Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 2020-ci ilin dekabr ayı ərzində görülmüş işlərə dair HESABAT

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi dekabr ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

Bu dövrdə Nazirlik tərəfindən pandemiya ilə əlaqəli xüsusi qaydalara ciddi riayət edilməklə tədbirlərin keçirilməsi diqqətdə saxlanılmışdır.

Dekabr ayının 1-də Heydər Əliyev Sarayında ümumtəhsil məktəblərində “Tariximizi qoruyaq və yaşadaq” devizi altında keçirilmiş aksiyada toplanan 460-dan çox maddi-mədəniyyət nümunəsinin Mədəniyyət Nazirliyinə təqdimat mərasimi keçirilmişdir.

Dekabrın 4-də Naxçıvan Dövlət Filarmoniyasında “Yallılar dünəndən bu günə” kitabının təqdimat mərasimi keçirilmişdir. Təqdimat mərasimində “Yallılar dünəndən bu günə” kitabı muxtar respublikanın kitabxanalarına, həmçinin təhsil və mədəniyyət müəssisələrinə hədiyyə edilmişdir.

Ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 09 aprel 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil edilməsi üçün 3 ədəd yeni xalçanın pasportlaşdırılması ilə bağlı müvafiq iş aparılmışdır. Həmçinin, “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil olan 43 ədəd xalça haqqında məlumatlar Nazirliyin sosial şəbəkə hesablarında, “naxcivan_muzeyleri” İnstaqram səhifəsində və Naxçıvan Dövlət Xalça Muzeyinin Facebook və İnstaqram səhifələrində paylaşılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, Nazirliyin 2020-2021-ci tədris ili üçün müvafiq Tədbirlər Planına uyğun olaraq tədbirlər keçirilmişdir.

Nazirliyin hamiliyinə verilmiş Naxçıvan Müəllimlər İnstitutunun kitabxanaçılıq və informasiya ixtisası üzrə təhsil alan tələbələri üçün M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması” mövzusunda, Naxçıvan Musiqi Kollecinin kitabxanaçılıq və informasiya ixtisası üzrə təhsil alan tələbələri üçün A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən “Ədəbiyyatın KBT-yə uyğun işlənməsi, əlifba və sistemli katoloqların tərtibi” mövzusunda açıq dərslər, Naxçıvan Müəllimlər İnstitutunun kitabxanaçılıq və informasiya ixtisası üzrə təhsil alan tələbələri ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Cek Londonun “Həyat eşqi” əsərinin müzakirəsi keçirilmişdir. Həmçinin, Nazirliyin təşkilatçılığı ilə Naxçıvan Dövlət Film Fondunda Naxçıvan Musiqi Kollecinin tələbələrinə “Milli-mənəvi dəyərlər”, Naxçıvan Dövlət Universitetinin tələbələrinə “Naxçıvan Muxtar Respublikasının tarix-mədəniyyət abidələri” mövzularında 2 mühazirə keçirilmiş və müvafiq filmlər nümayiş etdirilmiş, Naxçıvan Müəllimlər İnstitutunun tələbələrinə “Üçüncü günün adamı” filminin nümayişi təşkil olunmuşdur.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Dövlət Universitetinin aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələrinə “Səhnənin texniki parametrləri” mövzusunda ustad dərs keçirilmişdir.

Ay ərzində Nazirlik tərəfindən hamiliklə bağlı 2 açıq dərs, 1 kitab müzakirəsi, 1 film nümayişi, 2 mühazirə, 1 ustad dərs olmaqla, ümumilikdə 7 tədbir keçirilmişdir.

Eləcə də noyabr ayının 16-dan Naxçıvan Dövlət Universitetinin Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması, rəngkarlıq, kitabxanaçılıq və informasiya ixtisasları üzrə IV kurs tələbələrinin Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin sistemində olan muzeylərdə və M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında təcrübə keçməsi, həmçinin Naxçıvan Müəllimlər İnstitutunun “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə II kurs tələbələrinin Naxçıvan Dövlət Tarix Muzeyində praktiki dərs keçmələri təmin edilmişdir.

