Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 2020-ci ilin birinci rübü ərzində görülmüş işlərə dair HESABAT

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi 2020-ci ilin birinci rübündə öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

Hesabat dövründə əlamətdar və tarixi günlərlə, görkəmli şəxsiyyətlərin anım günləri və yubileyləri ilə bağlı tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılmışdır.

Yanvar ayının 1-də Naxçıvan şəhərinin mərkəzi meydanında keçirilən “Yeni il şənliyi”ndə Naxçıvan Dövlət Filarmoniyasının solistləri konsert proqramı ilə çıxış etmiş, Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən “Qar kraliça” tamaşası nümayiş etdirilmişdir. Həmçinin 01-06 yanvar bayram tətili günlərində Naxçıvan Dövlət Kukla və Naxçıvan Dövlət Uşaq teatrlarında uşaqlar üçün bayram tamaşaları göstərilmişdir. 01 yanvar tarixdə rayon mərkəzlərində keçirilən bayram şənliklərində rayon (şəhər) mədəniyyət şöbələrinin musiqi kollektivləri rəngarəng proqramlarla çıxışlar etmiş, bundan əlavə 13 kənddə mədəniyyət şöbələri tərəfindən konsertlər təşkil edilmişdir. Bayram günlərində Nazirliyin sisteminə daxil olan muzeylər ziyarətçilərinə muzey xidməti göstərmişlər.

Fevralın 1-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında aid təşkilatlarla birgə “2 fevral – Gənclər Günü” münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri Azərbaycan Respublikasının Xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə konsert proqramı ilə çıxış etmişdir.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Naxçıvandan dünyaya” sosial çarx və qısa filmlər müsabiqəsinə yekun vurulmuş, birinci yer üzrə 1, ikinci və üçüncü yerlər üzrə hər birindən 2 qalib müəyyənləşdirilmişdir. 11 fevral tarixdə “Gənclər” Mərkəzində keçirilən yekun tədbirdə qalib filmlər müsabiqəni keçirən təşkilatların diplomları və pul mükafatı, fərqlənənlər fəxri fərmanlarla təltif olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Məktəblilərin dram müsabiqəsi”nin və digər müsabiqələrin qaliblərinin mükafatlandırılması ilə bağlı tədbir keçirilmiş, qaliblər təşkilatçılar tərəfindən diplom və oxunması zəruri olan kitablarla mükafatlandırılmışdır. Sonra “Məktəblilərin dram müsabiqəsi”nin seçim mərhələləri ilə bağlı hazırlanan videoçarx təqdim edilmiş və müsabiqənin qalibi olan məktəblərin hazırladıqları tamaşalara baxılmışdır.

“21 Fevral – Beynəlxalq Ana Dili Günü” münasibətilə 21 fevral tarixində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatılığı ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında tədbir keçirilmiş və sərgi qurulmuşdur.

Fevralın 25-də Naxçıvan Dövlət Filarmoniyasında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının Bəstəkarlar Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Yaşar Xəlilovun “Azərbaycan xalq mahnıları - a capella” adlı kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbirin davamında təqdimatı keçirilən kitab kitabxana, konsert və təhsil müəssisələrinə hədiyyə edilmiş, Naxçıvan Dövlət Filarmoniyasının Xor kollektivi tərəfindən kitabda əks olunan a kapella janrındakı xalq mahnıları ifa olunmuşdur.

07 mart tarixdə “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibəti ilə aid təşkilatlarla birgə tədbir keçirilmişdir. Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Kamera və Estrada orkestrləri, Mahnı və Rəqs Ansamblı, Xor kollektivi və Naxçıvan Dövlət Uşaq Filarmoniyasının solistləri konsert proqramı ilə çıxış etmişdir.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 10 mart – Milli Teatr Gününə həsr olunmuş tədbir keçirilmiş, tədbirdə Nəbi Xəzrinin “Burla Xatun” əsəri əsasında hazırlanan tamaşa nümayiş olunmuşdur.

