Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 2020-ci ilin doqquz ayı ərzində görülmüş işlərə dair HESABAT

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi 2020-ci ilin doqquz ayı ərzində öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir. Nazirlik tərəfindən yanvar-mart aylarında ənənəvi qaydada, aprel-sentyabr aylarında pandemiya dövrünə uyğun xüsusi qaydalara riayət etməklə,  onlayn, bəzi hallarda ənənəvi tədbirlərin keçirilməsi diqqətdə saxlanılmışdır.

Hesabat dövründə əlamətdar və tarixi günlərlə, görkəmli şəxsiyyətlərin anım günləri və yubileyləri ilə bağlı tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılmışdır.

Yanvar ayının 1-də Naxçıvan şəhərinin mərkəzi meydanında keçirilən “Yeni il şənliyi”ndə Naxçıvan Dövlət Filarmoniyasının solistləri konsert proqramı ilə çıxış etmiş, Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən “Qar kraliça” tamaşası nümayiş etdirilmişdir. Həmçinin 01-06 yanvar bayram tətili günlərində Naxçıvan Dövlət Kukla və Naxçıvan Dövlət Uşaq teatrlarında uşaqlar üçün bayram tamaşaları göstərilmişdir. 01 yanvar tarixdə rayon mərkəzlərində keçirilən bayram şənliklərində rayon (şəhər) mədəniyyət şöbələrinin musiqi kollektivləri rəngarəng proqramlarla çıxışlar etmiş, bundan əlavə 13 kənddə mədəniyyət şöbələri tərəfindən konsertlər təşkil edilmişdir. Bayram günlərində Nazirliyin sisteminə daxil olan muzeylər ziyarətçilərinə muzey xidməti göstərmişlər.

Fevralın 1-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında aid təşkilatlarla birgə “2 fevral – Gənclər Günü” münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri Azərbaycan Respublikasının Xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə konsert proqramı ilə çıxış etmişdir.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Naxçıvandan dünyaya” sosial çarx və qısa filmlər müsabiqəsinə yekun vurulmuş, qalib filmlər mükafatlandırılmışlar.

Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında “Məktəblilərin dram müsabiqəsi” keçirilmiş, müsabiqənin qalibləri təşkilatçılar tərəfindən mükafatlandırılmışlar.

“21 Fevral – Beynəlxalq Ana Dili Günü” münasibətilə 21 fevral tarixində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatılığı ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında tədbir keçirilmiş və sərgi qurulmuşdur.

Fevralın 25-də Naxçıvan Dövlət Filarmoniyasında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının Bəstəkarlar Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Yaşar Xəlilovun “Azərbaycan xalq mahnıları - a capella” adlı kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbirin davamında Naxçıvan Dövlət Filarmoniyasının Xor kollektivi tərəfindən kitabda əks olunan a capella janrındakı xalq mahnıları ifa olunmuşdur.

07 mart tarixdə “8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibəti ilə aid təşkilatlarla birgə tədbir keçirilmişdir. Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Kamera və Estrada orkestrləri, Mahnı və Rəqs Ansamblı, Xor kollektivi və Naxçıvan Dövlət Uşaq Filarmoniyasının solistləri konsert proqramı ilə çıxış etmişdir.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 10 mart – Milli Teatr Gününə həsr olunmuş tədbir keçirilmiş, tədbirdə Nəbi Xəzrinin “Burla Xatun” əsəri əsasında hazırlanan tamaşa nümayiş olunmuşdur.

Martın 11-də Şahbuz Rayon Mədəniyyət Sarayında Xalq Teatrının hazırladığı “Sadığın toyu” tamaşasına baxış keçirilmişdir. Tamaşa rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanmışdır.

“15 İyun - Milli Qurtuluş Günü” münasibətilə Heydər Əliyev Muzeyinin qarşısında muzeyin fonduna daxil olan rəsm əsərləri və xalçalardan ibarət sərgi təşkil olunmuşdur.

Nazirliyin təşkilatçılığı ilə iyulun 30-da “Ana dili” abidəsinin qarşısında “1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” ilə bağlı tədbir keçirilmişdir.

Sentyabrın 15-də Naxçıvan Musiqi Kollecində yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilmiş, dərs prosesinə əyani şəkildə baxış olmuşdur.

Sentyabrın 18-də Naxçıvan Dövlət Musiqili Dram Teatrının arxasındakı yaşıllıq parkında Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin “Milli Musiqi Günü”nə həsr olunmuş canlı konserti musiqisevərlərə təqdim edilmişdir. Konsert Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin rəsmi internet saytında və sosial şəbəkə hesablarında canlı olaraq yayımlanmışdır.

25 sentyabr tarixdə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 138-ci teatr mövsümünün açılışı münasibətilə tədbir keçirilmiş, tədbirin bədii hissəsində Cəfər Cabbarlının “Aydın” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olmuşdur.

Aprel-sentyabr ayları ərzində Nazirliyin iş planına uyğun onlayn mədəni xidmətin göstərilməsi diqqət mərkəzində olmuşdur.

Belə ki, aprel ayında Naxçıvan Dövlət Filarmoniyasının “Muğam üçlüyü”nün və “Simli kvarteti”nin, may ayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin, “28 May - Respublika Günü”nə həsr olunmuş Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin, Filarmoniyanın solistləri, gənc vokalist İlkin Abdullayevin və gənc skripka ifaçısı Cahangir Qurbanovun solo konsertləri təşkil olunmuşdur. İyun ayında Naxçıvan Musiqi Kollecinin “Gənclik” İnstrumental Ansamblının, Naxçıvan Dövlət Filarmoniyasının solisti, saksofon və klarnet ifaçısı Rəşad Əmiyevin onlayn konsertləri keçirilmişdir. İyul ayında Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin onlayn hesabat konserti, avqustda Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının, Naxçıvan Dövlət Filarmoniyasının,  “Muğam Studiyası”nın, sentyabr ayında Naxçıvan Muxtar Respublika Aşıqlar Birliyinin və Naxçıvan Dövlət Filarmoniyasının Qədim Musiqi Alətləri Ansamblının onlayn konsertləri təşkil edilmişdir.

Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Milli Qurtuluş Günü”nə həsr olunmuş onlayn tədbir keçirilmişdir. Bayram tədbirinin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri konsert proqramı ilə çıxış edib. İkinci rüb ərzində 9, üçüncü rübdə  5 olmaqla, ümumilikdə 14 onlayn konsert keçirilmişdir.

Aprel-iyun  aylarında C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı tərəfindən onlayn tamaşalar nümayiş etdirilmişdir. Teatr Nəbi Xəzrinin “Burla Xatun” əsəri, yazıçı-dramaturq Xaqani Əliyevin “Ehsan xan Kəngərli” tarixi dramı əsasında hazırlanmış eyniadlı tamaşaları, Cəfər Cabbarlının “Aydın” pyesi əsasında hazırlanmış eyniadlı tamaşadan bir hissəni, “Ölülər və dəlilər”-i teatrsevərlərə təqdim etmiş, Aleksandr Sergeyeviç Qriboyedovun “Ağıldan bəla” əsəri əsasında hazırlanmış tamaşanın onlayn premyerasını keçirmişdir.

Bundan əlavə mayın 11-də C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Teatrının yaradılmasının 137-ci ildönümü münasibətilə onlayn tədbir keçirilmiş və Xalq yazıçısı Elçin Əfəndiyevin “Teleskop” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa onlayn nümayiş olunmuşdur.