İyun ayından start verilmiş “Mədəniyyətin izi ilə” Sosial Mədəniyyət Layihəsinin icrası ilə bağlı iş aparılmış, 25 dekabrda layihəyə yekun vurulmuşdur. Layihənin qalibləri Nazirliyin diplomları ilə təltif olunmuşdur.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən 19 sentyabrdan başlayaraq muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin, müəssisə və təşkilatların muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq aid təşkilatlarla birgə 11 dekabr tarixdə muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Heydər Əliyev Muzeyi arasında “Ürəklərdə yaşayan dahi” interaktiv dərs keçirilmiş, dərsləri muxtar respublikanın 200-dən çox təhsil müəssisəsi izləmişdir.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Muzeyində Nazirliyinin sistemində fəaliyyət göstərən muzeylərin əməkdaşları üçün “Heydər Əliyev irsinin qorunmasında və təbliğ olunmasında Heydər Əliyev Muzeyinin rolu” mövzusunda tədbir, Naxçıvan Dövlət Rəsm Qalereyasında “Muzeylərdə uçot-mühafizə işinin təşkili ilə bağlı görülmüş işlər və qarşıya çıxan çətinliklər” mövzusunda dəyirmi masa keçirilmişdir.

Ay ərzində muzeylər tərəfindən bir sıra işlər görülmüşdür. Belə ki, muzey işinin müvafiq təlimatın tələblərinə uyğun qurulmasını təmin etmək məqsədilə ay ərzində Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksi, Məmməd Arazın Ev Muzeyinin əməkdaşları Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində, Culfa və Şərur rayon tarix-diyarşünaslıq muzeylərinin əməkdaşları isə Naxçıvan Dövlət Tarix Muzeyində təcrübədə olmuşdur.

Hesabat dövründə Heydər Əliyev Muzeyinin internet saytının yenidən hazırlanması ilə bağlı iş aparılmış, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin internet saytının hazırlanması işi davam etdirilmişdir.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Təhsil nazirliklərinin birgə təsdiq olunmuş qrafikinə əsasən Naxçıvan Dövlət Tarix Muzeyində ümumtəhsil məktəblərinin şagirdləri üçün “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” mövzusunda açıq dərs təşkil edilmişdir. Dekabr ayında ümumtəhsil məktəblərinin şagirdləri üçün muzeylərdə, ümumilikdə, 42 açıq dərs keçirilmişdir.

Ay ərzində Nazirlik tərəfindən muzeylərdə 3 tədbir keçirilmiş, muzeylər tərəfindən 7 sərgi qurulmuşdur.

Dekabr ayı ərzində muzeylərdə onlayn mədəni xidmətin göstərilməsi diqqətdə saxlanılmış, sosial şəbəkələrdəki hesablarında onlayn ekskursiyalar, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlər, muzeylərdə olan eksponatlarla bağlı məlumat və təbliğat xarakterli paylaşımlarla çıxış etmişdir.

Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş milli qəhrəmanların doğum və anım günləri münasibətilə, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə bağlı və s. mövzularda videomateriallar, slaydlar, məlumatlar hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Ay ərzində, ümumilikdə, Nazirliyin sistemində fəaliyyət göstərən muzeylər tərəfindən 222 ədəd müxtəlif məlumat, audio və video material hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır. Onlardan 12-si onlayn ekskursiya olmuşdur.

Dekabr ayında Nazirliyin “naxcivan_muzeyleri” İnstagram hesabında 210 ədəd məlumat xarakterli paylaşım və onlayn ekskursiya yerləşdirilmiş, səhifənin ümumi izləyicilərinin sayı 701 nəfər olmuşdur.

Dövr ərzində muzeylər tərəfindən ümumilikdə, İnstagram səhifələrində 411, Facebook hesablarında 314 paylaşım edilmişdir ki, onlardan, 12 ədədi onlayn ekskursiya, 210 ədədi məlumat xarakterli paylaşım olmuş, muzeylər tərəfindən ümumilikdə 411 material paylaşılmışdır. Muzeylərin sosial şəbəkə hesablarının ümumi izləyicilərinin sayı İnstagram hesablarında 20 min 873, Facebook hesablarında isə 33 min 705 olmuşdur.