Martın 11-də Şahbuz Rayon Mədəniyyət Sarayında Xalq Teatrının hazırladığı “Sadığın toyu” tamaşasına baxış keçirilmişdir. Tamaşa rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, Nazirliyin müvafiq tədbirlər planına əsasən Cəmşid Naxçıvanski Muzeyində NDU-nun “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə təhsil alan tələbələrinə açıq dərs keçirilmişdir.

Hesabat dövründə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 09 aprel 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil edilmək üçün 28 xalça haqqında məlumatlar hazırlanmışdır.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən ay ərzində muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin, ali və orta ixtisas təhsili müəssisələrinin, idman federasiyalarının, muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, taksi sürücülərinin muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq aid təşkilatlarla birgə 2-si Xatirə Muzeyində, Naxçıvan Dövlət Tarix, Bəhruz Kəngərli, Dövlət Bayrağı, C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat və Cəlil Məmmədquluzadənin Ev muzeylərində olmaqla ümumilikdə 7 interaktiv dərs keçirilmiş, dərsləri muxtar respublikanın 200-dən çox təhsil müəssisəsi izləmişdir.

Ötən dövr ərzində muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması və muzey işçilərinin bütün muzeyləri tanıması məqsədilə Cəmşid Naxçıvanski Muzeyində, Xatirə Muzeyində və Naxçıvan Dövlət Rəsm Qalereyasında olmaqla 3 seminar-treninq keçirilmişdir.

Nazirliyin 7 yanvar 2020-ci il tarixli əmrinin icrası ilə bağlı ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin öyrənilməsi və gənc nəslə təbliği işinin daha da yüksəldilməsi məqsədilə Heydər Əliyev Muzeyində Naxçıvan Musiqi Kollecinin tələbələri üçün  1 açıq dərs, Nazirliyin tabeliyində olan müəssisələrin əməkdaşlarına isə 2 mühazirə və ekskursiya keçirilmişdir.

19 fevralda Naxçıvan Dövlət Tarix Muzeyinin internet portalının və Dövlət Bayrağı Muzeyinin internet saytının təqdimatları olmuşdur.

Yanvar-mart aylarında 3 eksponat təqdimatı – Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyinə Babək rayon sakinləri tərəfindən hədiyyə olunmuş 110 ədəd maddi-mədəniyyət nümunəsinin, AMEA Naxçıvan Bölməsinə Nazirlik tərəfindən hədiyyə olunmuş 24 ədəd qədim əlyazma və kitabın, Naxçıvan Dövlət Tarix Muzeyində A.Hacıyev tərəfindən hədiyyə olunmuş 89 ədəd maddi-mədəniyyət nümunəsinin təqdimatı keçirilmişdir.

Nazirliyin təşkilatçılığı ilə Naxçıvan Dövlət Rəsm Qalereyasında naxçıvanlı rəssamların yaradıçılığı ilə bağlı silsilə tədbirlər çərçivəsində tanınmış rəssamlar Nəriman Əliyevin, Babək Abuzərlinin və Sabir Qədimovun xatirəsinə həsr olunmuş 3 və  “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində naxçıvanlı şairə Qönçəbəyimin yaradıcılığına həsr olunmuş “Qönçəbəyim nəğməsi” adlı tədbirlər keçirilmişdir. Həmçinin Heydər Əliyev Muzeyinin yaradılmasının 21-ci, Naxçıvan Dövlət Xalça Muzeyinin yaradılmasının 22-ci, Şahtaxtinskilər Muzeyinin yaradılmasının 10-cu, Cəlil Məmmədquluzadənin Cəlilkənddə Xatirə və “Əlincəqala” Tarix-Mədəniyyət muzeylərinin yaradılmasının 6-cı ildönümünə, Bəhruz Kəngərli Muzeyində görkəmli rəssamın doğum və anım gününə, C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat, Cəlil Məmmədquluzadənin Ev, Cəlil Məmmədquluzadənin Cəlilkənddə və Nehrəm Kəndində xatirə muzeylərində görkəmli publisist və dramaturqun anadan olmasının 151-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilmiş, “Təhsil və mədəniyyət müəssisələrinin qarşılıqlı fəaliyyətinin səmərəli təşkili ilə bağlı 2019-2020-ci tədris ili üçün tədbirlər planı”na əsasən “Mən bu yurdun övladıyam“ adlı rəsm müsabiqəsinin Culfa və Kəngərli rayon turları olmuşdur.

