Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 2020-ci ilin fevral ayı ərzində görülmüş işlərə dair HESABAT

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi fevral ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

Fevralın 1-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında aid təşkilatlarla birgə “2 fevral – Gənclər Günü” münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri Azərbaycan Respublikasının Xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə konsert proqramı ilə çıxış etmişdir.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Naxçıvandan dünyaya” sosial çarx və qısa filmlər müsabiqəsinə yekun vurulmuş, birinci yer üzrə 1, ikinci və üçüncü yerlər üzrə hər birindən 2 qalib müəyyənləşdirilmişdir. 11 fevral tarixdə “Gənclər” Mərkəzində keçirilən yekun tədbirdə qalib filmlər müsabiqəni keçirən təşkilatların diplomları və pul mükafatı, fərqlənənlər fəxri fərmanlarla təltif olunmuşdur.

13 fevralda AMEA Naxçıvan Bölməsinə Nazirlik tərəfindən hədiyyə olunmuş 24 ədəd qədim əlyazma və kitabın, 24 fevralda isə Naxçıvan Dövlət Tarix Muzeyində 89 ədəd maddi-mədəniyyət nümunəsinin təqdimat mərasimləri keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Məktəblilərin dram müsabiqəsi”nin və digər müsabiqələrin qaliblərinin mükafatlandırılması ilə bağlı tədbir keçirilmiş, qaliblər təşkilatçılar tərəfindən diplom və oxunması zəruri olan kitablarla mükafatlandırılmışdır. Sonra “Məktəblilərin dram müsabiqəsi”nin seçim mərhələləri ilə bağlı hazırlanan videoçarx təqdim edilmiş və müsabiqənin qalibi olan məktəblərin hazırladıqları tamaşalara baxılmışdır.

“21 Fevral – Beynəlxalq Ana Dili Günü” münasibətilə 21 fevral tarixində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatılığı ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında tədbir keçirilmiş və sərgi qurulmuşdur.

Fevralın 25-də Naxçıvan Dövlət Filarmoniyasında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının Bəstəkarlar Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Yaşar Xəlilovun “Azərbaycan xalq mahnıları - a capella” adlı kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbirin davamında təqdimatı keçirilən kitab kitabxana, konsert və təhsil müəssisələrinə hədiyyə edilmiş, Naxçıvan Dövlət Filarmoniyasının Xor kollektivi tərəfindən kitabda əks olunan a kapella janrındakı xalq mahnıları ifa olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, Nazirliyin müvafiq tədbirlər planına əsasən Cəmşid Naxçıvanski Muzeyində NDU-nun “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə təhsil alan tələbələrinə açıq dərs keçirilmişdir.

Ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 09 aprel 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə salınmaq üçün muzeylərə daxil olmuş 12 ədəd xalça pasportlaşdırılmışdır.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən ay ərzində muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin, ali və orta ixtisas təhsili müəssisələrinin, idman federasiyalarının, muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, taksi sürücülərinin muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq aid təşkilatlarla birgə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 96-cı ildönümü ilə bağlı Dövlət Bayrağı Muzeyində, görkəmli publisist və dramaturq Cəlil Məmmədquluzadənin anadan olmasının 151-ci ildönümü ilə bağlı Cəlil Məmmədquluzadənin Ev Muzeyində, “21 Fevral-Beynəlxalq Ana Dili Günü” ilə bağlı C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində, Xocalı faciəsi ilə bağlı Xatirə Muzeyində olmaqla 4 interaktiv dərs keçirilmiş, dərsləri muxtar respublikanın 200-dən çox təhsil müəssisəsi izləmişdir.

Ötən dövr ərzində muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması və muzey işçilərinin bütün muzeyləri tanıması məqsədilə fevralın 12-də Xatirə Muzeyində seminar-treninq keçirilmişdir.