M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında ikinci və üçüncü rüblərdə “Buratino”, “Qoğalın sərgüzəşti”, “Ələddinin sehrli çırağı”, “Göyçək Fatma”, “Tıq-tıq xanım”, “Qızıl xoruz”  və “Keçinin qisası”   pyesləri əsasında hazırlanan eyniadlı tamaşaları onlayn formatda balaca tamaşaçılara təqdim etmişdir.

İkinci rüb ərzində C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram və M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla teatrları tərəfindən tamaşaçılara 13 onlayn tamaşa nümayiş olunmuşdur.

Konsert və tamaşalar Naxçıvan Dövlət Televiziyasında və onun internet resurslarında, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin rəsmi internet saytında və sosial şəbəkə hesablarında canlı olaraq yayımlanmışdır.

Əhalinin asudə vaxtının səmərəli keçirilməsi, eyni zamanda muxar respublikada olan muzeylərin təbliği məqsədilə aprel-sentyabr aylarında Nazirliyin tabeliyində fəaliyyət göstərən muzeylərdə 12 onlayn ekskursiya keçirilmişdir. Naxçıvan Dövlət Tarix Muzeyindən, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksindən, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətlə Heydər Əliyev Muzeyindən, “Beynəlxalq Muzeylər Günü” münasibətilə Naxçıvan Dövlət Xalça Muzeyindən, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksindən, Cəmşid Naxçıvanski Bəhruz Kəngərli, Cəlil Məmmədquluzadənin Ev və Hüseyn Cavidin Ev muzeylərindən, avqust ayında Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyindən və Naxçıvan Dövlət Rəsm Qalereyasından, sentyabr ayında isə Xatirə Muzeyindən keçirilən onlayn ekskursiyalar NTV kanalından, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin nmn.az saytından və nmr_medeniyyet_nazirliyi İnstagram səhifəsindən canlı olaraq yayımlanmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Bəstəkar Məmməd Məmmədovun 100 illik yubileyinin keçirilməsi haqqında” 28 yanvar 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının icrası ilə əlaqədar aprel ayında Naxçıvan Dövlət Filarmoniyasının solistlərinin iştirakı ilə Məmməd Məmmədovun əsərlərindən ibarət tərtib edilmiş yeni konsert proqramının Naxçıvan Dövlət Televiziyası vasitəsilə videoçəkilişi həyata keçirilmiş, videoçəkilişdə həmçinin Mədəniyyət üzrə Elmi Metodik Mərkəzin və Naxçıvan Dövlət Filarmoniyasının direktorları bəstəkarın həyat və yaradıclığı barədə çıxış etmişlər. Aparılan çəkilişlər NTV-nin efirində, Nazirliyin rəsmi vebsaytlarında, Youtube video kanalında və sosial şəbəkələrdə işıqlandırılmışdır. Həmçinin Filarmoniyanın Xalq Çalğı Alətləri Orkestrinin bəstəkar Məmməd Məmmədovun əsərlərindən ibarət onlayn konserti olmuşdur. Tədbirlər Planının bəstəkarın musiqi əsrlərindən ibarət “Məmməd Məmmədov – 100” adlı kitab və CD diski buraxılmışdır

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, Nazirliyin müvafiq tədbirlər planına əsasən birinci rübdə Cəmşid Naxçıvanski Muzeyində NDU-nun “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə təhsil alan tələbələrinə açıq dərs keçirilmiş, Nazirliyin hamiliyinə verilmiş ixtisaslarda təhsil alan tələbələrin Xatirə, Şahbuz Rayon Tarix-Diyarşünaslıq və Xalq şairi Məmməd Arazın Ev muzeylərinə ekskursiyaları təşkil olunmuşdur.

Aprel-iyun aylarında Sərəncamın icrası ilə bağlı onlayn fəaliyyət göstərilmişdir. Belə ki, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən Naxçıvan Musiqi Kollecinin və Naxçıvan Müəllimlər İnstitutunun kitabxana-informasiya ixtisası üzrə təhsil alan II və III kurs tələbələrinə 3 onlayn açıq dərs keçirilmişdir. Həmçinin M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Naxçıvan Musiqi Kollecinin kitabxana-informasiya ixtisası üzrə təhsil alan tələbələrinə aprel-may aylarında onlayn təcrübə məşğələləri keçirilmişdir.

Aid ali və orta ixtisas təhsili müəssisələri ilə birgə  “Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 03 aprel tarixli Sərəncamının icrası ilə bağlı Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin 2020-2021-ci tədris ili üçün Tədbirlər Planı” təsdiq edilmişdir.

Hesabat dövründə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 09 aprel 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil edilmək üçün 46 ədəd yeni xalçanın pasportlaşdırılması ilə bağlı müvafiq iş aparılmış, reyestrə 50 ədəd xalça haqqında məlumat daxil edilmişdir. Həmçinin aprel-sentyabr aylarında onlayn fəaliyyət dövründə “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil olan 423 ədəd xalça haqqında məlumatlar Nazirliyin sosial şəbəkə hesablarında, “naxcivan_muzeyleri” İnstaqram səhifəsində və Naxçıvan Dövlət Xalça Muzeyinin Facebook və İnstaqram səhifələrində paylaşılmışdır.

Hesabat dövründə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərur yallıları haqqında” 24 dekabr 2018-ci il tarixli 317-05/S nömrəli Sərəncamının icrası ilə əlaqədar “Yallılar dünəndən bu günə” kitabının və CD diskinin hazırlanması ilə bağlı iş diqqətdə saxlanılmış, yallıların çəkilişi aparılmış və sosial şəbəkələrdə yallı sənətinin təbliği ilə əlaqədar paylaşımlar edilmişdir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyul tarixli 46 nömrəli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxslər tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”na əsasən AMEA Naxçıvan Bölməsi tərəfindən Bədəlov Əkbər Həsənqulu oğluna Babək rayonunda yerləşən Meydantəpə yaşayış yerində və Əliyev Elvin Həsən oğluna Ordubad rayonunda yerləşən Plovdağ arxeoloji abidələr kompleksində kəşfiyyat işləri və arxeoloji tədqiqat aparmaq üçün verilən müvafiq vəkalətnamələr Nazirlik tərəfindən qeydiyyata alınmış, aparılan arxeoloji qazıntılara Nazirliyin müvafiq komissiyası tərəfindən nəzarət edilmişdir.

“Daşınmaz Tarix-Mədəniyyət Abidələrinin Siyahısı”na salınması ilə bağlı Kəngərli rayon Qarabağlar kəndində yerləşən qədim tikili – “Xan Evi”nə AMEA Naxçıvan Bölməsinin əməkdaşları və Nazirliyin nümayəndəsi tərəfindən ekspert baxışı keçirilmişdir.

“18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” ilə əlaqədar Nazirlik tərəfindən mövzu ilə bağlı məruzələr, muxtar respublika ərazisində olan abidələrin görüntüsündən ibarət slayd və Ali Məclis Sədrinin tapşırığına əsasən bərpa olunmuş Naxçıvan şəhərində yerləşən dünya əhəmiyyətli XII əsr memarlıq abidəsi olan Yusif Küseyir oğlu türbəsi haqqında videomateriallar hazırlanaraq Nazirliyin Youtube kanalında və digər sosial şəbəkə hesablarında paylaşılmışdır. Aprel-iyul ayları ərzində həmçinin Parçı İmamzadəsi, Asnı piri, Piri Süleyman ziyarətgahı, Şahtaxtı Govurqalası, Yengicə hamamı, Fərhad Evi, Ağzirət piri haqqında videomateriallar hazırlanaraq sosial şəbəkə hesablarında paylaşılmışdır.