Naxçıvan Dövlət Rəsm Qalereyasında, Naxçıvan Dövlət Tarix, Xatirə və tarix-diyarşünaslıq muzeylərində “20 Yanvar-Ümumxalq Hüzn Günü”nə, Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş açıq dərslər keçirilmiş, sərgilər qurulmuşdur.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Təhsil Nazirliklərinin birgə qrafikinə  əsasən C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat, Xatirə, Cəlil Məmmədquluzadənin Ev, Naxçıvan Dövlət Tarix Muzeylərində  və “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində ümumtəhsil məktəblərinin şagirdləri üçün   açıq dərslər keçirilmişdir. Rüb ərzində muzeylərdə Nazirlik tərəfindən 15 və muzeylər tərəfindən 15 tədbir keçirilmiş, 17 sərgi qurulmuş, ümumtəhsil məktəblərinin şagirdlərinə 72 açıq dərs keçirilmişdir.

Fond işinin müvafiq təlimatın tələblərinə uyğun qurulmasını təmin etmək məqsədilə yanvar ayında Nazirliyin sistemində fəaliyyət göstərən muzeylərin fond mühafizlərinin imtahanı keçirilmiş, fevral ayında muzey əməkdaşları Naxçıvan Dövlət Tarix Muzeyində və C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində təcrübə keçmişdir.

Hesabat dövründə muzeylərə 617 ədəd yeni eksponat daxil olmuşdur. Muzeyləri ümumilikdə 73 min 766 nəfər tamaşaçı ziyarət etmişdir ki, onlardan 14 min 297 nəfəri əcnəbi, 59 min 469 nəfəri yerli vətəndaşlardır.

Hesabat dövrü ərzində kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır. Belə ki, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemləri də daxil olmaqla tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılmışdır.

Belə ki, rüb ərzində  “20 Yanvar - Ümumxalq Hüzn Günü”,  “Beynəlxalq Ana Dili Günü”,  “26 fevral-Xocalı Soyqımı Günü”, “8 Mart – Beynəlxalq Qadınlar Günü”  ilə əlaqədar, dövlət xadimi Həmid Şahtaxtinskinin anadan olmasının 140 illiyi, şair Davud Ordubadlının anadan olmasının 90 illiyi, münasibətilə tədbirlər, xalq yazıçısı Süleyman Rəhimovun anadan olmasının 120 illiyi münasibətilə əsərlərinin biblioqrafik icmalı, dramaturq Sabit Rəhmanın anadan olmasının 110 illiyi münasibətilə ədəbi-bədii gecə və s. tədbirlər keçirilmişdir. Həmçinin, şair, dramaturq Adil Babayevin anadan olmasının 95 illiyi,  “Leyla Bədirbəyli-100”, “Həzi Aslanov-110”, “Əlibaba Məmmədov-90”, “Məmməd Məmmədov-100”, “Beynəlxalq Ana Dili Günü” “Zəlimxan Yaqub-70”, “Naxçıvan-qədim Azərbaycan diyarı” və digər sərgilər təşkil edilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərdə əlamətdar və tarixi günlər, yubileylərlə bağlı ümumilikdə 87 tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamına əsasən “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan kitabların müzakirələri də diqqətdə saxlanılmışdır. Hesabat dövrü ərzində 40-ı klub müəssisələrinin işçiləri ilə, 2-i gənclərlə, 40-ı kitabxana işçiləri ilə və 10-u digər olmaqla ümumilikdə 92 kitab müzakirəsi olmuşdur.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Naxçıvan şəhərində fəaliyyət göstərən Əlillərin Bərpa Mərkəzində fiziki imkanları məhdud 25 nəfərə, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən,  evlərdə olmaqla, sağlamlıq imkanları məhdud 8 uşağa, rayon (şəhər) MKS-lər tərəfindən isə 48 nəfərə, ümumilikdə 81 şəxsə səyyar kitabxana xidməti göstərilmişdir.

