşdur.

Həmçinin, videomateriallar hazırlanarkən müəssisə və təşkilatlara Film Fond tərəfindən mütəxəssis köməyi göstərilmiş və müxtəlif videomateriallar hazırlanaraq Nazirliyin Youtube kanalında yerləşdirilmişdir.

Ay ərzində filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi  işləri davam etdirilmişdir.

Hesabat dövründə musiqi təhsili müəssisələrində fəaliyyət günün tələbləri səviyyəsində qurulmuş, 3 mart tarixdə Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Samirə Hüseynova tərəfindən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin müəllimlərinə solfecio və musiqi ədəbiyyatı fənləri üzrə metodiki kurs, 16 mart tarixdə Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Qasım Bağırov tərəfindən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin balaban ixtisası üzrə müəllimlərinə, 18 mart tarixdə isə Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi İlahə Əliyeva tərəfindən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin skripka ixtisası üzrə tədris aparan müəllimlərinə ustad dərslər keçirilmişdir. Bundan əlavə 17 mart tarixdə AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nuray Əliyeva tərəfindən Naxçıvan Musiqi Kollecinin tələbələrinə Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə onun yaradıcılığından bəhs edən ustad dərs təşkil edilmişdir. Ümumilikdə  ay ərzində 4 ustad dərs keçirilmişdir.

Ay ərzində gənclərlə iş sahəsi də diqqət mərkəzində saxlanılmış, onların asudə vaxtlarının səmərəli təşkili, dünyagörüşlərinin artırılması məqsədi ilə tədbirlər təşkil edilmişdir.

18 mart tarixdə Nazirliyin Gənclər Təşkilatının üzvləri arasında M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Qədim dövr mədəniyyət nümunələri” adlı tədbir keçirilmişdir.

Gənclər birlikləri də mart ayı ərzində bir sıra tədbirlər keçirmişdir. Belə ki, Gənclər birliyinin üzvləri arasında “Milli dəyərlərimizin tarixinə səyahət”, “Novruz adət-ənənələri”, “31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” adlı onlayn maarifləndirici tədbirlər keçirilmişdir. Bundan əlavə Gənclər Birliklərinin üzvləri arasında “Pianist”, “Yarımçıq xatirələr” filmlərinin onlayn müzakirələri də keçirilmişdir.

Naxçıvan Musiqi Kollecinin Tələbə Gənclər Təşkilatının üzvləri arasında 04 mart tarixində “Milli rəqs musiqimizi öyrənirik” başlığı altında lektoriya təşkil olunmuş, 15 mart tarixdə isə tələbələr üçün “Dəli Kür” filmi nümayiş etdirilmişdir.

Nazirliyin sisteminə daxil olan dövlət teatrları da öz fəaliyyətlərini ay ərzində davam etdirmiş, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı tərəfindən Xaqani Əliyevin “Burla xatun” əsərinin məşqləri aparılmış, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı Yapon xalq nağılı əsasında səhnələşdirilən “Yaxşılıq itmir”, Naxçıvan Dövlət Uşaq Teatrı isə N.Nəzərovanın “Mavi işıq” əsərləri əsasında hazırlanan tamaşaların məşqlərini davam etdirmişdir.

Ötən dövr ərzində Nazirliyin saytının fəaliyyəti də diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Nazirliyin saytına 13 xəbər, 5 məqalə işlənmişdir.

Nazirliyin Youtube kanalına mart ayında 3 (cəmi 629) videomaterial yerləşdirilmiş, bu günədək 1 min 460 abunəçi, 119 min 613 izlənmə sayı olmuşdur.

Ay ərzində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin İnstaqram və Facebook hesablarında audio və videomateriallar, slaydlar, məlumat xarakterli materiallar, Nazirlik və onun tabeliyində olan mədəniyyət və incəsənət müəssisələri tərəfindən hazırlanan layihələrin elanları, videoçarxlar və s. yerləşdirilmişdir.

Mart ayında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 686-ya çatmış, 24 paylaşım edilmişdir.

O cümlədən, nmr_medeniyyet_nazirliyi adlı İnstagram səhifəsinin ümumi izləyicilərinin sayı 5 min 624 olmuş, ay ərzində səhifədə 33 paylaşım edilmişdir. “Naxcivan_muzeyleri” İnstagram səhifəsində ay ərzində 38 paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 741 nəfər olmuşdur.

Hesabat dövründə Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Şərq qapısı” qəzetində 10, “Nuhçıxan” İnformasiya Agentliyində 4 xəbər, rayon qəzetlərində 3 məqalə işıq üzü görmüşdür. “Nuh yurdu” qəzetinin 06 mart tarixli nömrəsində  Naxçıvan Dövlət Tarix Muzeyinin baş elmi işçisi Nərminə Allahverdiyevanın “Cənnət anaların ayaqları altındadır”, “Arazın səsi” qəzetinin 06 mart tarixli nömrəsində  Culfa Rayon Mədəniyyət Şöbəsinin müdiri Pərvin Həsənovun “Qədim el sənətimiz-xalçaçılıq inkişaf etdirilir”, “Şərqin səhəri” qəzetinin 20 mart tarixli nömrəsində  Babək Rayon Mədəniyyət Şöbəsinin müdiri Fətəli Axundzadənin “Tarixdən gələn səs - qaval daşı”, Türkiyə Kültür, Dil və Ədəbiyyat dərnəyinin “OTAĞ” dərgisinin “Qarabağ Azərbaycandır” adlı mart buraxılışında Məmməd Araz Muzeyinin direktoru Əzizə Süleymanovanın “Şarkılar, şiirlər: Gülümseten zafer” adlı məqalələri dərc olunmuşdur.

Ay ərzində Nazirliyin tabeliyindəki müəssisələrin əməkdaşlarından 7 nəfəri Naxçıvan Dövlət Teleradiosunun efirində yayımlanan verilişlərdə iştirak etmiş, 10 nəfər Naxçıvan Dövlət Teleradiosuna müsahibə vermişdir.

Naxçıvan Dövlət Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı 12 xəbər süjeti efirə getmişdir.

Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri bu ay ərzində də davam etdirilmişdir. Mart ayı ərzində Nazirliyə 7-si İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 33 ədəd sənəd daxil olmuş,  müəssisə  və  təşkilatlara 11-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 39 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 29 nəfər vətəndaşın müraciətləri cavablandırılmışdır.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmiş, müəssisə və təşkilatlarına 2 nəfər işə qəbul edilmişdir.

Joomla 1.5