Nazirliyin 7 yanvar 2020-ci il tarixli əmrinin icrası ilə bağlı ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin öyrənilməsi və gənc nəslə təbliği işinin daha da yüksəldilməsi məqsədilə Heydər Əliyev Muzeyində Naxçıvan Musiqi Kollecinin tələbələri üçün  12 fevralda açıq dərs, 28 fevralda isə mühazirə və ekskursiya keçirilmişdir.

19 fevralda Naxçıvan Dövlət Tarix Muzeyinin internet portalının və Dövlət Bayrağı Muzeyinin internet saytının təqdimatları olmuşdur.

“Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində naxçıvanlı şairə Qönçəbəyimin yaradıcılığına həsr olunmuş “Qönçəbəyim nəğməsi” adlı tədbir keçirilmişdir. Həmçinin Heydər Əliyev Muzeyinin yaradılmasının 21-ci, Şahtaxtinskilər Muzeyinin yaradılmasının 10-cu, Cəlil Məmmədquluzadənin Cəlilkənddə Xatirə və “Əlincəqala” Tarix-Mədəniyyət muzeylərinin yaradılmasının 6-cı ildönümünə, Bəhruz Kəngərli Muzeyində görkəmli rəssamın anım gününə, Naxçıvan Dövlət Rəsm Qalereyasında tanınmış rəssam Babək Abuzərlinin yaradıcılığına həsr olunmuş tədbirlər keçirilmiş, “Mən bu yurdun övladıyam“ adlı rəsm müsabiqəsinin Kəngərli rayon turu olmuşdur.

C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat, Cəlil Məmmədquluzadənin Ev, Cəlil Məmmədquluzadənin Cəlilkənddə və Nehrəm Kəndində xatirə muzeylərində görkəmli publisist və dramaturqun anadan olmasının 151-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilmişdir.

Naxçıvan Dövlət Rəsm Qalereyasında, Naxçıvan Dövlət Tarix, Xatirə və tarix-diyarşünaslıq muzeylərində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş açıq dərslər keçirilmiş, sərgilər qurulmuşdur.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Təhsil Nazirliklərinin birgə təsdiq olunmuş qrafikinə əsasən “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində, Cəlil Məmmədquluzadənin Ev Muzeyində və Naxçıvan Dövlət Tarix Muzeyində ümumtəhsil məktəblərinin şagirdləri üçün  açıq dərslər keçirilmişdir. Fevral ayı ərzində ümumtəhsil məktəblərinin şagirdləri üçün ümumilikdə 34 açıq dərs keçirilmişdir.

Muzey işinin müvafiq təlimatın tələblərinə uyğun qurulmasını təmin etmək məqsədilə ay ərzində Naxçıvan Dövlət Rəsm Qalereyası və Naxçıvan Duz Muzeyinin əməkdaşları Naxçıvan Dövlət Tarix Muzeyində, Məmməd Səid Ordubadinin Ev Muzeyi, Akademik Yusif Məmmədəliyevin Ev Muzeyi və Məhəmməd Tağı Sidqinin Ev Muzeyinin əməkdaşları C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində təcrübədə olmuşdur.

Ay ərzində muzeylərdə Nazirlik tərəfindən 10, muzeylər tərəfindən 9 olmaqla 19 tədbir keçirilmiş, 8 sərgi qurulmuşdur.

Hesabat dövründə muzeylərə 171 ədəd yeni eksponat daxil olmuşdur. Muzeyləri ümumilikdə 32 min 844 nəfər tamaşaçı ziyarət etmişdir ki, onlardan 3 min 952 nəfəri əcnəbi, 28 min 892 nəfəri yerli vətəndaşlardır.

Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində  tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılmışdır.