Hesabat dövrü ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən ümumilikdə 17 adda 136 metodiki məktub və 1 adda 24 tövsiyyə ədəbiyyat siyahısı hazırlanaraq aidiyyəti üzrə göndərilmişdir.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş qrafikə əsasən rüb ərzində  Naxçıvan şəhər, Kəngərli, Şahbuz və Culfa rayon MKS-lərin əməkdaşları üçün 3 təlim kursu keçirilmişdir. 5 günlük təlim kurslarında 135 nəfər kitabxanaçı iştirak etmişdir. Kurs M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin əməkdaşları tərəfindən tədris edilmişdir.

Yanvar-mart aylarında Nazirliyə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən 7 adda 67 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır.

Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla  278 adda  477 nüsxə çap məhsulu daxil olmuş,  kitabxanalarda yeni oxucu sayı 929 nəfər, oxucu gəlişi 22 min 800 nəfər, kitab verilişi isə  129  min  55 nüsxə olmuşdur.

Dövr ərzində elektron kataloqa 1690 adda kitab işlənmiş və ümumilikdə elektron kataloqda kitabların sayı 16 min 656-ya, şəbəkəyə isə 165 kitab (PDF) işlənmiş və ümumi sayı 2 min 880-ə çatdırılmışdır. Elektron kitabxanadan  1335  oxucu istifadə etmişdir. Bunlardan 484-ü lokal , 851-i isə qlobal şəbəkə istifadəçiləri olmuşdur.

Hesabat dövründə kitabxanalarda ümumilikdə 297 tədbir keçirilmişdir ki, bunlardan 41-i yubiley, 46-sı əlamətdar və tarixi günlər, 51-i kitab müzakirəsi, 95-i “Nağıl Günü”, 20-si “Mütaliə Günü”, 20-si “Kitabxana Günü”, 20-si “Kitabxanaçı Günü”  olmuşdur.

Ötən dövrdə klub müəssisələrinin də fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır.

Belə ki, 01-02 yanvar tarixlərdə rayon mərkəzlərində yeni il şənlikləri keçirilmiş, rayon mədəniyyət şöbələrinin instrumental ansamblları, həmçinin mədəniyyət evlərinin və klub müəssisələrinin yaradıcı kollektivləri hərbi hissələrdə və bir sıra yaşayış məntəqələrində konsert proqramı ilə çıxış etmişlər.

“20 Yanvar - Ümumxalq Hüzn Günü”,  “2 Fevral – Gənclər Günü”, “Naxçıvan Muxtar Respublikasının yaradılmasının 96 illiyi”, “26 Fevral – Xocalı Soyqırımı”, “8 Mart – Beynəlxalq Qadınlar Günü”, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə bağlı klub müəssisələrində tədbirlər keçirmişdir. Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” instrumental ansamblı tərəfindən Naxçıvan Şəhər Təqaüdçülər Klubunda 3 konsert proqramı təşkil olunmuşdur.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyindəki klub müəssisələrində fəaliyyət göstərən musiqi və bədii-qiraət dərnəklərinin üzvləri, musiqi özfəaliyyət kollektivləri və rayon (şəhər) mədəniyyət şöbələrinin instrumental ansambllarının iştirakilə keçirilən “Səsin sehri, sözün sirri” müsabiqəsinin Naxçıvan şəhərində, Şərur və Culfa rayonlarında olmaqla 3 seçim turu olmuşdur. Seçim turlarında ümumilikdə rayon (şəhər) mədəniyyət şöbələri üzrə 8 ansambl, 13 musiqi dərnəyi və 25 bədii-qiraətçi iştirak etmişdir.

