Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 2020-ci ilin oktyabr ayı ərzində görülmüş işlərə dair HESABAT

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi oktyabr ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

Bu dövrdə Nazirlik tərəfindən pandemiya ilə əlaqəli xüsusi qaydalara ciddi riayət edilməklə tədbirlərin keçirilməsi diqqətdə saxlanılmışdır.

Dövr ərzində əlamətdar və tarixi günlərin, görkəmli şəxsiyyətlərin ildönümləri ilə bağlı tədbirlər keçirilmişdir.

“18 oktyabr - Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü” münasibətilə Naxçıvan Dövlət Tarix Muzeyində “Müstəqilliyə gedən yol Naxçıvandan başlayır”, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Müstəqilliyimiz əbədidir, sarsılmazdır” və Naxçıvan Musiqi Kollecində “Dövlət Müstəqilliyi Günü” adlı tədbirlər keçirilmiş, “18 oktyabr - Dövlət Müstəqilliyi Günü” və “Süleyman Sani Axundov - 145” adlı sərgilər təşkil edilmişdir.

23 oktyabrda Nazirliyin təşkilatçılığı ilə Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksində görkəmli şair-dramaturqun anadan olmasının 138 illiyinə həsr olunmuş  “Hüseyn Cavid Poeziya Günü” keçirilmişdir.

Ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 09 aprel 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil edilməsi üçün 3 ədəd yeni xalçanın pasportlaşdırılması ilə bağlı müvafiq iş aparılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, Nazirliyin 2020-2021-ci tədris ili üçün müvafiq Tədbirlər Planına uyğun olaraq tədbirlər keçirilmişdir.

Nazirliyin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələri üçün Hüseyn Cavidin Ev Muzeyində “Hüseyn Cavid poeziyasının işığında” adlı açıq dərs, Naxçıvan Müəllimlər İnstitutunda Nazirliyin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Musiqi Kollecinin kitabxanaçılıq və informasiya ixtisası üzrə təhsil alan tələbələri ilə “Müasir dövrdə kitabxana xidmətinin təşkili” adlı görüş keçirilmişdir. Eləcə də, Naxçıvan Dövlət Film Fondunda Naxçıvan Musiqi Kollecinin tələbələrinə “Dolu” filminin nümayişi, Naxçıvan Dövlət Universitetinin tələbələri ilə yazıçı Həmid Arzulunun “Qara xəncər” romanının müzakirəsi, Naxçıvan Müəllimlər İnstitutunda Süleyman Hüseynovun “And” romanının müzakirəsi, Naxçıvan Musiqi Kollecinin kitabxanaçılıq və informasiya təminatı ixtisası üzrə təhsil alan III kurs tələbələrinə “Çap əsərlərinin təsviri” mövzusunda açıq dərs təşkil olunmuşdur. Naxçıvan Musiqi Kollecinin bədii yaradıcılıq işi və xoreoqrafiya ixtisası üzrə təhsil alan tələbələrinə ustad dərslər keçirilmişdir.

Ay ərzində Nazirlik tərəfindən hamiliklə bağlı 2 açıq dərs, 2 kitab müzakirəsi, 1 film nümayişi, 2 ustad dərs və 1 görüş olmaqla, ümumilikdə 8 tədbir keçirilmişdir.

Nazirlik tərəfindən biri 10 avqust, digəri 07 sentyabr tarixdən muzey və kitabxanaların işçiləri üçün keçirilən “Nitq mədəniyyəti” kursu 26 oktyabrda başa çatmışdır. Mütəxəssislər tərəfindən 2 qrupda aparılan kursda hər birində 10 nəfər olmaqla, ümumilikdə 20 nəfər mədəni-maarif müəssisəsinin əməkdaşı iştirak etmişdir.

İyun ayından start verilmiş və il ərzində davam edəcək “Mədəniyyətin izi ilə” Sosial Mədəniyyət Layihəsinin icrası ilə bağlı iş aparılmış, oktyabr ayında layihə ilə bağlı 2 müraciət daxil olmuşdur.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən 19 sentyabrdan başlayaraq muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin, müəssisə və təşkilatların muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq aid təşkilatlarla birgə 5 oktyabr  tarixdə Məhəmməd Tağı Sidqinin Ev Muzeyi ilə Babək rayonunun Nəcəfəlidizə kənd tam orta məktəbinin şagirdləri arasında elektron dərs keçirilmiş, dərsi muxtar respublikanın 200-dən çox təhsil müəssisəsi izləmişdir.