Həmçinin “23 Aprel - Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü”, görkəmli dramaturq, yazıçı və ictimai xadim Cəlil Məmmədquluzadənin yaradıcılığının zirvəsi hesab edilən “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasının 114 illiyi ilə bağlı hazırlanmış videomateriallar da Nazirliyin Youtube kanalında yerləşdirilmiş, Facebook və İnstagram səhifələrində paylaşılmışdır.

Hesabat dövründə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə onlayn “Evdə qal, sən də yarat” və “Milli ornamentlərimiz rəsm əsərlərində” adlı rəsm, “Milli dəyərlərimiz düşüncəmizdə” adlı esse, “Bir neçə dəqiqədə mədəniyyət” adlı videoçarx, “Saz sənətini yaşadırıq” adlı onlayn saz ifaçılıq müsabiqələri keçirilmişdir. Qaliblər Nazirliyin diplomları və pul mükafatı, fərqlənənlər fəxri fərmanları ilə təltif edilmişlər.

İyun ayından start verilmiş və il ərzində davam edəcək “Mədəniyyətin izi ilə” Sosial Mədəniyyət Layihəsinin icrası ilə bağlı iş aparılmış, iyul-sentyabr aylarında layihə ilə bağlı 29 müraciət daxil olmuşdur.

Nazirlik tərəfindən ikisi 10 avqust, biri 07 sentyabr tarixdən başlayaraq muzey və kitabxanaların işçiləri üçün “Nitq mədəniyyəti” kursu keçirilir. Mütəxəssislər tərəfindən 3 qrupda aparılan kursda hər birində 10 nəfər olmaqla, ümumilikdə 30 nəfər mədəni-maarif müəssisəsinin əməkdaşı iştirak edir. Bir qrup üzrə kurs başa çatmışdır.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin, ali və orta ixtisas təhsili müəssisələrinin, idman federasiyalarının, muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, taksi sürücülərinin muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq aid təşkilatlarla birgə 2-si Xatirə Muzeyində, Heydər Əliyev, Naxçıvan Dövlət Tarix, Bəhruz Kəngərli, Dövlət Bayrağı, C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat və Cəlil Məmmədquluzadənin Ev muzeylərində olmaqla ümumilikdə 8 interaktiv dərs keçirilmiş, dərsləri muxtar respublikanın 200-dən çox təhsil müəssisəsi izləmişdir.

Ötən dövr ərzində muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması və muzey işçilərinin bütün muzeyləri tanıması məqsədilə Cəmşid Naxçıvanski Muzeyində, Xatirə Muzeyində və Naxçıvan Dövlət Rəsm Qalereyasında olmaqla 3 seminar-treninq keçirilmişdir. Ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin öyrənilməsi və gənc nəslə təbliği işinin daha da yüksəldilməsi məqsədilə Nazirliyin 7 yanvar 2020-ci il tarixli əmrinin icrası ilə bağlı Heydər Əliyev Muzeyində Naxçıvan Musiqi Kollecinin tələbələri üçün 1 açıq dərs, Nazirliyin tabeliyində olan müəssisələrin əməkdaşlarına isə 2 mühazirə və ekskursiya keçirilmişdir.

19 fevralda Naxçıvan Dövlət Tarix Muzeyinin internet portalının və Dövlət Bayrağı Muzeyinin internet saytının təqdimatları olmuşdur.

Ötən dövr ərzində Heydər Əliyev Muzeyinin internet saytının yenidən hazırlanması ilə bağlı iş aparılmış, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin internet saytının hazırlanması işi davam etdirilmişdir.

Yanvar-mart aylarında 3, sentyabr ayında 1 eksponat təqdimatı – Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyinə Babək rayon sakinləri tərəfindən hədiyyə olunmuş 110 ədəd maddi-mədəniyyət nümunəsinin, AMEA Naxçıvan Bölməsinə Nazirlik tərəfindən hədiyyə olunmuş fevral ayında 24 ədəd və sentyabr ayında 59 ədəd qədim əlyazma və kitabın, Naxçıvan Dövlət Tarix Muzeyində A.Hacıyev tərəfindən hədiyyə olunmuş 89 ədəd maddi-mədəniyyət nümunəsinin təqdimatı keçirilmişdir.

Nazirliyin təşkilatçılığı ilə Naxçıvan Dövlət Rəsm Qalereyasında naxçıvanlı rəssamların yaradıçılığı ilə bağlı silsilə tədbirlər çərçivəsində tanınmış rəssamlar Nəriman Əliyevin, Babək Abuzərlinin və Sabir Qədimovun xatirəsinə həsr olunmuş 3 və “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində naxçıvanlı şairə Qönçəbəyimin yaradıcılığına həsr olunmuş “Qönçəbəyim nəğməsi” adlı tədbirlər keçirilmişdir. Aprel-sentyabr ayları ərzində Naxçıvan Dövlət Rəsm Qalereyası tərəfindən xalq rəssamları Əzim Əzimzadə və Fuad Əbdülrəhmanov, Azərbaycan Respublikasının Əməkdar rəssamı Məmmədəli İsmayılov, Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinov, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Sabir Qədimov, rəssamlar Qədirullah Bağırov, Nəriman Əliyev, Babək Abuzərli və Abuzər Qardaşbəyov haqqında olmaqla 9, “Naxçıvan – Bəşəriyyətin Beşiyi” Beynəlxalq Rəsm festivallarında çəkilmiş rəsm əsərləri ilə bağlı 4 videomaterial hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Həmçinin muzeylərin yaradılmasının ildönümləri, profilə uyğun əlamətdar və tarixi günlər, görkəmli şəxsiyyətlərlə bağlı müxtəlif tədbirlər keçirilmiş, “Təhsil və mədəniyyət müəssisələrinin qarşılıqlı fəaliyyətinin səmərəli təşkili ilə bağlı 2019-2020-ci tədris ili üçün tədbirlər planı”na əsasən “Mən bu yurdun övladıyam“ adlı rəsm müsabiqəsinin Culfa və Kəngərli rayon turları olmuşdur.

Naxçıvan Dövlət Rəsm Qalereyasında, Naxçıvan Dövlət Tarix, Xatirə və tarix-diyarşünaslıq muzeylərində “20 Yanvar-Ümumxalq Hüzn Günü”nə, Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş açıq dərslər keçirilmiş, sərgilər qurulmuşdur.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Təhsil Nazirliklərinin birgə qrafikinə əsasən C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat, Xatirə, Cəlil Məmmədquluzadənin Ev, Naxçıvan Dövlət Tarix Muzeylərində  və “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində ümumtəhsil məktəblərinin şagirdləri üçün ­­­­­­­açıq dərslər keçirilmişdir. Birinci rüb ərzində muzeylərdə Nazirlik tərəfindən 15 və muzeylər tərəfindən 15 tədbir keçirilmiş, 17 sərgi qurulmuş, ümumtəhsil məktəblərinin şagirdlərinə 72 açıq dərs keçirilmişdir.