Klub müəssisələrində keçirilən dərnəklərdə işin keyfiyyətinin yüksəldilməsi məqsədilə bu müəssisələrin əməkdaşlarının maraqları nəzərə alınaraq nazirlik tərəfindən onlar üçün yanvar ayından başlayan peşə kursları fevral ayında başa çatmışdır. Keçirilən kurslarda 12 nəfər milli rəqslər üzrə, 15 nəfər rəssamlıq üzrə, 15 nəfər yallı üzrə, 21 nəfər isə dram üzrə iştirak etmiş, tədrisi Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Dövlət Musiqili Dram Teatrının ixtisaslı mütəxəssisləri, rəssamlıq üzrə Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin müəllimləri, yallı üzrə isə “Şərur” Xalq Yallı Ansamblının bədii rəhbəri aparmışdır. Naxçıvan Regional Peşə Tədris Mərkəzində fevral ayından 14 nəfər klub müəssisəsinin əməkdaşına  3 aylıq xalçaçılıq kursuna başlanılmışdır.

Hesabat dövründə Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən də bir sıra işlər görülmüşdür. Belə ki, Mərkəzin əməkdaşları Culfa, Babək, Kəngərli, Şərur və Ordubad rayonlarında 26  klub müəssisəsində olmuş və dərnək fəaliyyəti, eləcə də mədəni-kütləvi tədbirlərin təşkili ilə bağlı əməkdaşlara əməli köməklik göstərmişlər. Həmçinin mərkəzin əməkdaşları M.S. Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları ilə birgə Babək rayonunun 6, Kəngərli rayonunun 7 kənd kitabxana filialında olmuş, kitabxanaçılara yerində əməli köməklik göstərmişlər.

Dövr ərzində Heydər Əliyev Sarayı və Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəz tərəfindən 12 adda 80 metodik tövsiyə hazırlanaraq rayon (şəhər) mədəniyyət şöbələrinə gödərilmişdir.

Rüb ərzində klub müəssisələrində 256-ı əlamətdar və tarixi günlərə, o cümlədən yubileylərə həsr olunmaqla 358 mədəni-kütləvi tədbir keçirilmişdir.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə bağlanmış müqavilələrə əsasən 2020-ci ilin birinci rübündə 1067  manatlıq 44 adda 115 ədəd iş satılmışdır.

Hesabat dövründə Naxçıvan Dövlət Film Fondunun və kinoteatrların fəaliyyəti də diqqət mərkəzində saxlanılmışdır.  “Dünya kinosu – kino dünyası” layihəsi çərçivəsində 6,  “Təhsil və mədəniyyət müəssisələrinin qarşılıqlı fəaliyyətinin səmərəli təşkili ilə bağlı 2019-2020-ci tədris ili üçün tədbirlər planı”na əsasən Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdlərinə 2, sağlamlıq imkanları məhdud, aztəminatlı, qaçqın və məcburi köçkün, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum uşaqlar üçün 1, digər tədbirlərdə 4 olmaqla 13 film nümayişi olmuş, 1 tədbir keçirilmişdir. Eyni zamanda, “Heydər Əliyev Muzeyi”nin fondunda olan filmlərin nüsxələrinin köçürülməsi işi də aparılmışdır.

Dövr ərzində Nazirliyin sisteminə daxil olan müəssisə və təşkilatlarda saxlanılan filmlərin və onların nümayişinin qeydiyyatının aparılması və pasportlaşdırılması, həmçinin filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi  işləri davam etdirilmişdir.