Belə ki, ay ərzində “Beynəlxalq Ana Dili Günü” münasibətilə “Milli varlığın ifadəsi” adlı tədbir, Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında “Ana dilim-şirin dilim” başlıqlı şeir müsabiqəsi, 26 fevral Xocalı soyqırımının ildönümü ilə əlaqədar “Qan yaddaşımız-Xocalı soyqırımı” və s. tədbirlər keçirilmiş, “Məmməd Məmmədov-100”, “Beynəlxalq Ana Dili Günü”, “26 fevral-Xocalı soyqımı” adlı sərgilər təşkil edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan kitabların müzakirələri də diqqətdə saxlanılmışdır. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Naxçıvan Şəhər Təqaüdçülər Klubunda M.S.Ordubadinin “Qılınc və qələm”, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında Cek Londonun “Həyat eşqi” əsərlərinin müzakirəsi keçirilmişdir. Hesabat dövründə “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan kitabların Nazirliyin sistemində fəaliyyət göstərən kitabxanalar tərəfindən 16-sı klub müəssisələrinin işçiləri, 1-i gənclərlə, 16-sı kitabxana işçiləri və 5-i digər olmaqla ümumilikdə 38 kitab müzakirəsi olmuşdur.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanası ilə birlikdə  “Kitabxanalar və gənclik” adlı konfrans keçirilmişdir.

Dövr ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Naxçıvan şəhərində fəaliyyət göstərən Əlillərin Bərpa Mərkəzində məhdud fiziki imkanlı 12 nəfərə, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən, evlərdə olmaqla, sağlamlıq imkanları məhdud 2 uşağa, rayon şəhər MKS-lər tərəfindən isə 19 nəfərə olmaqla, ümumilikdə 33 şəxsə səyyar kitabxana xidməti göstərilmişdir.

Hesabat dövrü ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən ümumilikdə 7 adda, 56 metodiki məktub hazırlanaraq rayon (şəhər) MKS-lərə göndərilmişdir.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş qrafikə əsasən ay ərzində rayon (şəhər) MKS-lərin əməkdaşları üçün 5 günlük təlim kurslarının keçirilməsi davam etdirilmişdir. Fevral ayında Şahbuz Rayon MKS-nin əməkdaşları üçün keçirilən kursda 44 nəfər kitabxanaçı iştirak etmişdir. Kurs M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin əməkdaşları tərəfindən tədris edilmişdir.

Hesabat dövründə  M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının əməkdaşları Naxçıvan şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemində və uşaq şöbəsində ezamiyyədə olmuş, kitabxanaçılara əməli köməklik göstərmişdir. Həmçinin Babək Rayon MKS-nin Mərkəzi və Uşaq kitabxanalarının əməkdaşları M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında təcrübə məşğələsində olmuşdur.

Fevral ayında Nazirliyə Naxçıvan Muxtar Respublika Ali Məclisi tərəfindən 2 adda 2 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla 106 adda 148 nüsxə çap məhsulu daxil olmuşdur.

Ay ərzində kitabxanalarda yeni oxucu sayı 403 nəfər, oxucu gəlişi 9 min 644 nəfər, kitab verilişi isə 46 min 768 nüsxə olmuşdur.

Dövr ərzində elektron kataloqa 607 adda kitab işlənmiş və ümumilikdə elektron kataloqda kitabların sayı 16076-ya çatdırılmış, şəbəkəyə isə 65 kitab (PDF) işlənmiş və ümumi sayı 2 min 830-a çatdırılmışdır. Ay ərzində elektron kitabxanadan 366 oxucu istifadə etmişdir. Bunlardan 165-i lokal, 201-i isə qlobal şəbəkə istifadəçiləri olmuşdur.

Hesabat dövründə kitabxanalarda 14-ü yubiley, 22-i əlamətdar və tarixi günlər, 21-i kitab müzakirəsi, 44-ü “Nağıl Günü”, 10-u “Mütaliə Günü”, 10-u “Kitabxana Günü”, 10-u “Kitabxanaçı Günü” ilə bağlı olmaqla, ümumilikdə 131 tədbir və 52 sərgi keçirilmişdir.

