Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 2019-cu ilin noyabr ayı ərzində görülmüş işlərə dair HESABAT

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi noyabr ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

Noyabrın 30-da Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubiley tədbiri keçirilmişdir. Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Dövlət Tarix Muzeyinin yaranmasının 95 illiyi münasibətilə tədbir iştirakçılarını, muzeyin kollektivini və muxtar respublika əhalisini təbrik etmişdir. Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 28 noyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə muzeyin 2 əməkdaşı Naxçıvan Muxtar Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adı, 5 əməkdaşı isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunmuşlar.

02-03 noyabr tarixdə “Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksində keçirilən “Ailə təsərrüfatı məhsulları-2019” festivalında Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və rəqs ansamblı və Naxçıvan Musiqi Kollecinin “Gənclik” İnstrumental Ansamblı geniş konsert proqramı ilə çıxış etmişdir.

05 noyabr 2019-cu ildə Naxçıvan Dövlət Rəsm Qalereyasında əməkdar rəssam Həmzə Sadiqov tərəfindən Naxçıvan Dövlət Tarix, Şərur Rayon Tarix-Diyarşünaslıq muzeylərinə, Naxçıvan Dövlət Rəsm Qalereyasına və Qarabağlar Türbə Kompleksinə hədiyyə olunmuş 14 ədəd rəsm əsərinin, 13 noyabrda “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində isə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən muzeylərə hədiyyə olunmuş 27 ədəd maddi-mədəniyyət nümunəsinin təqdimatı keçirilmişdir.

06 noyabrda rayon mədəniyyət şöbələrinin nəzdində fəaliyyət göstərən klub müəssisələrinin və ali və orta ixtisas təhsili müəssisələrinin özfəaliyyət kollektivləri arasında “Ritmi hiss et, sən də qatıl” rəqs müsabiqəsinin final turu keçirilmiş, 5 nominasiya üzrə 1 duet ifaçısı və 7 kollektiv qalib olmuşdur. Müsabiqənin 27 noyabr tarixdə Naxçıvan Dövlət Uşaq Teatrında keçirilən yekun tədbirində qaliblər Nazirliyin diplomları və fərqlənən iştirakçılar isə fəxri-fərmanla təltif edilmişdir. Tədbir qaliblərin ifasında konsert proqramı ilə başa çatmışdır.

07 noyabr tarixdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə muxtar respublikada yaşayan məhdud fiziki imkanlı şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar arasında solo oxuma (xanəndəlik və vokal), instrumental ifaçılıq və bədii qiraət növləri üzrə bədii yaradıcılıq müsabiqəsi keçirilmişdir. Fiziki imkanları məhdud vətəndaşlar, eləcə də 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında istedadları üzə çıxarmaq, onların asudə vaxtını səmərəli təşkil etmək, cəmiyyətə inteqrasiyalarına köməklik göstərmək məqsədilə keçirilmişdir. Tədbirin sonunda qalib və fərqlənən iştirakçılar təltif olunmuş, onların ifalarında konsert proqramı səsləndirilmişdir.

