Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 2021-ci ilin yanvar ayı ərzində görülmüş işlərə dair HESABAT

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi yanvar ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

Bu dövrdə Nazirlik tərəfindən pandemiya ilə əlaqəli xüsusi qaydalara ciddi riayət edilməklə tədbirlərin keçirilməsi diqqətdə saxlanılmışdır.

21 yanvarda Naxçıvan Dövlət Rəsm Qalereyasında Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həmzə Sadiqov və rəssam Nəsrulla Musayev tərəfindən hədiyyə olunmuş 16 ədəd rəsm əsərinin təqdimat mərasimi keçirilmişdir.

Yanvarın 22-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Cəfər Cabbarlının “Aydın” pyesi əsasında hazırlanan eyniadlı tamaşa canlı olaraq teatrsevərlərə təqdim edilmişdir. Keçirilən tamaşa Naxçıvan Dövlət Televiziyasında və onun internet resurslarında, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin rəsmi internet saytında və sosial şəbəkə hesablarında canlı olaraq yayımlanmışdır.

Ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 09 aprel 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil edilməsi üçün 5 ədəd yeni xalçanın pasportlaşdırılması ilə bağlı müvafiq iş aparılmışdır. Həmçinin, “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil olan 22 ədəd xalça haqqında məlumatlar Nazirliyin sosial şəbəkə hesablarında, “naxcivan_muzeyleri” İnstaqram səhifəsində və Naxçıvan Dövlət Xalça Muzeyinin Facebook və İnstaqram səhifələrində paylaşılmışdır.

2020-ci ildə həyata keçirilən “Mədəniyyətin izi ilə” Sosial Mədəniyyət Layihəsinə 2021-ci ildə yenidən start verilmişdir.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin, müəssisə və təşkilatların muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq aid təşkilatlarla birgə 19 yanvarda Xatirə Muzeyində 20 yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş “Unudulmayan tarix” mövzusunda, 22 yanvarda Bəhruz Kəngərli Muzeyində görkəmli rəssamın anadan olmasının 129-ci ildönümünə həsr olunmuş “Görkəmli rəssamın sənət dünyası” mövzusunda interaktiv dərs keçirilmiş, dərsləri muxtar respublikanın 200-dən çox təhsil müəssisəsi izləmişdir.

Muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması və muzey işçilərinin bütün muzeyləri tanıması məqsədilə yanvarın 13-də Cəlil Məmmədquluzadənin Ev Muzeyində muzey əməkdaşları üçün “Muzey işinin təşkilində ənənəvi və onlayn fəaliyyətin əlaqələndirilməsi, onlayn materialların hazırlanmasına verilən tələblər” mövzusunda seminar treninq keçirilmişdir.

Hesabat dövründə Heydər Əliyev Muzeyinin internet saytının yenidən hazırlanması ilə bağlı iş aparılmış, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin internet saytının hazırlanması işi davam etdirilmişdir.

Ay ərzində muzeylər tərəfindən bir sıra işlər görülmüşdür. Bəhruz Kəngərlinin anadan olmasının 129-cu ildönümü münasibətilə Bəhruz Kəngərli Muzeyində “Tarix yaradan rəssam” adlı tədbir keçirilmişdir.

Təhsil və Mədəniyyət nazirliklərinin birgə qrafikinə əsasən Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdlərinə 5 yanvar tarixində Heydər Əliyev Muzeyində “Müstəqil Azərbaycanın memarı”, 19 yanvarda Xatirə Muzeyində “20 Yanvar-Azərbaycan xalqının qəhrəmanlıq tarixi”, 21 yanvar tarixdə Bəhruz Kəngərli Muzeyində “Gənc rəssam ömrü” mövzularında 3 açıq dərs keçirilmişdir. Yanvar ayında ümumtəhsil məktəblərinin şagirdləri üçün muzeylərdə, ümumilikdə, 50 açıq dərs keçirilmişdir.

Ay ərzində Nazirlik tərəfindən muzeylərdə 2 tədbir keçirilmiş, muzeylər tərəfindən 1 tədbir keçirilmiş, 7 sərgi qurulmuşdur.