Fevral ayında klub müəssisələrinin də fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmış, dövr ərzində əlamətdar və tarixi günlərlə bağlı keçirilən tədbirlərə diqqət atırılmışdır. Belə ki, klub və mədəniyyət evləri ay ərzində “2 Fevral – Gənclər Günü”, “Naxçıvan Muxtar Respublikasının yaradılmasının 96 illiyi”, “26 Fevral – Xocalı Soyqırımı” ilə bağlı tədbirlər keçirmişdir.

Ayrınc Kənd Mədəniyyət Evində “Milli dəyərlərimizi öyrədək və yaşadaq”, rayon, şəhər mədəniyyət şöbələrində “26 Fevral-Xocalı Soyqırımı” və s. adlı tədbirlər keçirilmiş, Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” instrumental ansamblı tərəfindən Naxçıvan Şəhər Təqaüdçülər Klubunda konsert proqramı təşkil olunmuşdur. Həmçinin, klub müəssisələrinin əməkdaşları arasında “Oxunması zəruri olan kitablar Siyahısı”na daxil olan 16 kitab müzakirəsi  keçirilmişdir.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyindəki klub müəssisələrində fəaliyyət göstərən musiqi və bədii-qiraət dərnəklərinin üzvləri, musiqi özfəaliyyət kollektivləri və rayon (şəhər) mədəniyyət şöbələrinin instrumental ansambllarının iştirakilə keçirilən “Səsin sehri, sözün sirri” müsabiqəsinin Naxçıvan şəhərində, Şərur və Culfa rayonlarında olmaqla 3 seçim turu olmuşdur. Seçim turlarında ümumilikdə rayon (şəhər) mədəniyyət şöbələri üzrə 8 ansambl, 13 musiqi dərnəyi və 25 bədii-qiraətçi iştirak etmişdir.

Klub müəssisələrində keçirilən dərnəklərdə işin keyfiyyətinin yüksəldilməsi məqsədilə bu müəssisələrin əməkdaşlarının maraqları nəzərə alınaraq nazirlik tərəfindən onlar üçün yanvar ayından başlayan peşə kursları fevral ayında başa çatmışdır. Keçirilən kurslarda 12 nəfər milli rəqslər üzrə, 15 nəfər rəssamlıq üzrə, 21 nəfər isə dram üzrə iştirak etmiş, tədrisi Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Dövlət Musiqili Dram Teatrının ixtisaslı mütəxəssisləri, rəssamlıq üzrə Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin müəllimləri aparmışdır. Naxçıvan Regional Peşə Tədris Mərkəzində fevral ayının 5-dən başlayan xalçaçılıq kursunda isə 14 nəfər klub müəssisəsinin əməkdaşı iştirak edir. Kurs 3 ay davam edəcəkdir.

Ay ərzində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən də bir sıra işlər görülmüşdür. Belə ki, Mərkəzin əməkdaşları Kəngərli və Şərur rayonlarında 12 klub müəssisəsində olmuş və dərnək fəaliyyəti, eləcə də mədəni-kütləvi tədbirlərin təşkili ilə bağlı əməkdaşlara əməli köməklik göstərmişlər. Həmçinin M.S. Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları ilə birgə Kəngərli rayonunun 7 kitabxana filialında kitabxanaçılara yerində əməli köməklik göstərilmişdir.

Elmi-Metodik Mərkəz və Şahbuz Rayon Mədəniyyət Şöbəsinin birgə təşkilatçılığı ilə Kükü Kənd Mədəniyyət Evində “Xocalı faciəsi bəşəriyyətə qarşı yönəlmiş cinayətdir” adlı tədbir keçirilmişdir.

Dövr ərzində Heydər Əliyev Sarayı tərəfindən 2 adda 8, Mədəniyyət  üzrə Elmi-Metodiki Mərkəz tərəfindən isə 4 adda 24 olmaqla 6 adda 32 metodiki vəsait hazırlanaraq rayon (şəhər) mədəniyyət şöbələrinə göndərilmişdir.