Hesabat dövrü ərzində muzeyləri 8 min 577 nəfər yerli, 172 nəfər əcnəbi olmaqla, ümumilikdə 8 min 749 nəfər tamaşaçı ziyarət etmiş, muzeylərə 496 ədəd yeni eksponat daxil olmuşdur.

Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində bir sıra tədbirlər keçirilmişdir.

Ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan kitabların müzakirəsi diqqətdə saxlanılmışdır. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti”nin, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Nəsrəddin Tusinin “Əxlaqi-Nasiri” və Cek Londonun “Həyat eşqi” kitablarının müzakirəsi keçirilmişdir. Dekabr ayında “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan kitablarla bağlı 23 ənənəvi, 3 onlayn olmaqla, ümumilikdə, 26 kitab müzakirəsi keçirilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”, mütəfəkkir, şair və publisist Məhəmməd Hadinin 141 illiyi, türk yazıçısı Mustafa Namiq Kamalın anadan olmasının 180 illiyi ilə bağlı tədbirlər keçirilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Naxçıvan Şəhər MKS-nin əməkdaşları üçün onlayn təcrübə məşğələsi keçirilmişdir.

A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən “Kitabxanaçı Günü” ilə bağlı “Kitabxanalarda komplektləşdirmə işinin təşkili”, “Kitabxana Günü” ilə bağlı məktəblilərə “Qarabağ Azərbaycandır” mövzusunda mühazirə, “Oxucu Günü” ilə bağlı isə məktəblilərlə “Torpaq uğrunda ölən varsa Vətəndir” adlı tədbirlər keçirilmişdir.

Ay ərzində A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları tərəfindən sağlamlıq imkanı məhdud 18 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.

Hesabat dövrü ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə 4 adda 32 metodik məktub hazırlanaraq rayon (şəhər) MKS-lərinə, həmçinin uşaq kitabxanaları və şöbələrinə göndərilmişdir.

Dekabr ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan kitablarla bağlı video və audio materialların, audio kitabların hazırlanması işi diqqətdə saxlanılmış, siyahıya daxil olan kitablarla bağlı ümumilikdə, 16 material hazırlanmış və 32 paylaşım edilmişdir.

Həmçinin muzey, kitabxana və mədəniyyət evlərinin əməkdaşları tərəfindən 85 şeir, hekayə və poemalardan parçalardan bədii qiraət formatlı videomateriallar və audiokitablar hazırlanmışdır. Bu materiallar Nazirliyin Youtube kanalına yerləşdirilmiş, sosial şəbəkə hesablarında paylaşılmışdır.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) Mərkəzləşdirilmiş Kitabxana Sistemlərində tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar materialların hazırlanması da diqqət mərkəzində saxlanılmış, videomateriallar, slaydlar, məlumatlar olmaqla, ümumilikdə 95 material hazırlamış, sosial şəbəkə hesablarında 239 paylaşım edilmişdir. İzləyici sayı İnstagram səhifələrində 7 min 220, Facebook səhifələrində 5 min 916 olmuşdur.

“Nağıl Günləri” layihəsi çərçivəsində dekabr ayında 1-i M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, digərləri A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları tərəfindən olmaqla, ümumilikdə 16 audio nağıl hazırlanaraq sosial şəbəkə hesablarında 36 paylaşım edilmişdir.

Dekabr ayında Nazirliyə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən 4 adda 649 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla 67 adda 380 nüsxə çap məhsulu daxil olmuşdur.

Ay ərzində kitabxanalarda yeni oxucu sayı 182, oxucu gəlişi 5 min 409 nəfər, kitab verilişi isə 39 min 613 nüsxə olmuşdur.

Dövr ərzində elektron kataloqa 602 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 20 min 218-dən 20 min 820-ə çatdırılmışdır.

Şəbəkəyə 35 kitab (PDF) işlənmiş və ümumi sayı 3 min 162-dən 3 min 197-yə çatdırılmışdır. Ay ərzində elektron kitabxanadan 273 lokal, 823 qlobal olmaqla 1 min 096 oxucu istifadə etmişdir.