Yanvar ayı ərzində muzeylərdə onlayn mədəni xidmətin göstərilməsi diqqətdə saxlanılmış, sosial şəbəkələrdəki hesablarında onlayn ekskursiyalar, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlər, muzeylərdə olan eksponatlarla bağlı məlumat və təbliğat xarakterli paylaşımlarla çıxış etmişdir.

Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş milli qəhrəmanların doğum və anım günləri münasibətilə, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə bağlı və s. mövzularda videomateriallar, slaydlar, məlumatlar hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Ay ərzində, ümumilikdə, Nazirliyin sistemində fəaliyyət göstərən muzeylər tərəfindən 203 ədəd müxtəlif məlumat, audio və video material hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır. Onlardan 31-i onlayn ekskursiya olmuşdur.

Yanvar ayında Nazirliyin “naxcivan_muzeyleri” İnstagram hesabında 36 ədəd məlumat xarakterli paylaşım və onlayn ekskursiya yerləşdirilmiş, səhifənin ümumi izləyicilərinin sayı 706 nəfər olmuşdur.

Dövr ərzində muzeylər tərəfindən ümumilikdə, İnstagram səhifələrində 571, Facebook hesablarında 566 paylaşım edilmişdir ki, onlardan, 31 ədədi onlayn ekskursiya, 439 ədədi məlumat xarakterli paylaşım olmuş, muzeylər tərəfindən ümumilikdə 571 material paylaşılmışdır. Muzeylərin sosial şəbəkə hesablarının ümumi izləyicilərinin sayı İnstagram hesablarında 20 min 935, Facebook hesablarında isə 32 min 498 olmuşdur.

Hesabat dövrü ərzində muzeyləri 5 min 249 nəfər yerli, 66 nəfər əcnəbi olmaqla, ümumilikdə 5 min 315 nəfər tamaşaçı ziyarət etmiş, muzeylərə 203 ədəd yeni eksponat daxil olmuşdur.

Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində bir sıra tədbirlər keçirilmişdir.

Ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan kitabların müzakirəsi diqqətdə saxlanılmışdır. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən Nikolo Makiavellinin “Hökmdar”, Qurban Səidin “Əli və Nino”, “Kitabi-Dədə Qorqud” və s. kitabların müzakirəsi keçirilmişdir.

Yanvar ayında ümumilikdə, “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan 35 kitabın müzakirəsi keçirilmişdir ki, bunlardan 14-ü onlayn olmuşdur. Kitab müzakirələrindən 19-u kitabxana, 16-sı isə klub müəssisələrinin əməkdaşları arasında keçirilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən ədəbi-bədii gecələr keçirilmiş, sərgilər təşkil edilmişdir. Ay ərzində yubileylər, əlamətdar və tarixi günlərlə bağlı 29 tədbir keçirilmiş, 46 sərgi qurulmuşdur.

“Mütaliə günü” ilə bağlı M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Naxçıvan şəhər Peşə Liseyində “Kitab ən yaxın dostumuzdur” adlı tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə Naxçıvan Texniki Kolleci tələbələri ilə Süleyman Hüseynovun “And” romanının onlayn müzakirəsi keçirilmişdir. “Mütaliə Günü” ilə bağlı M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən ümumilikdə 1-i onlayn olmaqla 10 tədbir keçirilmişdir.

“Kitabxanaçı Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Daxil olan çap məhsullarının uçotu” mövzusunda, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə “II Qarabağ-Vətən müharibəsində şəhid olan Naxçıvanlı zabit və əsgərlərin tanıdılmasını necə təşkil etməli” mövzusunda müzakirələr keçirilmişdir. “Kitabxanaçı Günü” ilə bağlı M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən ümumilikdə 10 tədbir keçirilmişdir.