Ay ərzində “Ağbulaq” İstirahət Mərkəzində Şahbuz Rayon Mədəniyyət şöbəsinin yaradıcı kollektivlərinin 2 konserti təşkil edilmişdir.

Fevral ayında klub müəssisələrində 97-i əlamətdar və tarixi günlərə həsr olunmaqla 128 mədəni-kütləvi tədbir keçirilmişdir.

Hesabat dövründə Naxçıvan Dövlət Film Fondunun və kinoteatrların fəaliyyəti də diqqət mərkəzində saxlanılmışdır.

Ay ərzində “Dünya kinosu – kino dünyası” layihəsi çərçivəsində Naxçıvan Dövlət Film Fondunda, Şahbuz rayon Külüs və Ordubad rayon Vənənd kənd mərkəzlərində sakinlərə filmlər nümayiş olunmuşdur.

“Təhsil və mədəniyyət müəssisələrinin qarşılıqlı fəaliyyətinin səmərəli təşkili ilə bağlı 2019-2020-ci tədris ili üçün tədbirlər planı”na əsasən 24 fevral tarixdə Naxçıvan Dövlət Film Fondunda Naxçıvan şəhər 12, 13 və 14 №-li tam orta məktəblərin şagirdlərinə “Xocalı” faciəsi ilə əlaqədar film nümayiş etdirilmişdir.

Dövr ərzində 3-ü “Dünya kinosu – kino dünyası” layihəsi çərçivəsində, 3-ü digər olmaqla 6 film nümayişi olmuşdur.

Ay ərzində Nazirliyin sisteminə daxil olan müəssisə və təşkilatlarda saxlanılan filmlərin və onların nümayişinin qeydiyyatının aparılması və pasportlaşdırılması, həmçinin filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.

Hesabat dövründə Nazirliyin tabeliyində olan teatrlar tərəfindən də fəaliyyət istiqaməti üzrə işlər davam etdirilmişdir. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Nəbi Xəzrinin “Burla Xatın” əsəri əsasında hazırlanan tamaşanın məşqləri davam etdirilmiş, Fevralın 20-də və 27-də Elçinin “Teleskop” əsəri əsasında hazırlanan tamaşa stasionarda nümayiş etdirilmişdir.

Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında ay ərzində Hüseyn Əsgərovun “Qorxaq Əhməd” tamaşasının məşqləri davam etdirilmiş, biri  xeyriyyə məqsədilə olmaqla stasionarda həftənin şənbə günləri ümumilikdə 9 tamaşa nümayiş etdirilmişdir. Kukla teatrının rayonlara qastrol səfərləri davam etdirilmiş, Culfa və Babək rayon mədəniyyət saraylarında “Qaraca qız” tamaşası nümayiş etdirilmişdir.

Naxçıvan Dövlət Uşaq Teatrı tərəfindən ay ərzində “Mavi işıq” tamaşasının məşqləri davam etdirilmiş, Sədərək rayon Mədəniyyət Sarayında “Siçanlar və pişiklər” tamaşası göstərilmişdir.

Hesabat dövründə Babək Rayon Xalq Teatrı Cavad Məcnunbəyovun “İldırım”, Ordubad Rayon Xalq Teatrı Firuz Mustafanın “Sevməsəm ölləm”, Şərur Rayon Xalq Teatrı Əziz Nesinin “Öldürsənə can-ciyər”, Naxçıvan Şəhər Xalq Teatrı Rauf İçərişəhərlinin “Arzum çin oldu”, Şahbuz Rayon Xalq Teatrı isə Sahib İbrahimlinin "Sadığın toyu” tamaşasının məşqlərini davam etdirmişdir.

Naxçıvan Dövlət Filarmoniyası da ay ərzində kollektivlərin məşqləri qrafikə uyğun olaraq davam etdirmiş, “Muğam studiyası” Kəngərli Rayon Mədəniyyət Sarayında, Mahnı və Rəqs Ansamblı Şərur Rayon Mədəniyyət Sarayında bilet satışı ilə konsert vermişdir.