14 noyabr tarixdə Naxçıvan Dövlət Filarmoniyasında Naxçıvan Musiqi Kollecinin Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinə hamiliyə verilmiş ixtisasları üzrə təhsil alan tələbələrilə görüş keçirilmiş, tədbirdə startap fəaliyyətinə nəzarət mexanizmini asanlaşdıran “startup.nakhchivan.az” internet portalının istifədəyə verildiyi diqqətə çatdırılmış və portal haqqında məlumat verilmişdir. Görüşdə muxtar respublikanın peşəkar musiqiçilərindən təşkil olunmuş Naxçıvan Dövlət Filarmoniyasının “Muğam Studiyası”nın məşq prosesi tələbələrə nümayiş etdirilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə “20 noyabr - Ümumdünya Uşaq Günü, Uşaq Hüquqları Haqqında Bəyannamənin qəbul olunmasının 60 illiyi və Uşaq Hüquqları Haqqında Konvensiyanın qəbul olunmasının 30 illiyi” ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir. Belə ki, 16 noyabr tarixdə Sədərək Rayon Mədəniyyət Sarayında Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən “Qırmızı papaq”, 18 noyabrda Ordubad Rayon Mədəniyyət Sarayında “Göyçək Fatma”, 16 noyabr tarixdə Naxçıvan Dövlət Uşaq Teatrı tərəfindən Şahbuz Rayon Mədəniyyət Sarayında, 19 noyabrda isə Culfa Rayon Mədəniyyət Sarayında “Siçanlar və pişiklər” tamaşası və həmin tarixdə Naxçıvan Dövlət Film Fondu tərəfindən Şərur və Kəngərli rayonlarında filmlər nümayiş etdirilmişdir. Silsilə tədbirlərə 20 noyabr tarixdə Naxçıvan Dövlət Uşaq Teatrında yekun vurulmuşdur. Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Uşaq Filarmoniyasının xor, rəqs və xanəndələrindən ibarət kollektivlərinin, həmçinin xalq çalğı alətləri, qanunçalanlar və skripkaçalanlar ansambllarının rəngarəng proqramları təqdim edilmişdir.

28 noyabr tarixdə Ordubad Rayon Mədəniyyət Sarayında Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrının 55 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirin bədii hissəsində xalq teatrı tərəfindən hazırlanan Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” tamaşasına baxış olmuşdur.

Noyabrın 29-da Naxçıvan Dövlət Rəsm Qalereyasında Rəssam Qədirulla Bağırova həsr olunmuş “Palitraya sığmayan ömür”adlı tədbir keçirilmiş, rəssamın əsərlərindən ibarət sərgiyə baxış olmuşdur.

Noyabrın 29-da Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən tələbə teatr studiyaları arasında festival-müsabiqə keçirilmişdir. Müsabiqəyə Naxçıvan Dövlət Universitetinin, “Naxçıvan” Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun, Naxçıvan Texniki Kollecinin və Naxçıvan Musiqi Kollecinin olmaqla 5 tələbə teatr studiyası qatılmış, təqdim olunan tamaşa və kompozisiyalar maraqla qarşılanmışdır.

Hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 09 aprel 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil edilmək üçün 6 xalça haqqında məlumatlar hazırlanmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi haqqında” 02 avqust 2019-cu il tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, muzeyin internet portalının hazırlanması ilə bağlı iş davam etdirilmişdir.

Noyabr ayında mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması davam etmiş, Şərur Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Xətai Kənd Kitabxana Filialı, Yeni Havuş Kənd Klubu, Şahbuz Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Türkeş Kənd Kitabxana Filialı və Türkeş Kənd Mədəniyyət Evinin fəaliyyəti üçün yeni tikilmiş kənd mərkəzlərində şərait yaradılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli 306-04/S nömrəli Sərəncamının icrası ilə bağlı təsdiq edilmiş Tədbirlər Planına əsasən Naxçıvan Müəllimlər İnstitutunun “Kitabxanaçılıq və informasiya” ixtisası üzrə təhsil alan II kurs tələbələrinə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında, Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksində isə NDU-nun muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələrinə 2 açıq dərs keçirilmişdir. Naxçıvan Musiqi Kollecinin “Kitabxanaçılıq və informasiya təminatı” ixtisası üzrə təhsil alan tələbələri ilə “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan Nikolay Ostrovskinin “Polad necə bərkidi” romanının müzakirəsi keçirilmiş, Naxçıvan Müəllimlər İnstitutunda tələbələrə “Naxçıvanın memarlıq abidələri” mövzusunda mühazirə oxunmuş, film nümayiş olunmuşdur. Həmçinin muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələrin muzeylərdə təcrübə keçməsi təmin edilmişdir.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən ay ərzində muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin, ali və orta ixtisas təhsili müəssisələrinin, idman federasiyalarının, muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, taksi sürücülərinin muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq aid təşkilatlarla birgə 08 noyabr tarixdə Dövlət Bayrağı Muzeyi ilə Yeni Havuş və Xətai, 21 noyabrda Heydər Əliyev Muzeyi ilə Türkeş kənd tam orta məktəbləri arasında olmaqla 2 interaktiv dərs keçirilmiş, dərsləri muxtar respublikanın 200-dən çox təhsil müəssisəsi izləmişdir.