“Kitabxana Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Oxunması zəruri olan kitablar”ın biblioqrafik icmalı, “II Qarabağ - Vətən müharibəsində həlak olan Milli Qəhrəmanlar” mövzusunda mühazirə keçirilmişdir. “Kitabxana Günü” ilə bağlı M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən ümumilikdə 10 tədbir keçirilmişdir.

Ay ərzində A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası 3 və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları tərəfindən 19 nəfər olmaqla, ümumilikdə, sağlamlıq imkanı məhdud 22 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə 3 adda 24 metodik məktub və 1 adda 1 tövsiyyə  ədəbiyyat siyahısı hazırlanaraq rayon (şəhər) MKS-lər, həmçinin uşaq kitabxanaları və şöbələrinə göndərilmişdir.

Yanvar ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan kitablarla bağlı video və audio materialların, audio kitabların hazırlanması işi diqqətdə saxlanılmış, siyahıya daxil olan kitablarla bağlı ümumilikdə, 23 material hazırlanmış və 46 paylaşım edilmişdir.

Həmçinin kitabxana və mədəniyyət sarayları və evlərinin əməkdaşları tərəfindən 102 şeir, hekayə və poemalardan parçalardan bədii qiraət formatlı videomateriallar və audiokitablar hazırlanmışdır. Bu materiallar Nazirliyin Youtube kanalına yerləşdirilmiş, sosial şəbəkə hesablarında paylaşılmışdır.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) Mərkəzləşdirilmiş Kitabxana Sistemlərində tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar materialların hazırlanması da diqqət mərkəzində saxlanılmış, videomateriallar, slaydlar, məlumatlar olmaqla, ümumilikdə 175 material hazırlamış, sosial şəbəkə hesablarında 375 paylaşım edilmişdir. İzləyici sayı İnstagram səhifələrində 7 min 251, Facebook səhifələrində 6 min 079 olmuşdur.

“Nağıl Günləri” layihəsi çərçivəsində yanvar ayında 6-sı M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, digərləri A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları tərəfindən olmaqla, ümumilikdə 32 audio nağıl hazırlanaraq sosial şəbəkə hesablarında 78 paylaşım edilmişdir.

Yanvar ayında Nazirliyə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən 4 adda 41 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla 35 adda 171 nüsxə çap məhsulu daxil olmuşdur.

Ay ərzində kitabxanalarda yeni oxucu sayı 527, oxucu gəlişi 7 min 150 nəfər, kitab verilişi isə 42 min 111 nüsxə olmuşdur.

Dövr ərzində elektron kataloqa 652 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 20 min 820-dən 21 min 472-yə çatdırılmışdır.

Şəbəkəyə 58 kitab (PDF) işlənmiş və ümumi sayı 3 min 197-dən 3 min 255-ə çatdırılmışdır. Ay ərzində elektron kitabxanadan 264 lokal, 536 qlobal olmaqla 800 oxucu istifadə etmişdir.

Ay ərzində kitabxanalarda ümumilikdə 105 tədbir keçirilmişdir ki, bunlardan 20-si onlayn formatda təşkil olunmuşdur.

Yanvar ayında klub müəssisələrinin fəaliyyəti diqqət mərkəzində saxlanılmış, dövr ərzində əlamətdar və tarixi günlərlə, görkəmli şəxsiyyətlərlə, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması ilə bağlı işlər görülmüşdür.

Xalq yaradıcılığının öyrənilməsi, yaşadılması və gələcək nəsillərə çatdırılması ilə bağlı dövr ərzində mütəmadi iş aparılmışdır. Belə ki, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən 6, rayon mədəniyyət şöbələri tərəfindən 3 olmaqla, ümumilikdə, xalq yaradıcılığı ilə bağlı 8 videomaterial hazırlanmış, bu materiallar Nazirliyin Youtube kanalında yerləşdirilmiş, sosial şəbəkələrdə paylaşılmışdır.

Yanvar ayı ərzində rayon mədəniyyət sarayları, o cümlədən klub və mədəniyyət evləri tərəfindən əlamətdar və tarixi günlərlə bağlı 5-i onlayn olmaqla ümumilikdə 8 tədbir keçirilmiş, 4 sərgi qurulmuşdur.