Fevral ayı ərzində təhsil müəssisələri ilə də işlər davam etdirilmiş, Vənənd kənd və Şahbuz şəhər uşaq musiqi məktəblərində, solfecio, musiqi ədəbiyyatı və xor fənləri üzrə 2 metodiki kurs, Şahbuz şəhər Uşaq Musiqi Məktəbində Şahbuz rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan uşaq musiqi məktəblərinin müəllimlərinin iştirakı ilə tar, kamança, qarmon, skripka və forepiano ixtisasları üzrə, Şərur şəhər B.Kəngərli adına Uşaq İncəsənət Məktəbində rəsm ixtisası üzrə müəllim və şagirdlərin iştirakı ilə 2 ustad dərs keçirilmişdir.

Həmçinin Naxçıvan Musiqi Kollecinin saz ixtisası üzrə müəllimi İxtiyar Seyidovun sinfində uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin saz ixtisası üzrə müəllimlərinin iştirakı ilə metodiki dərs keçirilmiş, Naxçıvan Dövlət Film Fonunda “Azərbaycan musiqi tarixindən” başlığı ilə “Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli siması Niyazinin həyat və yaradıcılıq irsi” mövzusunda uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin ümumi nəzəri fənləri üzrə müəllimlərinin iştirakı ilə mühazirə oxunmuş və bəstəkarın həyat və yaradıcılıq yoluna həsr olunmuş sənədli film nümayiş olunmuşdur.

Məmməd Məmmədovun 100 illik yubileyi ilə əlaqədar olaraq tərtib olunmuş qrafik əsasında fevral ayı ərzində uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində açıq dərslər keçirilmişdir.

28 fevral tarixdə Naxçıvan şəhər Gənclər Mərkəzində Naxçıvan Musiqi Kollecinin komandaları və Naxçıvan şəhər Uşaq Musiqi və İncəsənət Məktəbi, həmçinin Babək və Sədərək rayon, Kolanı, Zeynəddin, Aralıq və Bənəniyar kənd uşaq musiqi məktəblərinin komandaları arasında “Lira” musiqili intellektual oyununun birinci mərhələsi keçirilmişdir.

Ay ərzində gənclərlə iş sahəsi də diqqət mərkəzində saxlanılmış, Nazirliyin Gənclər Təşkilatı tərəfindən Naxçıvan şəhərində yerləşən və Nazirliyə birbaşa tabe olan müəssisələrdə, həmçinin Naxçıvan şəhər və Babək rayon mədəniyyət şöbələrinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində çalışan gənclərin Şahbuz rayon Tarix-Diyarşünaslıq Muzeyinə və Xalq şairi Məmməd Arazın Ev Muzeyinə ekskursiyası təşkil olunmuşdur.

“Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan “Kitabi Dədə Qorqud dastanı”nın Kəngərli rayon Qarabağlar kənd Mədəniyyət Evində müzakirəsi keçirilmişdir. Tədbirdə rayonun mədəniyyət müəssisələrində çalışan gənclər iştirak etmiş və onlara tarixi keçmişə, milli kökə bağlılığa və siyasi dünyagörüşünün artırılmasına xidmət edən kitab haqda ətraflı məlumat verilmiş, daha sonra gəncləri maraqlandıran suallar cavablandırılmışdır.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Naxçıvan Musiqi Kollecinin tələbələri ilə “Şəxsiyyətin formalaşdırlması” və “İslamın əxlaqi dəyərlərinin təbliği” istqamətində tədbirləri çərçivəsində 20 fevral tarixdə Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin direktoru Səyyar Məmmədovla “İslam dininin tələbləri ilə eynilik təşkil edən adət-ənənələrimiz: İslam mədəniyyəti və qədim türk gələnəkləri kontekstində”, 28 fevral 2020-ci il tarixdə isə Naxçıvan Müəllimləri İnstitutunun müəllimi Çapay Quliyevlə “Motivasiya formalaşdırıcı fəaliyyətin əsas şərtidir” mövzusunda tələbələrlə görüşlər təşkil edilmişdir. Təbdirlər tələbələrlə qarşılıqlı diskussiya şəraitində aparılmışdır.