Dekabr ayında klub müəssisələrinin fəaliyyəti diqqət mərkəzində saxlanılmış, dövr ərzində əlamətdar və tarixi günlərlə, görkəmli şəxsiyyətlərlə, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması və s. ilə bağlı müxtəlif xarakterli materiallar hazırlanmışdır. O cümlədən, klub müəssisələrində fəaliyyət göstərən musiqi, rəsm, əl işləri, bədii-qiraət dərnəklərinin rəhbərləri və istedadlı dərnək üzvlərinin bacarığını nümayiş etdirən videolar da olmaqla ümumilikdə, 141 videomaterial hazırlanmışdır. Bu materiallar Nazirliyin Youtube kanalına yerləşdirilmiş, sosial şəbəkə hesablarında paylaşılmışdır.

Dövr ərzində Heydər Əliyev Sarayı və Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəz tərəfindən 2 adda 16 metodik məktub hazırlanaraq rayon (şəhər) mədəniyyət şöbələrinə gödərilmişdir.

Hesabat dövründə Naxçıvan Şəhər və rayon mədəniyyət şöbələri tərəfindən sosial şəbəkələrdə 307 paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 81 paylaşım edilmiş, 9 min 575 izləyici sayı olmuşdur. İnstagram səhifələrində edilən 226 paylaşımın 8 min 580 izləyicisi olmuşdur.

Xalq yaradıcılığının öyrənilməsi, yaşadılması və gələcək nəsillərə çatdırılması ilə bağlı dövr ərzində mütəmadi iş aparılmışdır. Belə ki, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən “Torevtika”, “Şuşa mədəniyyəti” və “Batik kəlağayı” olmaqla 3 material hazırlanaraq Nazirliyin Youtube kanalına yerləşdirilmiş, sosial şəbəkələrdə paylaşılmışdır.

Ay ərzində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən də bir sıra işlər görülmüşdür. Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən dekabr ayında 69 material hazırlanmış, 84 paylaşım edilmişdir. Metodik Mərkəzin İnstagram izləyicilərinin sayı 536, Facebook izləyicilərinin sayı isə 486 olmuşdur.

Hesabat dövründə Nazirliyin tabeliyində olan Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti diqqət mərkəzində saxlanılmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı məlumatlar hazırlanaraq sosial şəbəkələrdə paylaşımlar edilmişdir.

11 dekabrda Babək Rayon Xalq Teatrının “Alova çevrilən qəzəb” adlı tamaşasının çəkilişi həyata keçirilmişdir.

Ay ərzində Naxçıvan Dövlət Film Fondu tərəfindən biri sənədli film olmaqla, ümumilikdə 3 film nümayiş olunmuşdur.  Hesabat dövrü ərzində pandemiya ilə əlaqədar olaraq Film Fond tərəfindən İnstaqram və Facebook sosial şəbəkələri vasitəsilə görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı ümumilikdə, 103 material hazırlanmış, sosial şəbəkə hesablarında 206 paylaşım edilmiş, 1 min 392 izləyici sayı olmuşdur. Həmçinin, videomateriallar hazırlanarkən müəssisə və təşkilatlara Film Fond tərəfindən mütəxəssis köməyi göstərilmiş və müxtəlif videomateriallar hazırlanaraq Nazirliyin Youtube kanalında yerləşdirilmişdir.

Ay ərzində filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.

Dekabr ayında gənclərlə iş sahəsində də bir sıra işlər görülmüşdür. Belə ki, Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin üzvlərinin Naxçıvan şəhərində yerləşən İmamzadə Türbə Kompleksinə və Yusif Küseyr oğlu Məqbərəsinə ekskursiyası təşkil edilmiş, Nazirliyin Gənclər Birliyinin üzvləri arasında “Eynəli bəy Sultanovun Naxçıvan ədəbi mühitinə töhfəsi” adlı onlayn tədbir, Şahbuz Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin üzvləri arasında Arif Babayevin rejissorluğu ilə çəkilən “Arxadan vurulan zərbə” filminin onlayn müzakirəsi,  Şərur Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin üzvləri arasında Reyhan Mirzəzadənin “A.S.Qriboyedov: şair-diplomat” kitabının müzakirəsi, Nazirliyin Gənclər Təşkilatının üzvləri arasında “28 Dekabr – Beynəlxalq Kino Günü” adlı tədbir keçirilmişdir.