Mədəniyyət üzrə Elmi Metodiki Mərkəz, Heydər Əliyev Sarayı, klub və mədəniyyət evlərində pandemiya ilə əlaqədar olaraq onlayn fəaliyyət də diqqət mərkəzində saxlanılmışdır. Yubileylər, əlamətdar və tarixi günlər, o cümlədən, klub müəssisələrində fəaliyyət göstərən musiqi, rəsm, əl işləri, bədii-qiraət dərnəklərinin rəhbərləri və istedadlı dərnək üzvlərinin bacarığını nümayiş etdirən videolar da olmaqla ümumilikdə, 141 videomaterial hazırlanmışdır. Bu materiallar Nazirliyin Youtube kanalına yerləşdirilmiş, sosial şəbəkə hesablarında paylaşılmışdır.

Dövr ərzində Heydər Əliyev Sarayı 3 adda 24 metodik məktub hazırlanaraq rayon (şəhər) mədəniyyət şöbələrinə göndərilmişdir.

Hesabat dövründə Naxçıvan Şəhər və rayon mədəniyyət şöbələri tərəfindən sosial şəbəkələrdə 430 paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 155 paylaşım edilmiş, 9 min 630 izləyici sayı olmuşdur. İnstagram səhifələrində edilən 275 paylaşımın 8 min 702 izləyicisi olmuşdur.

Xalq yaradıcılığının öyrənilməsi, yaşadılması və gələcək nəsillərə çatdırılması ilə bağlı dövr ərzində mütəmadi iş aparılmışdır. Belə ki, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən “Andlarımız, deyimlərimiz”, “Qarabağda atlı oyunları”, “Şah plov”, “Qarabağ xalçaları” və “Nizami Gəncəvi yaradıcılığında folklor”, “Kiçik çillə” adlı 6 material hazırlanaraq Nazirliyin Youtube kanalına yerləşdirilmiş, sosial şəbəkələrdə paylaşılmışdır. Həmçinin, Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəz tərəfindən 2 ssenari hazırlanaraq müvafiq təşkilatlara göndərilmişdir.

Dövr ərzində Mədəniyyət üzrə Elmi Metodiki Mərkəz tərəfindən də bir sıra işlər görülmüşdür. Babək Rayon Mədəniyyət Şöbəsinin ilə birgə “Klub müəssisələrinin onlayn fəaliyyəti” adlı seminar keçirilmişdir.

“Nizami Gəncəvi İli” ilə bağlı Mərkəz əməkdaşları tərəfindən “Nizami Gəncəvi yaradıcılığında folklor” və “Nizami Gəncəvi yaradıcılığında simli musiqi alətlərimizin tərənnümü – I hissə” adlı videomateriallar hazırlanaraq Mərkəzin sosial şəbəkə hesablarında paylaşılmışdır.

Yanvar ayında Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən ümumilikdə, 78 material hazırlanmış, 118 paylaşım edilmişdir. Metodik Mərkəzin İnstagram izləyicilərinin sayı 566, Facebook izləyicilərinin sayı isə 479 olmuşdur.

Hesabat dövrü ərzində Metodik Mərkəz də daxil olmaqla, mədəniyyət sarayları, mədəniyyət evləri və klublarda 9-u onlayn olmaqla ümumilikdə, 24 tədbir keçirilmişdir.

Hesabat dövründə Nazirliyin tabeliyində olan Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti diqqət mərkəzində saxlanılmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı məlumatlar hazırlanaraq sosial şəbəkələrdə paylaşımlar edilmişdir.

“Təhsil və mədəniyyət  müəssisələrinin qarşılıqlı fəaliyyətinin səmərəli təşkili ilə bağlı 2020-2021-ci tədris  ili üçün tədbirlər planı”na əsasən 11 yanvar tarixdə Naxçıvan Dövlət Film Fondunda Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdlərinə “Hüseyn xan Naxçıvanski (Qayıdış)”sənədli filminin nümayişi təşkil olunmuşdur.