Hesabat dövründə Nazirliyin tabeliyində olan teatrlar tərəfindən də fəaliyyət istiqaməti üzrə işlər davam etdirilmişdir. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı Elçin Əfəndiyevin “Teleskop” əsəri əsasında hazırladığı tamaşanı stasionarda 5 dəfə nümayiş etdirmişdir. Bundan əlavə məşqlərinə yanvar ayından  başlanmış, 2020-ci il repertuar planında olan Nəbi Xəzrinin “Burla Xatın” əsəri əsasında hazırlanan “Burla Xatun” tamaşası  tamaşaçılara təqdim olunmuşdur.

Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən rüb  ərzində 2020-ci il repertuar planında olan Hüseyn Əsgərovun “Qorxaq Əhməd” əsərinin və “Novruz gəlir” kompozisiyasının məşqləri davam etdirilmişdir. Teatr tərəfindən yanvar tətili günləri – 01-06 yanvar tarixlərdə 15, şənbə günlərində 13 tamaşa, 2 qastrol və 1 xeyriyyə tamaşası olmaqla, ümumilikdə 31 tamaşa oynanılmışdır.

Naxçıvan Dövlət Uşaq Teatrı 01-06 yanvar tarixlərdə 12 tamaşa oynamış, Sədərək Rayon Mədəniyyət Sarayında “Siçanlar və pişiklər” tamaşasını göstərmişdir. Teatrda 2020-ci il üçün repertuar planında olan “Mavi işıq” tamaşasının və “Kosanın toyu” kompozisiyasının məşqləri aparılmışdır.

Naxçıvan Dövlət Filarmoniyasında kollektivlərin məşqləri rüb ərzində qrafikə uyğun olaraq davam etdirilmiş, yanvar-fevral aylarında Mahnı və Rəqs Ansamblı Culfa Rayon Mədəniyyət Sarayında, “Muğam studiyası” Kəngərli Rayon Mədəniyyət Sarayında, Mahnı və Rəqs Ansamblı Şərur Rayon Mədəniyyət Sarayında bilet satışı ilə konsert vermişdir.

5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş “İdman festivalı”nda Naxçıvan Dövlət Filarmoniyasının rəqs kollektivi və solistləri konsert proqramı ilə çıxış etmişdir. Bundan əlavə filarmoniya tərəfindən Novruz bayramı münasibəti ilə “Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksində martın 20, 21 və 22-də fonoqram musiqilər səsləndirilmişdir.

Hesabat dövründə Nazirliyin və rayon (şəhər) mədəniyyət şöbələrinin tabeliyində olan təhsil müəssisələri ilə də iş aparılmışdır. Belə ki, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin müəllimlərinin iştirakı ilə xor, musiqi ədəbiyyatı və solfecio fənləri üzrə Naxçıvan Şəhər S.Rəcəbov adına 3 nömrəli,  Vənənd Kənd və Şahbuz Şəhər uşaq musiqi məktəblərində 3 metodiki kurs,  Naxçıvan Şəhər 5 nömrəli,  Vənənd Kənd,  Şahbuz Şəhər uşaq musiqi və Şərur Şəhər B.Kəngərli adına Uşaq İncəsənət məktəblərində müxtəlif ixtisaslar üzrə 4 ustad dərs keçirilmişdir. Bundan əlavə Bakı Şəhər Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin skripka ixisası üzrə müəllimi Anar Yusifov tərəfindən Musiqi Kollecinin və uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin müəllim, tələbə və şagirdlərinə  ustad dərs keçirilmiş və görkəmli ifaçının konserti təşkil edilmişdir.

Naxçıvan Musiqi Kollecinin qanun ixtisası üzrə müəllimi, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Məhəbbət Babayeva  və Naxçıvan Musiqi Kollecinin saz ixtisası üzrə müəllimi İxtiyar Seyidov tərəfindən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin müəllimləri üçün 2 metodiki dərs keçirilmişdir.