Nazirliyin sisteminə daxil olan dövlət teatrları da öz fəaliyyətlərini ay ərzində davam etdirmiş, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı tərəfindən Nizaminin “Sirlər xəzinəsi” və V.Səmədoğlunun “Mamoy kişinin yuxuları”, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı Z.Vedilinin “Üç qismətli varis” pyesinin, Naxçıvan Dövlət Uşaq Teatrı isə N.Nəzərovanın “Mavi işıq” əsərləri əsasında hazırlanan tamaşaların məşqlərini davam etdirmişdir. Dekabrın 25-də isə Zaur Vedilinin “Üç qismətli varis” əsəri əsasında hazırlanan tamaşa təhvil verilmişdir.

Bundan əlavə Şərur Rayon Xalq Teatrı tərəfindən Əziz Nesinin “Öldürsənə can-ciyər” tamaşası 26 dekabr tarixdə təhvil verilmişdir.

Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə keçirilmiş 6-cı “Qarabağ-2020” Beynəlxalq İncəsənət Müsabiqəsində Naxçıvan Musiqi Kollecinin Xalq çalğı alətləri şöbəsinin qarmon ixtisası üzrə 4-cü kurs tələbəsi Adil Əliyev II dərəcəli və Orkestr alətləri şöbəsinin klarnet ixtisası üzrə 3-cü kurs tələbəsi Samral Babayev isə III dərəcəli diploma layiq görülmüşdür.

Ötən dövr ərzində Nazirliyin saytının fəaliyyəti də diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Nazirliyin saytına 25 xəbər, 8 məqalə işlənmişdir.

Nazirliyin Youtube kanalına dekabr ayında 1 (cəmi 563) videomaterial yerləşdirilmiş, bu günədək 1 min 222 abunəçi, 89 min 555 izlənmə sayı olmuşdur.

Ay ərzində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin İnstaqram və Facebook hesablarında audio və videomateriallar, slaydlar, məlumat xarakterli materiallar, Nazirlik və onun tabeliyində olan mədəniyyət və incəsənət müəssisələri tərəfindən hazırlanan layihələrin elanları, videoçarxlar və s. yerləşdirilmişdir.

Dekabr ayında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 651-ə çatmış, 46 paylaşım edilmişdir.

O cümlədən, nmr_medeniyyet_nazirliyi adlı İnstagram səhifəsinin ümumi izləyicilərinin sayı 5 min 258 olmuş, ay ərzində səhifədə 46 paylaşım edilmişdir. “Naxcivan_muzeyleri” İnstagram səhifəsində ay ərzində 28 paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 701 nəfər olmuşdur.

Hesabat dövründə Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Şərq qapısı” qəzetində 8 məqalə işıq üzü görmüşdür. “Şərq qapısı” qəzetinin 10 dekabr 2020-ci il tarixli nömrəsində “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin baş fond mühafizi-elmi işçisi Zülfiyyə Əliyevanın “Xan Sarayı naxçıvanlı generalların qəhrəmanlıqlarını təbliğ edir” adlı məqaləsi dərc olunmuşdur.

Ay ərzində Nazirliyin tabeliyindəki müəssisələrin əməkdaşlarından 2 nəfəri Naxçıvan Dövlət Teleradiosunun efirində yayımlanan verilişlər üçün müsahibə vermişdir.

Naxçıvan Dövlət Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı 19 xəbər süjeti efirə getmişdir.

Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri bu ay ərzində də davam etdirilmişdir. Dekabr ayı ərzində Nazirliyə 13-ü İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 77 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 27-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 53 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 20 nəfər vətəndaşın müraciətləri cavablandırılmışdır.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmiş, müəssisə və təşkilatlarına 8 nəfər işə qəbul edilmişdir.

Joomla 1.5