Oktyabrın 13-də Nazirlik tərəfindən Xatirə Muzeyində muzey əməkdaşları üçün “Böyüməkdə olan nəsildə vətənpərvərlik hisslərinin tərbiyəsində muzeylərin rolu” mövzusunda seminar-treninq keçirilmişdir.

Ay ərzində muzeylər tərəfindən bir sıra işlər görülmüşdür. Belə ki, muzey işinin müvafiq təlimatın tələblərinə uyğun qurulmasını təmin etmək məqsədilə ay ərzində Ordubad və Babək rayon tarix-diyarşünaslıq muzeylərinin əməkdaşları Naxçıvan Dövlət Tarix Muzeyində, Xatirə və Şahtaxtinskilər muzeylərinin əməkdaşları C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində təcrübədə olmuşdur.

Hesabat dövründə Heydər Əliyev Muzeyinin internet saytının yenidən hazırlanması ilə bağlı iş aparılmış, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin internet saytının hazırlanması işi davam etdirilmişdir.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Təhsil Nazirliklərinin birgə təsdiq olunmuş qrafikinə əsasən Cəmşid Naxçıvanskinin Ev Muzeyində, Naxçıvan Dövlət Tarix Muzeyində və Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksində ümumtəhsil məktəblərinin şagirdləri üçün 3 açıq dərs təşkil edilmişdir. Oktyabr ayında ümumtəhsil məktəblərinin şagirdləri üçün muzeylərdə, ümumilikdə 41 açıq dərs keçirilmişdir.

Ay ərzində muzeylərdə Nazirlik tərəfindən 3, muzeylər tərəfindən 1 olmaqla 4 tədbir keçirilmiş, 3 sərgi qurulmuşdur.

Oktyabr ayı ərzində muzeylərdə onlayn fəaliyyətlə bağlı müəyyən işlər görülmüşdür.

Hesabat dövründə Məmməd Arazın, Ərtoğrol Cavidin və Hüseyn Cavidin doğum günü ilə əlaqədar məlumatlar hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Oktyabr ayı ərzində muzeylər tərəfindən 33 məlumat xarakterli material hazırlanmış, ümumilikdə İnstagram səhifələrində 33, Facebook hesablarında 29 məlumat xarakterli paylaşım edilmişdir. Həmin dövr ərzində paylaşımların İnstagram hesablarında 1 min 247, Facebook hesablarında isə 672 izləyicisi olmuşdur.

Hesabat dövrü ərzində muzeyləri 8 min 450 nəfər yerli, 124 nəfər əcnəbi olmaqla, ümumilikdə 8 min 574 nəfər tamaşaçı ziyarət etmiş, muzeylərə 73 ədəd yeni eksponat daxil olmuşdur.

Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində bir sıra tədbirlər keçirilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən Kəngərli və Şahbuz rayon MKS-lərin əməkdaşları üçün ənənəvi təcrübə məşğələsi, Dövlət Müstəqilliyi Günü ilə bağlı tədbir və 2 sərgi təşkil edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan kitablarla bağlı ümumilikdə 1 kitab müzakirəsi keçirilmişdir.

A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən “Kitabxanaçı Günü” ilə əlaqədar olaraq “Kiçik yaşlı oxucuların mütaliəsinə rəhbərlik işinin təşkili” mövzusunda tədbir, “Kitabxana Günü” ilə bağlı isə “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan N.Ostrovskinin “Polad necə bərkidi” kitabının müzakirəsi keçirilmişdir. Həmçinin, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən Naxçıvan şəhərində fəaliyyət göstərən 3 və 10 №li tam orta məktəblərdə, 10 və 11 №li uşaq bağçalarında “Nağıl günü” ilə bağlı tədbirlər təşkil edilmişdir. Ay ərzində 4 “Nağıl günü”olmuşdur.

A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları tərəfindən sağlamlıq imkanı məhdud 19 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.

Azərbaycanın Dağlıq Qarabağ uğrunda döyüşlərdə iştirak edən əsgərlərimizə mənəvi dəstək, ruh yüksəkliyinin artırılması məqsədilə A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən rayon (şəhər) uşaq kitabxanaları və MKS-nin uşaq şöbələri ilə birgə məktəblilər arasında “Əsgərə məktub” layihəsi və Naxçıvan şəhər məktəbliləri üçün “Hər şey qələbə üçün” mövzusunda inşa yazı müsabiqəsinə start verilmişdir. Oktyabr ayının 12-dən 22-dək davam edən müsabiqəyə ümumtəhsil məktəblərindən 75 inşa yazı daxil olmuşdur. A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən müsabiqənin qalibləri - 1 nəfər I yer, 2 nəfər II yer, 3 nəfər III yeri tutmuş iştirakçı diplomla, 3 nəfər isə həvəsləndirici yer üzrə fəxri fərmanla təltif olunmuşdur.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin izləyici sayı İnstagram səhifələrində 8 min 106, Facebook səhifələrində 7 min 095 olmuşdur.