Film Fond tərəfindən ay ərzində 1 tədbir keçirilmiş, 1 film nümayişi olmuş və çəkilmiş materiallarla bağlı 3 videomaterial hazırlanmışdır. Hesabat dövrü ərzində Film Fond tərəfindən İnstaqram və Facebook sosial şəbəkələri vasitəsilə görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı ümumilikdə, 78 material hazırlanmış, 156 paylaşım edilmiş, 1391 izləyici sayı olmuşdur. Həmçinin, videomateriallar hazırlanarkən müəssisə və təşkilatlara Film Fond tərəfindən mütəxəssis köməyi göstərilmiş və müxtəlif videomateriallar hazırlanaraq Nazirliyin Youtube kanalında yerləşdirilmişdir.

Ay ərzində filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və  lentlərin təmizlənməsi  işləri davam etdirilmişdir.

Ay ərzində təhsil müəssislərinin fəaliyyəti diqqətdə saxlanılmış, 12 yanvar tarixdə Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin tabeliyində olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin müəllimlərinə “Solfecio” və 22 yanvar tarixdə Babək, Kəngərli və Şahbuz rayon mədəniyyət şöbələrinin tabeliyində olan uşaq musiqi məktəblərinin musiqi ədəbiyyatı fənləri üzrə tədris aparan müəllimlərinə metodiki kurslar keçirilmişdir. Bundan əlavə 28 yanvar tarixdə uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin xanəndəlik ixtisası üzrə tədris aparan müəllimlərinə ustad dərsi təşkil edilmişdir.

Ay ərzində gənclərlə iş sahəsi də diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə və keyfiyyətinə nəzarət artırılmışdır.

Digər sahələrdə olduğu kimi rayon (şəhər) mədəniyyət şöbələrinin Gənclər birliklərinin üzvləri arasında da onların asudə vaxtının səmərəli təşkili məqsədi ilə bir sıra onlayn tədbirlər keçirilmişdir. Belə ki, 08 yanvar tarixdə Culfa Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin üzvləri arasında Şamil Mahmudbəyovun rejissorluq etdiyi “Şərikli çörək” və 13 yanvar tarixdə Şərur Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin üzvləri arasında Mete Horozoğlunun rejissorluğu ilə çəkilən “Nefes” filmlərinin onlayn müzakirəsi keçirilmiş, 14 yanvar tarixdə Babək Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin üzvləri arasında “II Qarabağ müharibəsi” və Şahbuz Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin üzvləri arasında “Şahbuz rayonu ərazisində yerləşən tarixi abidələr” mövzusunda onlayn tədbirlər təşkil olunmuşdur.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin 12 yanvar 2021-ci il tarixdə keçirilən kollegiya iclasında Nazirliyin yaradıcı gənclərlə iş sahəsi üzrə verilən tapşırıqların gənclərin diqqətinə çatdırılması və yeni fəaliyyət ilində qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə 13 yanvar və 15 yanvar 2021-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində gənclərin ümumi yığınağı keçirilmişdir. Yığıncaqda Naxçıvan şəhəri, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək Rayon Mədəniyyət Şöbələrinin nəzdində çalışan gənclər, həmçinin Naxçıvan şəhərində yerləşən və Nazirliyə birbaşa tabe olan mədəniyyət müəssisələrinin gəncləri iştirak etmişdir. Qeyd olunan yığıncaqdan sonra Nazirliyin Gənclər Təşkilatının strukturunda dəyişiklər aparılmış və rayon (şəhər) mədəniyyət şöbələrinin Gənclər birliklərinin nəzdində 5 yeni gənclər birliyi, gənclərdən ibarət 3 musiqi kollektivi, qızlardan ibarət musiqili ansambl, folklor və şən və hazırcavablar klubu yaradılmışdır.