Fond işinin müvafiq təlimatın tələblərinə uyğun qurulmasını təmin etmək məqsədilə yanvar ayında Nazirliyin sistemində fəaliyyət göstərən muzeylərin fond mühafizlərinin imtahanı  keçirilmiş, 14-25 sentyabr tarixlərdə muzeylərin fond mühafizləri üçün seminar təşkil olunmuşdur. Fevral və sentyabr aylarında muzey əməkdaşları Naxçıvan Dövlət Tarix Muzeyində və C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində təcrübə keçmişdir.

Hesabat dövründə muzeylərə 819 ədəd yeni eksponat daxil olmuşdur. Yanvar-sentyabr ayları ərzində muzeyləri ümumilikdə 88 min 925 nəfər tamaşaçı ziyarət etmişdir ki, onlardan 14 min 844 nəfəri əcnəbi, 74 min 81 nəfəri yerli vətəndaşlardır. Sentyabr ayından etibarən nazirlik, komitə və idarələrin müvafiq qrafik üzrə muzeylərə gedişi bərpa edilmişdir.

Aprel-sentyabr ayları ərzində onlayn fəaliyyət diqqətdə saxlanılmış, Nazirliyin təşkilatçılığı ilə muzey əməkdaşları üçün 5 onlayn seminar keçirilmişdir. Naxçıvan Dövlət Tarix Muzeyində “28 May - Respublika Günü” ilə əlaqədar Naxçıvan şəhərindəki tam orta məktəblərin şagirdlərinin bir qrupu üçün və “15 İyun - Milli Qurtuluş Günü” münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə sağlamlıq imkanları məhdud uşaqlara Heydər Əliyev Muzeyindən onlayn ekskursiyalar keçirilmişdir. Həmçinin Təhsil Nazirliyi ilə birgə tətil günlərində məktəblilərin asudə vaxtının səmərəli təşkili məqsədilə məktəbdənkənar müəssisələrin dərnək üzvlərinə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində, Cəmşid Naxçıvanski, Heydər Əliyev və Naxçıvan Dövlət Tarix muzeylərində, Ordubad rayon məktəblilərinə isə Yusif Məmmədəliyevin Ev Muzeyində 5 olmaqla, ümumilikdə 7 onlayn ekskursiya keçirilmişdir. 28 iyul-02 sentyabr tarixlərdə Naxçıvan Şəhər Peşə Liseyinin “Turizm agenti” kursunun müdavimlərinə muzeylərdə təcrübə keçirilməsi təmin edilmişdir.

Aprel-sentyabr ayları ərzində muzeylər öz fəaliyyətini davam etdirmiş, onlayn mədəni xidmətin göstərilməsi diqqətdə saxlanılmış, sosial şəbəkələrdəki hesablarında onlayn ekskursiyalar, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlər, muzeylərdə olan eksponatlarla, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş milli qəhrəmanların doğum və anım günləri münasibətilə və s. mövzularda videomateriallar, slaydlar, məlumatlar hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır. Hesabat dövründə, ümumilikdə Nazirliyin sistemində fəaliyyət göstərən muzeylər tərəfindən 3 min 492 müxtəlif məlumat, audio və video material hazırlanmış və  sosial şəbəkələrdə paylaşılmışdır. Onlardan 891-i  onlayn ekskursiya olmuşdur. Hesabat dövründə Nazirliyin “naxcivan_muzeyleri” İnstagram hesabında 805 ədəd məlumat xarakterli paylaşım və onlayn ekskursiya yerləşdirilmişdir.

Muzeylər tərəfindən ümumilikdə Instagram səhifələrində 14 min 239, Facebook hesablarında 14 min 646  paylaşım edilmişdir ki, onlardan 1 min 208 ədədi 891 onlayn ekskursiya, 2 min 897 ədədi məlumat xarakterli paylaşım, qalanları Nazirlik və digər muzeylərin hazırladığı məlumatların paylaşımı olmuşdur. Bu paylaşımların İnstagram hesablarında 37 mindən çox, Facebook hesablarında isə 31 minə yaxın çox izləyicisi olmuşdur.

Hesabat dövrü ərzində kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır.

2020-ci ilin birinci rübündə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemləri də daxil olmaqla tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar tədbirlərin keçirilməsi, sərgilərin qurulması diqqət mərkəzində saxlanılmışdır. Bu dövrdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərdə əlamətdar və tarixi günlər, yubileylərlə bağlı ümumilikdə 87 tədbir keçirilmişdir. Doqquz ayda kitabxanalarda, ümumilikdə 129 sərgi qurulmuş, 297 tədbir keçirilmişdir ki, 95-i “Nağıl Günü”, 20-si “Mütaliə Günü”, 21-i “Kitabxana Günü”, 21-i “Kitabxanaçı Günü”  olmuşdur. 1 “Kitabxana Günü” və 1 “Kitabxanaçı Günü” onlayn keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamına əsasən “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan kitabların müzakirələri də diqqətdə saxlanılmışdır. Yanvar-mart aylarında 40-ı klub müəssisələrinin işçiləri ilə, 2-i gənclərlə, 40-ı kitabxana işçiləri ilə və 10-u digər olmaqla ümumilikdə 92 kitab müzakirəsi olmuşdur.

Sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində daimi kitab sərgisi fəaliyyət göstərir ki, burada olan kitablar vaxtaşırı yenilənir. Bunlarla yanaşı 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası 9 nəfər sağlamlıq imkanları məhdud uşağın ailəsində olmuş, uşaqlarla əyləncəli oyunlar keçirmiş, onlara bayram hədiyyələri təqdim olunmuşdur. Bunlarla yanaşı, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən “21 Sentyabr – Beynəlxalq Sülh Günü”nə həsr olunmuş “Biz sülh istəyirik” adlı onlayn rəsm müsabiqəsi keçirilmişdir. Bu kateqoriyadan olan uşaqlar üçün şeir müsabiqəsi də keçirilmişdir. Yanvar-sentyabr ayları ərzində kitabxanalar tərəfindən bu kateqoriyadan olan 137 nəfər uşağa səyyar kitabxana xidməti göstərilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası birinci rüb ərzində 25 nəfər fiziki-məhdud imkanlı şəxsə səyyar kitabxana xidməti göstərmişdir.

Ötən 9 ayda M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən ümumilikdə 36 adda 288 metodiki məktub və 2 adda 48 tövsiyyə ədəbiyyat siyahısı hazırlanaraq aidiyyəti üzrə göndərilmişdir.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş qrafikə əsasən yanvar-fevral aylarında Naxçıvan şəhər, Kəngərli, Şahbuz və Culfa rayon MKS-lərin əməkdaşları üçün 3 təlim kursu keçirilmişdir. 5 günlük təlim kurslarında 135 nəfər kitabxanaçı iştirak etmişdir. Kurs M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin əməkdaşları tərəfindən tədris edilmişdir.

Yanvar-sentyabr  aylarında Nazirliyə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən 30 adda 442 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla  680 adda 1053 nüsxə çap məhsulu daxil olmuş,  kitabxanalarda yeni oxucu sayı 929 nəfər, oxucu gəlişi 35 min 467 nəfər, kitab verilişi isə  206 min 836 nüsxə olmuşdur.