22 fevral tarixdə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında Naxçıvan MR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə sağlamlıq imkanları məhdud, valideyin himayəsindən məhrum və aztəminatlı ailələrin uşaqları üçün Əyyub Abbasovun “Keçinin qisası” tamaşası nümayiş olunmuş, 25 fevral tarixdə isə Naxçıvan Dövlət Film Fondunda Naxçıvan şəhərində yerləşən mədəniyyət müəssisələrində çalışan gənclər və Naxçıvan Musiqi Kollecinin tələbələri üçün “Xocalıda son gecə” filmi nümayiş etdirilmişdir.

Qeyd olunanlarla yanaşı Nazirliyin Gənclər Təşkilatının fəaliyyətinin yenidən formalaşdırılması və günün tələblərinə uyğunlaşdırılması məqsədi ilə də bir sıra işlər görülmüşdür. Belə ki, 25 fevral tarixdə Şahbuz rayon Mədəniyyət Sarayında və 27 fevral tarixdə isə Qıvraq qəsəbə Uşaq Musiqi Məktəbində rayon mədəniyyət şöbələrinin nəzdində fəaliyyət göstərən mədəniyyət müəssisələrində çalışan gənclərlə görüşlər keçirilmiş, onlara Gənclər Təşkilatının fəaliyyətinin məqsədi, iş prinsipi və istiqamətləri barədə geniş məlumat verilmişdir. Görüşlərin sonunda rayon Gənclər Birlikləri yenidən formalaşdırılmışdır.

Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri davam etdirilir. 2020-ci ilin fevral ayı  ərzində Nazirliyə 14-ü İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 32 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 13-ü İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 36 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Vətəndaşların müraciətləri də  daim nəzarətdə saxlanılmış, Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 53 nəfər vətəndaşın müraciətləri cavablandırılmışdır.

11, 12 və 13 fevral tarixlərində Nazirliyin tabeliyində fəaliyyət göstərən müəssisə və təşkilatlar üçün kadr və kargüzarlıq işinin təşkili ilə bağlı maarifləndirici seminarlar keçirilmişdir.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmiş, müəssisə və təşkilatlara 21 nəfər işə qəbul edilmişdir. Dövr ərzində 1 kollegiya iclası keçirilmiş 1 məsələ müzakirə olunmuşdur.

Nazirliyin sisteminə daxil olan müəssisə və təşkilatlarda əmək və iş intizamı ilə bağlı yoxlamalar aparılmış, aşkar olunan nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tövsiyə və tapşırıqlar verilmişdir.

Ay ərzində Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Şərq qapısı” qəzetində 5 məqalə dərc olunmuş, Naxçıvan Dövlət Televiziyasına Nazirliyin 3 əməkdaşı müsahibə vermişdir. Nazirliyin keçirdiyi tədbirlərlə bağlı Naxçıvan Dövlət Televiziyasında 34 süjet efirə getmişdir. Hesabat dövrü ərzində Nazirliyin saytının fəaliyyəti diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Nazirliyin saytına 36 xəbər və 9 məqalə olmaqla, 45 material işlənmişdir.

“Nuhçıxan” İnformasiya Agentliyinin saytında 21 fevral tarixdə Mədəniyyət üzrə Elmi Metodik Mərkəzin böyük elmi işçisi Sangur Günelin “Dilimiz milli sərvətimizdir” adlı məqaləsi, 22 fevral tarixdə C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin baş fond mühafizi Günel Novruzovanın “Cəlil Məmmədquluzadə irsi və onun Ədəbiyyat muzeyində təbliği” adlı məqaləsi  dərc edilmişdir.

Joomla 1.5