Nazirliyin təşkilatçiliğı ilə 27 yanvar tarixdən 04 fevral tarixədək Naxçıvan Musiqi Kollecində uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin müəllimləri üçün “Solfecio” fənni üzrə kurs təşkil olunmuşdur.

Hesabat dövründə “Azərbaycan musiqi tarixindən” layihəsi çərçivəsində silsilə tədbirlər davam etdirilmiş, “Azərbaycan bəstəkarlıq məktəbinin ilk qadın bəstəkarı Ağabacı Rzayeva”, “Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli siması Niyazinin həyat və yaradıcılıq irsi” və “Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli siması Fikrət Əmirovun həyat və yaradıcılıq irsi” mövzusunda Naxçıvan Musiqi Kollecinin və uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin müəllimlərinə 3 mühazirə oxunmuş və sənədli filmlər nümayiş olunmuşdur.

Məmməd Məmmədovun 100 illik yubileyi ilə əlaqədar olaraq nazirlik tərəfindən tərtib olunmuş qrafik əsasında fevral ayı ərzində uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində açıq dərslər keçirilmiş və Naxçıvan şəhər Məmməd Məmmədov adına 1 nömrəli Uşaq Musiqi Məktəbində keçiriləcək xatirə tədbirinə hazırlıq işləri aparılmışdır.

Fevral və mart aylarında Naxçıvan Şəhər Gənclər Mərkəzində Naxçıvan Musiqi Kollecinin komandaları və uşaq musiqi və incəsənət məktəblərinin komandaları arasında 3 “Lira” musiqili intellektual oyunu keçirilmişdir.

Hesabat dövründə gənclərlə iş sahəsində də müəyyən işlər görülmüşdür. Yanvar ayı Nazirliyin hamiliyinə verilmiş ixtisaslarda təhsil alan və tabe müəssisələrində çalışan gənclərin  “20 yanvar - Ümumxalq Hüzn Günü” münasibətilə Xatirə Muzeyinə, fevral ayı isə Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinə və Xalq şairi Məmməd Arazın Ev Muzeyinə ekskursiyaları təşkil olunmuşdur.

Hesabat dövründə Şahbuz rayon Uşaq Musiqi Məktəbində və Qarabağlar Kənd Mədəniyyət Evində Nazirliyə  tabe müəssisələrdə çalışan  gənclər arasında “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil edilmiş Qurban Səidin “Əli və Nino” əsərinin və “Kitabi Dədə Qorqud dastanı”nın müzakirələri keçirilmişdir.

Dövr ərzində Naxçıvan Dövlət Film Fondda Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum və aztəminatlı ailələrin uşaqları üçün  “Buta” filmi,  Naxçıvan şəhərində yerləşən mədəniyyət müəssisələrində çalışan gənclər və Naxçıvan Musiqi Kollecinin tələbələri üçün “Xocalıda son gecə” filmi nümayiş etdirilmişdir. Bundan əlavə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında Naxçıvan MR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə sağlamlıq imkanları məhdud, valideyin himayəsindən məhrum və aztəminatlı ailələrin uşaqları üçün Əyyub Abbasovun “Keçinin qisası” tamaşası nümayiş olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Naxçıvan Musiqi Kollecinin tələbələri ilə “şəxsiyyətin formalaşdırlması” və “İslamın əxlaqi dəyərlərinin təbliği” istqamətində tədbirləri çərçivəsində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin direktoru Səyyar Məmmədovla “İslam dininin tələbləri ilə eynilik təşkil edən adət-ənənələrimiz: İslam mədəniyyəti və qədim türk gələnəkləri kontekstində”, Naxçıvan Müəllimlər İnstitutunun müəllimi Çapay Quliyevlə “Motivasiya formalaşdırıcı fəaliyyətin əsas şərtidir” mövzusunda tələbələrlə görüşlər təşkil edilmişdir.