Ötən dövr ərzində muzey fondlarının yeni eksponatlarla zənginləşdirilməsi ilə bağlı iş aparılmış, 2 eksponat təqdimatı olmuşdur. Muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması və muzey işçilərinin bütün muzeyləri tanıması məqsədilə C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində seminar-treninq keçirilmişdir.

04 noyabrda 8 bələdçinin ingilis və rus dilləri üzrə sertifikasiyası keçirilmiş, 4 bələdçi sertifikat almışdır.

Hesabat dövründə Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksində Ərtoğrol Cavidin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

Təhsil və Mədəniyyət Nazirliklərinin birgə təsdiq edilmiş “2019-2020-ci tədris ilində Naxçıvan şəhər ümumtəhsil məktəbləri şagirdlərinin iştirakı ilə Naxçıvan şəhərində fəaliyyət göstərən muzeylərdə keçiriləcək açıq dərslərin qrafiki”nə uyğun olaraq Dövlət Bayrağı, Heydər Əliyev, Naxçıvan Dövlət Tarix muzeylərində ümumtəhsil məktəblərinin şagirdləri üçün 3 açıq dərs, muzeylərdə ümumtəhsil məktəblərinin şagirdləri üçün ümumilikdə 46 açıq dərs keçirilmişdir.

“Təhsil və mədəniyyət müəssisələrinin qarşılıqlı fəaliyyətinin səmərəli təşkili ilə bağlı 2019-2020-ci tədris ili üçün tədbirlər planı”na əsasən Naxçıvan Dövlət Rəsm Qalereyası tərəfindən ümumtəhsil məktəblərinin şagirdləri arasında “Mən bu yurdun övladıyam “ rəsm müsabiqəsinin Sədərək və Şərur rayon turları keçirilmişdir.

Ay ərzində muzeylərə 135 ədəd yeni eksponat daxil olmuşdur. Muzeyləri ümumilikdə 63 min 504 nəfər tamaşaçı ziyarət etmişdir ki, onlardan 12 min 90 nəfəri əcnəbi, 51 min 414 nəfəri yerli vətəndaşlardır.

Hesabat dövrü ərzində kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır. Belə ki, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemləri də daxil olmaqla tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılmışdır.

Ay ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və  rayon (şəhər) MKS-lərdə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə “Bayraq kimliyimdir, bayraq mənliyim”, Konstitusiya Günü münasibətilə “Azərbaycan Respublikasının əsas qanunu”, “Vətəndaşların hüquq və azadlıqlarının qorunması dövlətimizin ali məqsədidir” və Milli Dirçəliş Günü münasibətilə “Xalqı azadlığa aparan yol” ,“12 noyabr-Konstitusiya Günü” və “17 noyabr-Milli Dirçəliş Günü” və s. tədbirlər keçirilmiş, sərgilər təşkil olunmuşdur.

Ay ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər də daxil olmaqla əlamətdar və tarixi günlərlə bağlı 27, görkəmli şəxsiyyətlərin yubileyləri ilə bağlı 22 tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamına əsasən “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan kitabların müzakirələri də diqqətdə saxlanılmışdır. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Naxçıvan Şəhər Təqaüdçülər Klubunda Cəlil Məmmədquluzadənin “Hekayələr” kitabının və Naxçıvan Tibb Kollecində Qurban Səidin “Əli və Nino” romanının  müzakirələri keçirilmişdir. Hesabat dövrü ərzində ümumilikdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən 16-sı klub müəssisələrinin işçilərinə olmaqla 34 kitab müzakirəsi keçirilmişdir.

Ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin C.Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamının icrası ilə əlaqədar tədbirlər davam etmiş, Şahbuz rayon MKS tərəfindən “Ədəbiyyatımızın və mətbuatımızın istiqlal günəşi” mövzusunda oxucu konfransı keçirilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Naxçıvan şəhərində fəaliyyət göstərən Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 10, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən evlərdə 3, rayon şəhər MKS-lər tərəfindən isə 18 olmaqla, ümumilikdə 31 şəxsə səyyar kitabxana xidməti göstərilmişdir.