Ay ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə 3 adda 24 metodik məktub və 1 adda 8 tövsiyə ədəbiyyat siyahısı hazırlanaraq rayon (şəhər) MKS-lərinə, həmçinin uşaq kitabxanaları və şöbələrinə göndərilmişdir.

Oktyabr ayında Nazirliyə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən 4 adda 75 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla, 149 adda 260 nüsxə çap məhsulu daxil olmuşdur.

Ay ərzində kitabxanalarda yeni oxucu sayı 114, oxucu gəlişi 4 min 588 nəfər, kitab verilişi isə 36 min 684 nüsxə olmuşdur.

Dövr ərzində elektron kataloqa 312 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 19 min 703-dən 20 min 015-ə çatdırılmışdır. Şəbəkəyə 37 kitab (PDF) işlənmiş və ümumi sayı 3 min 083-dən 3 min 120-ə çatdırılmışdır. Ay ərzində elektron kitabxanadan 230 lokal, 341 qlobal olmaqla 571 oxucu istifadə etmişdir.

Oktyabr ayında klub müəssisələrinin fəaliyyəti diqqət mərkəzində saxlanılmışdır.

Klub müəssisələrində keçirilən dərnəklərdə işin keyfiyyətinin yüksəldilməsi məqsədilə bu müəssisələrin əməkdaşlarının maraqları nəzərə alınaraq nazirlik tərəfindən onlar üçün kursların keçirilməsi oktyabr ayında da diqqətdə saxlanılmışdır. Naxçıvan Regional Peşə Tədris Mərkəzində avqust ayının 5-dən başlanan 2 aylıq toxuculuq kursu oktyabr ayının 7-də yekunlaşmışdır. Kursu 12 nəfər klub müəssisəsinin əməkdaşı bitirmişdir.

Rayon (şəhər) mədəniyyət şöbələrinin İnstagram üzrə ümumi izləyici sayı 8 min 877, facebook üzrə 9 min 937 olmuşdur.

Ay ərzində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən “Şah plov” ssenarisi əsasında Ordubad rayonunda çəkilişlər aparılmış və film hazırlanmışdır. Oktyabr ayında mərkəz tərəfindən folklor nümunələri əsasında “Şərur yallısı “Leylahanı” yallısının yaranması ilə bağlı sənədli-bədii filmin ssenari” mətni hazırlanmışdır. Metodik Mərkəzin İnstagram izləyicilərinin sayı 536, Facebook izləyicilərinin sayı isə 486 olmuşdur.

Hesabat dövründə Nazirliyin tabeliyində olan Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti diqqət mərkəzində saxlanılmışdır.

Ay ərzində Film Fondu tərəfindən Heydər Əliyev Muzeyində rus və ingilis dillərində keçirilən ekskursiyaların çəkilişləri aparılmışdır. Təhsil və Mədəniyyət nazirliklərinin “Təhsil və mədəniyyət müəssisələrinin qarşılıqlı fəaliyyətinin səmərəli təşkili ilə bağlı 2020-2021-ci tədris ili üçün tədbirlər planı”na əsasən Naxçıvan Dövlət Film Fondu tərəfindən Naxçıvan şəhər 2, 7, 8 və 12 nömrəli tam orta məktəblərinin komandaları arasında “Bu kino ki, var…” adlı viktorina keçirilmişdir. Seçim mərhələsində ən çox bal toplayan Naxçıvan şəhərindəki 7 №-li tam orta məktəbin komandası yarımfinalda iştirak etmək hüququ qazanmışlar.

Eləcə də “Ümumtəhsil məktəblərinin şagirdlərinə Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı sənədli filmlərin, azərbaycan kinofilmlərinin nümayişi” bəndinin icrası ilə bağlı 30 oktyabr 2020-ci il tarixdə Naxçıvan Dövlət Film Fondunda Naxçıvan şəhər 3, 7 və 9 nömrəli  tam orta məktəblərin  şagirdlərinə “Biz qayıdacağıq” bədii filminin nümayişi təşkil olunmuşdur.

Dövr ərzində filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.

Ay ərzində Film Fondun İnstagram hesabı üzrə 770, Facebook hesabı üzrə isə 526 izləyici sayı olmuşdur.