Yanvar ayının ikinci yarısından etibarən yeni yaradılan gənclər birliklərinin fəaliyyəti təşkil olunmuş, tədbirlər ənənəvi və onlayn şəkildə davam etdirilmişdir. Belə ki, onlayn formatda Gənclər Birliklərinin üzvləri arasında “Azərbaycan mədəniyyətinin təbliğində gənclərin rolu” adlı tədbir və Livanlı yazıçı Amin Maaloufun “Səmərqənd” kitabının müzakirəsi keçirilmişdir. Bundan əlavə Naxçıvan Dövlət Film Fondunda ənənəvi formada “Film dünyasına səyahət” adlı tədbir təşkil olunmuşdur.

Nazirliyin sisteminə daxil olan dövlət teatrları da öz fəaliyyətlərini ay ərzində davam etdirmiş, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı tərəfindən Nizaminin “Sirlər xəzinəsi” və V.Səmədoğlunun “Mamoy kişinin yuxuları”, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı Yapon xalq nağılı əsasında səhnələşdirilən “Yaxşılıq itmir”, Naxçıvan Dövlət Uşaq Teatrı isə N.Nəzərovanın “Mavi işıq” əsərləri əsasında hazırlanan tamaşaların məşqlərini davam etdirmişdir.

Hesabat dövründə Naxçıvan Şəhər Xalq Teatrı tərəfindən hazırlanan Rauf İçərişəhərlinin “Arzum çin oldu” komediyasının Naxçıvan Dövlət Film Fondu tərəfindən çəkilişi aparılmışdır.

Yanvar ayının 14-də Şərur Rayon Şəhriyar Kənd Uşaq Musiqi Məktəbinin yeni binası istifadəyə verilmişdir. Yeni istifadəyə verilmiş Şərur rayon Şəhriyar Kənd Mərkəzində kənd kitabxana filialının və mədəniyyət evinin fəaliyyəti üçün müasir iş şəraiti yaradılmışdır.

Ötən dövr ərzində Nazirliyin saytının fəaliyyəti də diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Nazirliyin saytına 21 xəbər, 5 məqalə işlənmişdir.

Nazirliyin Youtube kanalına yanvar ayında 43 (cəmi 606) videomaterial yerləşdirilmiş, bu günədək 1 min 320 abunəçi, 102 min 226 izlənmə sayı olmuşdur.

Ay ərzində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin İnstaqram və Facebook hesablarında audio və videomateriallar, slaydlar, məlumat xarakterli materiallar, Nazirlik və onun tabeliyində olan mədəniyyət və incəsənət müəssisələri tərəfindən hazırlanan layihələrin elanları, videoçarxlar və s. yerləşdirilmişdir.

Dekabr ayında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 665-ə çatmış, 35 paylaşım edilmişdir.

O cümlədən, nmr_medeniyyet_nazirliyi adlı İnstagram səhifəsinin ümumi izləyicilərinin sayı 5 min 395 olmuş, ay ərzində səhifədə 35 paylaşım edilmişdir. “Naxcivan_muzeyleri” İnstagram səhifəsində ay ərzində 37 paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 706 nəfər olmuşdur.

Hesabat dövründə Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Şərq qapısı” qəzetində 4 məqalə, “Nuhçıxan” İnformasiya Agentliyində 3 məqalə işıq üzü görmüşdür.

Ay ərzində Nazirliyin tabeliyindəki müəssisələrin əməkdaşlarından 1 nəfəri Naxçıvan Dövlət Teleradiosunun efirində yayımlanan verilişdə iştirak etmiş, 2 nəfər müsahibə vermişdir.

Naxçıvan Dövlət Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı 7 xəbər süjeti efirə getmişdir.

Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri bu ay ərzində də davam etdirilmişdir. Yanvar ayı ərzində Nazirliyə 17-si İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 33 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 8-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 45 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 1 nəfər elektron olmaqla 61 nəfər vətəndaşın müraciətləri cavablandırılmışdır.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmiş, müəssisə və təşkilatlarına 28 nəfər işə qəbul edilmişdir. Yanvar ayı ərzində 2 kollegiya iclası keçirilmiş 2 məsələ müzakirə olunmuşdur.

.

Joomla 1.5