Dövr ərzində elektron kataloqa 4 min 737 adda kitab işlənmiş və ümumilikdə elektron kataloqda kitabların sayı 19 min 703-ə, şəbəkəyə isə 368 kitab (PDF) işlənmiş və ümumi sayı 3 min 350-yə çatdırılmışdır. Elektron kitabxanadan 3 min 307 oxucu istifadə etmişdir. Bunlardan 996-sı lokal, 2 min 311-i isə qlobal şəbəkə istifadəçiləri olmuşdur.

Aprel-may aylarında M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası, rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemləri tərəfindən oxuculara sifarişlər əsasında evlərinə kitabların çatdırılması xidməti göstərilmişdir. Hesabat dövründə müraciət etmiş 1214 şəxsə səyyar kitabxana xidməti göstərilmiş, 2 min 981 kitab verilişi olmuşdur. O cümlədən, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 232 uşağa səyyar kitabxana xidməti göstərilmiş, 651 kitab verilişi olmuşdur.

Aprel-sentyabr ayları ərzində Nazirliyin iş planına uyğun onlayn mədəni xidmətin göstərilməsi diqqət mərkəzində olmuşdur.

Nazirliyin təşkilatçılığı ilə nazirliyin sistemində fəaliyyət göstərən kitabxanaların əməkdaşları üçün 1 onlayn,  M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında nazirliyin tabeliyində olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin kitabxanaçıları üçün “Daxil olan çap məhsullarının qeydiyyata alınması qaydaları” adlı seminar və kitabxana əməkdaşları və oxucular üçün “Müasir dövrümüzdə elektron kitabxana resurslarından istifadə qaydaları” adlı onlayn seminar keçirilmişdir.

Hesabat dövründə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan kitablarla bağlı video və audio materialların, audio kitabların hazırlanması işi diqqətdə saxlanılmış, siyahıya daxil olan kitablarla bağlı ümumilikdə, 269 material hazırlanmış və 431 paylaşım edilmişdir.

Aprel-sentyabr aylarında M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Əbdürrəhim bəy Haqverdiyev – 150” adlı onlayn konfrans təşkil olunmuş, 18 onlayn kitab müzakirəsi, MKS-lərin əməkdaşları üçün 5 onlayn, 1 ənənəvi təcrübə məşğələsi keçirilmişdir. “1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü”, Oqtay Salamzadənin anadan olmasının 90 illiyi, Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 95 illiyi ilə bağlı onlayn tədbirlər, “21 Sentyabr – Beynəlxalq Sülh Günü”nə həsr olunmuş “Biz sülh istəyirik” adlı onlayn rəsm müsabiqəsi, və s. tədbirlər keçirilmiş, “Bəxtiyar Vahabzadə-95” və “Beynəlxalq Azərbaycan Muğamı Günü” adlı sərgilər təşkil edilmişdir.

A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən sentyabr ayında  “Kitabxana Günü” ilə əlaqədar olaraq “Kitabxana xidmətindən onlayn istifadəsinin rolu və əhəmiyyəti” ilə bağlı onlayn tədbir keçirilmişdir. Həmçinin “Kitabxanaçı Günü” ilə bağlı olaraq Şərur Rayon MKS-nin uşaq şöbəsinin əməkdaşları ilə “Kiçik yaşlı oxucularda mütaliə maraqlarının artırılmasının təşkilində kitabxanaçının rolu” adlı onlayn müzakirə təşkil edilmişdir.

Həmçinin Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyorları və mədəniyyət müəssisələrinin əməkdaşları tərəfindən 460 şeir, hekayə və poemalardan parçalardan bədii qiraət formatlı videomateriallar və audiokitablar hazırlanmışdır. Bu materiallar Nazirliyin Youtube kanalına yerləşdirilmiş, sosial şəbəkə hesablarında paylaşılmışdır.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində videomateriallar, slaydlar, məlumatlar olmaqla, ümumilikdə 916 material hazırlanmış, sosial şəbəkə hesablarında 6 min 640 paylaşım edilmişdir. İzləyici sayı İnstaqram səhifələrində 10 min 495, Facebook səhifələrində 7 min 949 olmuşdur.

“Nağıl Günləri” layihəsi çərçivəsində aprel-sentyabr aylarında 58-i M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, 329-u A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları tərəfindən olmaqla, 387 (iyul-avqust) audio nağıl hazırlanaraq sosial şəbəkə hesablarında 821 paylaşım edilmişdir.

Ötən dövrdə klub müəssisələrinin də fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır.

Belə ki, 01-02 yanvar tarixlərdə rayon mərkəzlərində yeni il şənlikləri keçirilmiş, rayon mədəniyyət şöbələrinin instrumental ansamblları, həmçinin mədəniyyət evlərinin və klub müəssisələrinin yaradıcı kollektivləri hərbi hissələrdə və bir sıra yaşayış məntəqələrində konsert proqramı ilə çıxış etmişlər.

Əlamətdar və tarixi günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə bağlı klub müəssisələrində müxtəlif tədbirlər keçirilmişdir. Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” instrumental ansamblı tərəfindən Naxçıvan Şəhər Təqaüdçülər Klubunda 3 konsert proqramı təşkil olunmuşdur.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyindəki klub müəssisələrində fəaliyyət göstərən musiqi və bədii-qiraət dərnəklərinin üzvləri, musiqi özfəaliyyət kollektivləri və rayon (şəhər) mədəniyyət şöbələrinin instrumental ansambllarının iştirakilə keçirilən “Səsin sehri, sözün sirri” müsabiqəsinin Naxçıvan şəhərində, Şərur və Culfa rayonlarında olmaqla 3 seçim turu olmuşdur. Seçim turlarında ümumilikdə rayon (şəhər) mədəniyyət şöbələri üzrə 8 ansambl, 13 musiqi dərnəyi və 25 bədii-qiraətçi iştirak etmişdir.

Klub müəssisələrində keçirilən dərnəklərdə işin keyfiyyətinin yüksəldilməsi məqsədilə bu müəssisələrin əməkdaşlarının maraqları nəzərə alınaraq nazirlik tərəfindən onlar üçün yanvar ayından başlayan peşə kursları fevral ayında başa çatmışdır. Keçirilən kurslarda 12 nəfər milli rəqslər üzrə, 15 nəfər rəssamlıq üzrə, 15 nəfər yallı üzrə, 21 nəfər isə dram üzrə iştirak etmiş, tədrisi Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Dövlət Musiqili Dram Teatrının ixtisaslı mütəxəssisləri, rəssamlıq üzrə Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin müəllimləri, yallı üzrə isə “Şərur” Xalq Yallı Ansamblının bədii rəhbəri aparmışdır. Naxçıvan Regional Peşə Tədris Mərkəzində Nazirliyin sistemində fəaliyyət göstərən mədəniyyət evləri və klubların 14 nəfər əməkdaşı üçün keçirilən xalçaçılıq üzrə 3 aylıq peşə kursu iyul ayında başa çatmış, avqust ayının 5-dən 2 aylıq toxuculuq kursuna başlanılmışdır. Kursda 12 nəfər klub müəssisəsinin əməkdaşı iştirak edir.