Qeyd olunanlarla yanaşı Nazirliyin Gənclər Təşkilatının fəaliyyətinin yenidən formalaşdırılması və günün tələblərinə uyğunlaşdırılması məqsədi ilə də bir sıra işlər görülmüşdür. Belə ki, Naxçıvan şəhər, Şahbuz, Kəngərli, Şərur və Sədərək rayon mədəniyyət şöbələrinin nəzdində fəaliyyət göstərən mədəniyyət müəssisələrində çalışan gənclərlə görüşlər keçirilmiş, onlara Gənclər Təşkilatının fəaliyyətinin məqsədi, iş prinsipi və istiqamətləri barədə geniş məlumat verilmişdir. Görüşlərin sonunda rayon gənclər birlikləri yenidən formalaşdırılmışdır.

Hesabat dövrü ərzində mədəniyyət və incəsənət müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi sahəsində işlər davam etdirilmişdir. Belə ki, yanvar ayının 13-də Ordubad rayon Vənənd kənd Uşaq Musiqi Məktəbinin yeni binası istifadəyə verilmiş, yeni tikilən Vənənd Kənd Mərkəzində kitabxana və mədəniyyət evinin fəaliyyəti üçün müasir iş şəraiti yaradılmışdır.

Yanvar-mart ayları ərzində Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafında xidmətlərinə görə mədəniyyət nazirliyinin sisteminə daxil olan müəssisələrdə çalışan işçilərdən 1 nəfər Azərbaycan Respublikasının Əməkdar artisti, 1 nəfər isə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür.

Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri rüb ərzində davam etdirilmişdir. I rüb ərzində Nazirliyə 41-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 116 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 45-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 100 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Vətəndaşların müraciətləri də  dövr ərzində daim nəzarətdə saxlanılmış, Nazirliyin elektron poçt ünvanı daxil olmaqla 89 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.

Fevral ayında Nazirliyin tabeliyində fəaliyyət göstərən müəssisə və təşkilatlar üçün kadr və kargüzarlıq işinin təşkili ilə bağlı maarifləndirici seminar keçirilmişdir.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmiş, müəssisə və təşkilatlara 53 nəfər, dövlət qulluğu üzrə isə müvafiq müsabiqədən keçmiş 1 nəfər işə qəbul edilmişdir.

I rüb ərzində Nazirliyin 2 kollegiya iclası keçirilmiş, kollegiyada 2 məsələ müzakirə edilmişdir.

Nazirliyin sisteminə daxil olan müəssisə və təşkilatlarda əmək və iş intizamı ilə bağlı yoxlamalar aparılmış, aşkar olunan nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tövsiyə və tapşırıqlar verilmişdir.

Hesabat dövrü ərzində Nazirliyin saytının fəaliyyəti də diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmiş,  Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Şərq qapısı” qəzetində 9, rayon qəzetlərində 4 məqalə dərc olunmuş, Naxçıvan Dövlət Televiziyasında və  radiosunda  Nazirliyin əməkdaşları 6 müsahibə vermiş, 2 verilişdə iştirak etmişdir. Nazirliyin keçirdiyi tədbirlərlə bağlı Naxçıvan Dövlət Televiziyasında 70 süjet efirə getmişdir. Hesabat dövrü ərzində Nazirliyin saytına 68 xəbər və 17 məqalə olmaqla, 85 material işlənmişdir.

Nazirliyin tabeliyində olan müəssisə və təşkilatların əməkdaşlarının 2020-ci ilin I rübü ərzində 1-i “Şərurun səsi” qəzetində, 2-si “Şərq qapısı” qəzetində,  3-ü “Nuhçıxan” İnformasiya Agentliyinin saytında, 1-i “525-ci qəzet”də olmaqla 7 məqaləsi dərc edilmişdir.

 

Joomla 1.5