Oktyabr ayında gənclərlə iş sahəsində də bir sıra işlər görülmüşdür. Belə ki, tələbələrə vətənpərvərlik və vətəndaşlıq hisslərini aşılamaq, Ulu Öndərin ictimai-siyasi fəaliyyətinin təbliği və gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə Naxçıvan Musiqi Kollecinin bir qrup tələbəsinin Naxçıvan Döyüş Şöhrəti Muzeyinə, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışan gənclərin Heydər Əliyev Muzeyinə ekskursiyası təşkil olunmuşdur.

Hesabat dövründə təhsil müəssisələri ilə iş sahəsində də bir sıra işlər görülmüşdür. Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin tabeliyində olan uşaq musiqi və incəsənət məktəblərinin müəllimləri üçün solfecio fənni üzrə metodik kurs, Naxçıvan Musiqi Kollecində Babək Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan uşaq  musiqi məktəblərində kamança ixtisası üzrə tədris aparan müəllimlərə ustad dərs və Naxçıvan Musiqi Kollecinin müəllim və tələbələrinə “Balet janrının inkişafı” mövzusunda tədbir keçirilmişdir.

Nazirliyin sisteminə daxil olan dövlət teatrları da öz fəaliyyətlərini ay ərzində davam etdirmiş, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı tərəfindən “N.Gəncəvinin Sirlər xəzinəsi” və V.Səmədoğlunun “Mamoy kişinin yuxuları”, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı Z.Vedilinin “Üç qismətli varis” pyesinin, Naxçıvan Dövlət Uşaq Teatrı isə N.Nəzərovanın “Mavi işıq” əsərləri əsasında hazırlanan tamaşaların məşqlərini davam etdirmişdir.

Ötən dövr ərzində Nazirliyin saytının fəaliyyəti də diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Nazirliyin saytına 22 xəbər, 5 məqalə olmaqla, ümumilikdə 27 material işlənmişdir.

Nazirliyin Youtube kanalını oktyabr ayında (cəmi 555 video) 1 min 190 abunəçi, 83 min 447 izlənmə sayı olmuşdur.

Oktyabr ayında ümumi izləyici sayı Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Facebook səhifəsinin 569, “nmr_medeniyyet_nazirliyi” adlı İnstagram səhifəsinin 5 min 239, “Naxcivan_muzeyleri” İnstagram səhifəsinin isə 690 nəfər olmuşdur.

Hesabat dövründə Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Şərq qapısı” qəzetində 6 məqalə işıq üzü görmüşdür. Qəzetin 23 oktyabr 2020-ci il tarixli nömrəsində Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksinin baş fond mühafizi və elmi işçisi Naibə Mirzəyevanın “Cavid poeziyasının parlaq işığında” adlı məqaləsi dərc olunmuşdur. “Oğuzun səsi” qəzetinin 14 oktyabr 2020-ci il tarixli nömrəsində Məmməd Arazın Ev Muzeyinin direktoru Əzizə Süleymanovanın “Ədəbiyyatımızın daş əsgəri”, “Yeni həyat” qəzetinin 18 oktyabr 2020-ci il tarixli nömrəsində Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı Tünzalə Ağayevanın “Vətən uğrunda ölənlər unudulmurlar”, “525-ci qəzet”in 21 oktyabr 2020-ci il tarixli nömrəsində Cəmşid Naxçıvanski Muzeyinin direktoru Abasət Nuriyevin “Bir şəklin izi ilə - Araşdırma” adlı məqalələri işıq üzü görmüşdür.

Ay ərzində Nazirliyin tabeliyindəki müəssisələrin əməkdaşlarından 3 nəfəri Naxçıvan Dövlət Teleradiosunun efirində yayımlan verilişlərdə, 1 nəfəri isə “Naxçıvanın səsi” radiosunda yayımlanan verilişdə iştirak etmişdir.

Naxçıvan Dövlət Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı 10 xəbər süjeti efirə getmişdir.

Oktyabr ayının 5-də istifadəyə verilmiş Babək rayonunun Nəcəfəli Dizə Kənd Mərkəzində kənd kitabxana filialının fəaliyyəti üçün müasir iş şəraiti yaradılmışdır.

Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri bu ay ərzində də davam etdirilmişdir. Oktyabr ayı ərzində Nazirliyə 32-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 72 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara   13-ü İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 81 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 60 nəfər vətəndaşın müraciətləri cavablandırılmışdır.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmiş, müəssisə və təşkilatlara 59 nəfər işə qəbul edilmişdir.

Joomla 1.5