Dövr ərzində xalq yaradıcılığının öyrənilməsi, yaşadılması və gələcək nəsillərə çatdırılması ilə bağlı mütəmadi iş aparılmışdır. Belə ki, Şahbuz, Kəngərli, Babək, Ordubad, Sədərək və Culfa rayon mədəniyyət evləri və klublarının hazırladıqları xalq yaradıcılığı nümunələrinin Naxçıvan Dövlət Film Fondu tərəfindən çəkilişləri aparılmış, 25-i yallı olmaqla 60 videomaterial hazırlanmışdır. Həmçinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən 18, rayon mədəniyyət şöbələri tərəfindən 15 olmaqla, ümumilikdə, xalq yaradıcılığı ilə bağlı 93 videomaterial hazırlanmış, bu materiallar Nazirliyin Youtube kanalında yerləşdirilmiş, sosial şəbəkələrdə paylaşılmışdır.

Birinci rüb ərzində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin əməkdaşları Culfa, Babək, Kəngərli, Şərur və Ordubad rayonlarında 26  klub müəssisəsində olmuş və dərnək fəaliyyəti, eləcə də mədəni-kütləvi tədbirlərin təşkili ilə bağlı əməkdaşlara əməli köməklik göstərmişlər. Həmçinin mərkəzin əməkdaşları M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları ilə birgə Babək rayonunun 6, Kəngərli rayonunun 7 kənd kitabxana filialında olmuş, kitabxanaçılara yerində əməli köməklik göstərmişlər.

Hesabat dövründə həmçinin mərkəz tərəfindən müvafiq ssenari əsasında “Şaxbəzəmə” adəti haqqında film hazırlanması məqsədi ilə Şahbuz rayonunun Kükü kəndində çəkilişlər aparılmış və film hazırlanmışdır. Mərkəz tərəfindən folklor nümunələri əsasında “Şaxbəzəmə adəti”, “Qədim-qayım qayınanaların və gəlinlərin dünyagörüşünə və məişətinə bir baxış”, “Evlən, saqqalı ağarmış, evlən”, “Nə yaxa cırmısan, nə də yaxanı cırıblar” və “Tənbəl Xanımağa” adlı 5 ssenari mətni hazırlanmış, səhnələşdirilməsi üçün xalq teatrlarına aidiyyəti üzrə göndərilmişdir.

Dövr ərzində Heydər Əliyev Sarayı və Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəz tərəfindən 18 adda 128 metodik məktub hazırlanaraq rayon (şəhər) mədəniyyət şöbələrinə gödərilmişdir.

Birinci rüb ərzində klub müəssisələrində 256-ı əlamətdar və tarixi günlərə, o cümlədən yubileylərə həsr olunmaqla 358 mədəni-kütləvi tədbir keçirilmişdir.

Doqquz ay ərzində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən görkəmli şəxsiyyətlərlə bağlı, milli adət-ənənələrin, sənətkarlığın təbliği və yaşadılması baxımından mühüm əhəmiyyətə malik xalq yaradıcılığı nümunələri,  bədii qiraət və s. olmaqla ümumilikdə, 272 material hazırlanmış, müəssisənin İnstaqram və Facebook hesablarında 1444 paylaşım edilmiş, İnstaqramda 523, Facebookda 980 izləyici sayı olmuşdur. Mərkəzin İnstaqram profilində mütəmadi olaraq folklorumuzla bağlı test suallarının paylaşılması davam etdirilmişdir.

Aprel-iyun aylarında klub müəssisələri tərəfindən əlamətdar və tarixi günlərlə, görkəmli şəxsiyyətlərlə, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması və s. ilə bağlı müxtəlif xarakterli 553 videomaterial hazırlanmışdır. Bu materiallar Nazirliyin Youtube kanalına yerləşdirilmiş, müəssisələrin sosial şəbəkə hesablarında paylaşılmışdır.

Dövr ərzində Naxçıvan şəhər və rayon mədəniyyət şöbələri tərəfindən sosial şəbəkələrdə 9 min 957 paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 4 min 386 paylaşım edilmiş, 10 min 812 izləyici sayı olmuşdur. İnstaqram səhifələrində edilən 5 min 571 paylaşımın 11 min 778 izləyicisi olmuşdur.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə bağlanmış müqavilələrə əsasən 2020-ci ilin 9 ayı ərzində 2802 manatlıq 102 adda 432 ədəd iş satılmışdır.

Hesabat dövründə Naxçıvan Dövlət Film Fondunun və kinoteatrların fəaliyyəti də diqqət mərkəzində saxlanılmışdır. Yanvar-mart ayları ərzində “Dünya kinosu – kino dünyası” layihəsi çərçivəsində 6, “Təhsil və mədəniyyət müəssisələrinin qarşılıqlı fəaliyyətinin səmərəli təşkili ilə bağlı 2019-2020-ci tədris ili üçün tədbirlər planı”na əsasən Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdlərinə 2, sağlamlıq imkanları məhdud, aztəminatlı, qaçqın və məcburi köçkün, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum uşaqlar üçün 1, digər tədbirlərdə 4 olmaqla 13 film nümayişi olmuş, 1 tədbir keçirilmişdir. Eyni zamanda, “Heydər Əliyev Muzeyi”nin fondunda olan filmlərin nüsxələrinin köçürülməsi işi də aparılmışdır.

Aprel-sentyabr ayları ərzində Naxçıvan Dövlət Film Fondu fəaliyyətini onlayn qurmağa çalışmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı məlumatlar hazırlanaraq sosial şəbəkələrdə paylaşımlar edilmişdir.

Film Fond tərəfindən “Yallılar dünəndən bu günə” CD-nin hazırlanması ilə bağlı 18 yallının videoçəkilişi aparılmışdır.

“2 avqust - Azərbaycan Kinosu Günü” ilə bağlı “Azərbaycan kinosu - dünən və bu gün” mövzusunda onlayn tədbir keçirilmişdir.

Babək Rayon Mədəniyyət Şöbəsinin instrumental ansamblının, Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri, mədəniyyət evləri tərəfindən hazırlanmış konsert proqramının, Naxçıvan Musiqi Kollecinin tar ixtisası üzrə tələbəsi Murad Behbudovun solo konsertinin və Kollecin tar ixtisası müəllimi İlqar Hüseynovun tələbələrinin konsertinin çəkilişləri aparılmışdır. Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrının “Sevməsəm ölərəm” tamaşasının, Babək Rayon Xalq Teatrı tərəfindən S.S.Axundovun “Tamahkar” komediyası əsasında hazırlanmış tamaşanın və Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin “Piano” ixtisası üzrə şagirdi Məleykə Vəliyevanın konsert nömrələrinin çəkilişi həyata keçirilmişdir. Həmçinin Culfa Rayon Mədəniyyət Sarayının musiqi kollektivlərinin vokal konsert proqramının və Culfa rayon mədəniyyət müəssisələrinin ifasında xalq yaradıcılığı  nümunələrinin çəkilişi həyata keçirilmişdir.

Sentyabr ayında Naxçıvan  Dövlət  Film  Fondu  “Əyləncə adası” İstirahət Parkında açıq havada  3 film - Mirsadıq Ağazadənin “Eviniz abad”, Dərviş Zaimin “Cənnəti gözləyərkən”, Can Ulkayın “Ayla” -  nümayişi təşkil etmişdir.

Film Fond tərəfindən bu dövrdə 601 material hazırlanmış, sosial şəbəkə hesablarında 542 paylaşım edilmiş, 1 min 260 izləyici sayı olmuşdur. Həmçinin hesabat dövründə videomateriallar hazırlanarkən müəssisə və təşkilatlara Film Fondu tərəfindən mütəxəssis köməyi göstərilmiş, xalq yaradıcılığı ilə bağlı çəkilişlər aparılmış və müxtəlif videomateriallar hazırlanaraq Nazirliyin Youtube kanalında yerləşdirilmişdir.

Dövr ərzində Nazirliyin sisteminə daxil olan müəssisə və təşkilatlarda saxlanılan filmlərin və onların nümayişinin qeydiyyatının aparılması və pasportlaşdırılması, həmçinin filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi  işləri davam etdirilmişdir.

Hesabat dövründə Nazirliyin və rayon (şəhər) mədəniyyət şöbələrinin tabeliyində olan təhsil müəssisələri ilə də iş aparılmışdır. Yanvar ayı ərzində tərtib olunmuş qrafik əsasında uşaq musiqi, incəsənət və bədii sənəkarlıq məktəblərinin, Naxçıvan Musiqi Kollecinin “Buta” Muğam Ansamblının, nəfəsli, xalq çalğı alətləri, simli və fortepiano şöbələrinin hesabat konsertləri keçirilmişdir.

Hesabat dövründə “Azərbaycan musiqi tarixindən” layihəsi çərçivəsində silsilə tədbirlər davam etdirilmiş, “Azərbaycan bəstəkarlıq məktəbinin ilk qadın bəstəkarı Ağabacı Rzayeva”, “Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli siması Niyazinin həyat və yaradıcılıq irsi” və “Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli siması Fikrət Əmirovun həyat və yaradıcılıq irsi” mövzusunda Naxçıvan Musiqi Kollecinin və uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin müəllimlərinə 3 mühazirə oxunmuş və sənədli filmlər nümayiş olunmuşdur.

Məmməd Məmmədovun 100 illik yubileyi ilə əlaqədar olaraq nazirlik tərəfindən tərtib olunmuş qrafik əsasında fevral ayı ərzində uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində və Naxçıvan Musiqi Kollecində açıq dərslər təşkil olunmuşdur. Fevral və mart aylarında Naxçıvan şəhər Gənclər Mərkəzində Naxçıvan Musiqi Kollecinin və uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin komandaları arasında 3 “Lira” musiqili intellektual oyunu keçirilmişdir.

Uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin müəllimlərinin iştirakı ilə xor, musiqi ədəbiyyatı və solfecio fənləri üzrə 5 metodiki kurs, həmçinin 10 ustad dərs keçirilmişdir. Bundan əlavə Bakı Şəhər Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin skripka ixisası üzrə müəllimi Anar Yusifov tərəfindən Musiqi Kollecinin və uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin müəllim, tələbə və şagirdlərinə  ustad dərs keçirilmiş və Naxçıvan Musiqi Kollecində istedadlı ifaçının konserti təşkil edilmişdir. Həmçinin  27 yanvar tarixdən 4 fevral tarixədək Naxçıvan Musiqi Kollecində uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin müəllimləri üçün “Solfecio” fənni üzrə kurs təşkil olunmuşdur.

Aprel ayından uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin müəllimləri üçün metodik kurs və ustad dərslər onlayn formada davam etdirilmiş, dövr ərzində 3 metodiki kurs və 4 ustad dərs keçirilmişdir.

Nazirliyin sisteminə daxil olan təhsil müəssisələri tərəfindən onlayn dərslərin keçirilməsi və müxtəlif video materialların hazırlanması və paylaşılması işi aparılmışdır. Belə ki, Naxçıvan Musiqi Kolleci 2 min 429, Naxçıvan şəhər Mədəniyyət Şöbəsinin tabeliyində olan təhsil müəssisələri 3 min 923, Babək rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan təhsil müəssisələri 1 min 451, Şərur rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan təhsil müəssisələri 2 min 245, Ordubad rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan təhsil müəssisələri 948, Culfa rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan təhsil müəssisələri 1 min 228, Kəngərli rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan təhsil müəssisələri 525, Şahbuz rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan təhsil müəssisələri 947, Sədərək rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan təhsil müəssisələri 244 olmaqla, ümumilikdə 13 min 940 onlayn dərs keçmişdir.

Hesabat dövründə Naxçıvan Musiqi Kolleci, Naxçıvan Dövlət Uşaq Filarmoniyası və uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri tərəfindən ümumilikdə 591 videomaterial hazırlanmışdır. Həmin materiallar Kollecin, Uşaq Filarmoniyasının və rayon (şəhər) mədəniyyət şöbələrinin sosial şəbəkələrdəki hesablarında paylaşılmış və ümumilikdə 28 min 680 sayda bəyənmə qeydə alınmışdır. May ayında Nazirliyin yeni layihəsi olan “Biz birlikdə güclüyük” layihəsi çərçivəsində Naxçıvan Musiqi Kollecinin, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının musiqiçilərinin ifasında Naxçıvan Dövlət Film Fondu tərəfindən hazırlanmış bir sıra sosial videomateriallar internet resurslarında paylaşılmışdır.

21-31 may tarixlərində uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində müxtəlif ixtisaslar üzrə təhsil alan məzunların buraxılış imtahanları keçirilmişdir. Nəticələrə əsasən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri müxtəlif ixtisaslar 52-i fərqlənmə, 624-ü ümumi qiymətlərlə olmaqla ümumilikdə 676 nəfər bitirmişdir. Bundan əlavə 03-12 iyun tarixlərində Musiqi Kollecinin buraxılış kurslarının dövlət imtahanları, 8-25 iyun tarixlərdə isə yaz imtahan sessiyası keçirilmişdir.

Hesabat dövründə gənclərlə iş sahəsi də diqqət mərkəzində saxlanılmışdır. Gənclərin “20 yanvar Ümumxalq hüzn günü” münasibətilə Xatirə Muzeyinə, fevral ayında isə Şahbuz Rayon Tarix-Diyarşünaslıq və Məmməd Arazın Ev Muzeylərinə ekskursiyası təşkil olunmuşdur.

Nazirliyin 2020-cu il iş planına uyğun olaraq 25 yanvar tarixdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Film Fondunda sağlamlıq imkanları məhdud uşaqlar üçün “Buta” filmi nümayiş edilmişdir.

Hesabat dövründə gənclər arasında keçirilən kitab və film müzakirələrinə Kəngərli Rayon Qarabağlar Kənd Mədəniyyət Evində keçirilən və “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan “Kitabi Dədə Qorqud dastanı”nın müzakirəsi ilə start verilmişdir. Aprel ayından başlayaraq isə tədbirlər onlayn formada davam etdirilmişdir. Q.Səidin “Əli və Nino”, Əfqan əsilli Amerikalı yazıçı Xalid Hüseyninin “Çərpələng uçuran” və V.Hüqonun “Edama məhkumun son gecəsi” əsərlərinin müzakirəsi, həmçinin milli kinomuzun incilərindən sayılan “Tütək səsi”, Mik Deyvisin rejissorluğu ilə İtaliyalı rəssam Amadeu Modigilianinin həyatında bəhs edən “Modigiliani”, Piter Farellinin rejissorluğu ilə çəkilmiş “Green book” və Heydər Əliyev Fondunun  dəstəyi ilə çəkilən “Son iclas” filmlərinin müzakirələri keçirilmişdir. Ümumilikdə gənclərlə 4 kitab, 4 film müzakirəsi keçirilmişdir.

Bundan əlavə Naxçıvan Dövlət Film Fondunda “Vətənpərvərlik” mövzusunda ənənəvi və “Milli adət-ənənələr” adlı onlayn maarifləndirici tədbirlər təşkil olunmuş, 19 iyun tarixdə isə Nazirliyin nəzdində fəaliyyət göstərən bütün gənclər birliklərinin üzvləri arasında “Yaşa və öyrən – onlayn” intellektual bilik yarışı keçirilmişdir.

Hesabat dövründə Nazirliyin tabeliyində olan teatrlar tərəfindən də fəaliyyət istiqaməti üzrə işlər davam etdirilmişdir. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı Elçin Əfəndiyevin “Teleskop” əsəri əsasında hazırladığı tamaşanı stasionarda 5 dəfə nümayiş etdirmişdir. Bundan əlavə 2020-ci il repertuar planında olan Nəbi Xəzrinin “Burla Xatın” əsəri əsasında hazırlanan “Burla Xatun” tamaşası tamaşaçılara təqdim olunmuşdur. Eyni zamanda dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poeması əsasında və görkəmli şair, yazıçı və dramaturq Cəfər Cabbarlının “Aydın” pyesi hazırlanan tamaşaların məşqləri davam etdirilmişdir.

Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən rüb  ərzində “Novruz gəlir” kompozisiyası hazırlanmışdır. Teatr tərəfindən ənənəvi formada yanvar tətili günləri – 01-06 yanvar tarixlərdə 15, şənbə günlərində 13 tamaşa, 2 qastrol və 1 xeyriyyə tamaşası olmaqla, ümumilikdə 31 tamaşa oynanılmışdır.

Naxçıvan Dövlət Uşaq Teatrı “Kosanın toyu” kompozisiyasını hazırlamış,  01-06 yanvar tarixlərdə 12 tamaşa oynamış, Sədərək Rayon Mədəniyyət Sarayında “Siçanlar və pişiklər” tamaşasını göstərmişdir. Teatrda 2020-ci il üçün repertuar planında olan “Mavi işıq” tamaşasının məşqləri aparılmışdır.

Naxçıvan Dövlət Filarmoniyasında kollektivlərin məşqləri dövr ərzində qrafikə uyğun olaraq davam etdirilmiş, yanvar-fevral aylarında Mahnı və Rəqs Ansamblı Culfa  Rayon Mədəniyyət Sarayında, “Muğam studiyası” Kəngərli Rayon Mədəniyyət Sarayında, Mahnı və Rəqs Ansamblı Şərur Rayon Mədəniyyət Sarayında bilet satışı ilə konsert vermişdir.

5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş “İdman festivalı”nda Naxçıvan Dövlət Filarmoniyasının rəqs kollektivi və solistləri konsert proqramı ilə çıxış etmişdir. Bundan əlavə filarmoniya tərəfindən Novruz bayramı münasibəti ilə “Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksində martın 20, 21 və 22-də fonoqram musiqilər səsləndirilmişdir.

Hesabat dövrü ərzində mədəniyyət və incəsənət müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, tarix-mədəniyyət abidələrinin bərpası sahəsində işlər davam etdirilmişdir. Belə ki, Ordubad Rayon Vənənd Kənd Uşaq Musiqi Məktəbinin yeni binası istifadəyə verilmiş, yeni tikilən Ordubad rayon Vənənd, Şərur rayonunun Muğancıq-Mehrab və Məmmədsabir, Culfa rayonunun Camaldın kənd mərkəzlərində kitabxana,  mədəniyyət evi və klubların fəaliyyəti üçün müasir iş şəraiti yaradılmışdır. Şərur şəhərində Təqaüdçülər Klubunun binası yenidənqurmadan sonra istifadəyə verilmişdir. Naxçıvan şəhərində XII əsr memarlıq abidəsi olan Yusif Küseyir oğlu türbəsi və XIV əsrə aid Buzxana abidəsi, Kəngərli rayonunun Şahtaxtı kəndində XIX əsrə aid hamam bərpa edilmişdir.

Yanvar-sentyabr ayları ərzində Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafında xidmətlərinə görə mədəniyyət nazirliyinin sisteminə daxil olan müəssisələrdə çalışan işçilərdən 1 nəfər Azərbaycan Respublikasının Əməkdar artisti, 2 nəfər Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi 3 nəfər Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti fəxri adına, 10 nəfər isə Prezident mükafatına layiq görülmüşdür.

Ötən dövr ərzində Nazirliyin saytının fəaliyyəti diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Nazirliyin saytına 250 xəbər, 79 məqalə olmaqla, ümumilikdə 329 material işlənmişdir.

Nazirliyin Youtube kanalına ümumilikdə 555 videomaterial yerləşdirilmiş, bu günədək 1 min 190 abunəçi, 83 min 170 izlənmə sayı olmuşdur. Ötən dövr ərzində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin İnstaqram və Facebook hesablarında audio və videomateriallar, slaydlar, məlumat xarakterli materiallar, Nazirlik və onun tabeliyində olan mədəniyyət və incəsənət müəssisələri tərəfindən hazırlanan layihələrin elanları, videoçarxlar və s. yerləşdirilmişdir.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 562-ə çatmış, 1 min 151 paylaşım edilmişdir.

O cümlədən, nmr_medeniyyet_nazirliyi adlı İnstagram səhifəsinin ümumi izləyicilərinin sayı 5 min 208 olmuş, səhifədə 1 min 151 paylaşım edilmişdir. “Naxcivan_muzeyleri” İnstagram səhifəsində 805 paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 658 nəfər olmuşdur.

Yanvar-sentyabr ayları ərzində Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Şərq qapısı” qəzetində 60 məqalə dərc olunmuş, “Nuhçıxan” İnformasiya Agentliyinin saytında 19 məqalə işıq üzü görmüşdür.

Şəhər və rayon qəzetlərində Nazirliyə tabe müəssisələrin əməkdaşlarının 17 məqaləsi dərc olunmuşdur.

Naxçıvan Dövlət Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı 169 xəbər süjeti efirə getmişdir.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmiş, müəssisə və təşkilatlara 70 nəfər, dövlət qulluğu üzrə müvafiq müsabiqədən keçmiş 1 nəfər işə qəbul edilmişdir.

Yarımil ərzində Nazirliyin 3 kollegiya iclası keçirilmiş, kollegiyada 4 məsələ müzakirə edilmişdir.

Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri hesabat dövrü ərzində davam  etdirilmişdir. 9 ay ərzində Nazirliyə 88-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 339 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 116-sı İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 317 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Vətəndaşların müraciətləri də  daim nəzarətdə saxlanılmış, Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 295 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.

Fevral ayında Nazirliyin tabeliyində fəaliyyət göstərən müəssisə və təşkilatlar üçün kadr və kargüzarlıq işinin təşkili ilə bağlı maarifləndirici seminar keçirilmişdir.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmiş, müəssisə və təşkilatlara 121 nəfər, dövlət qulluğu üzrə müvafiq müsabiqədən keçmiş 1 nəfər, uşaq musiqi və incəsənət məktəblərinə müvafiq müsabiqədən keçmiş 23 nəfər müəllim olmaqla, ümumilikdə 145 nəfər işə qəbul edilmişdir.

9 ay ərzində Nazirliyin 5 kollegiya iclası keçirilmiş, kollegiyada 6 məsələ müzakirə edilmişdir.

Joomla 1.5