Hesabat dövrü ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən tərəfindən ümumilikdə 4 adda, 32 metodiki məktub və 3 adda 24 tövsiyyə ədəbiyyat siyahısı hazırlanmış və şəhər (rayon) MKS-lərinə göndərilmişdir.

Kəngərli rayon MKS-nin əməkdaşları M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika  Kitabxanasında təcrübə məşğələsində olmuş, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları Kəngərli rayon MKS-də ezamiyyədə olmuşdur.

A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının əməkdaşları Ordubad rayonunun uşaq kitabxanasında olmuş, şöbə əməkdaşlarına əməli və metodiki köməklik göstərərək onlara kargüzarlıq işinə dair nümunələr vermişlər.

Noyabr ayında Nazirliyə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən 3 adda 39, digər mənbələrdən 12 adda 832 nüsxə olmaqla, ümumilikdə 15 adda 871 nüsxə çap məhsulu daxil olmuş və aidiyyatı üzrə paylanmışdır.

Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla 173 adda 1003 nüxsə çap məhsulu daxil olmuşdur ki, bunlardan 13 adda 851 nüsxə nazirlik tərəfindən, 14 adda 14 nüsxə “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyindən, 132  adda 138 nüsxə isə digər mənbələrdən və müəlliflərdən hədiyyə yolu ilə verilmişdir.

Ay ərzində kitabxanalarda yeni oxucu sayı 340 nəfər, oxucu gəlişi 9110 nəfər, kitab verilişi isə 15739 nüxsə olmuşdur.

Ay ərzində elektron kataloqa 546 adda kitab işlənmiş və ümumilikdə elektron kataloqda kitabların sayı 13 min 920-dən 14 min 466-ya çatdırılmış, şəbəkəyə isə 48 kitab (PDF) işlənmiş və ümumi sayı 2 min 617-dən 2 min 665-ə çatdırılmışdır. Ay ərzində elektron kitabxanadan 428 oxucu istifadə etmişdir. Bunlardan 164-ü lokal , 264-ü isə qlobal şəbəkə istifadəçiləri olmuşdur.

Hesabat ayı ərzində kitabxanalarda ümumilikdə 127 tədbir keçirilmişdir ki, bunlardan 27-si əlamətdar və tarixi günlər, 18-i kitab müzakirəsi, 28-i Nağıl Günü, 10-u Mütaliə Günü, 10-u Kitabxana Günü, 10-u Kitabxanaçı Günü olmuşdur.

Ay ərzində klub müəssisələrinin də fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır.

29 noyabr tarixdə Babək Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan klub müəssisələrinin əməkdaşlarına “Klub müəssisələrində mədəni-kütləvi tədbirlərin və özfəaliyyət dərnəklərinin sənədləşməsi” mövzusunda seminar müşavirə keçirilmişdir.

Dövr ərzində klub müəssisələrində əlamətdar və tarixi günlərlə bağlı müxtəlif tədbirlər keçirilmişdir. Belə ki, rayon (şəhər) mədəniyyət şöbələrində “9 noyabr - Dövlət Bayrağı Günü”, “12 noyabr - Konstitusiya Günü”, “17 noyabr - Milli Dirçəliş Günü” və “17 noyabr - Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü” ilə bağlı tədbirlər keçirilmişdir.

Ötən dövrdə rayon mədəniyyət saraylarının musiqi kollektivləri də konsert proqramları ilə çıxış etmişlər. Belə ki, Culfa Rayon Mədəniyyət Sarayının “Çeşmə” və Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” instrumental ansamblları “9 noyabr - Dövlət Bayrağı Günü” münasibəti ilə “N” saylı hərbi hissələrdə, Naxçıvan Şəhər Təqaüdçülər Klubunda konsert proqramları ilə çıxış etmişlər.

Ay ərzində rayon (şəhər) mədəniyyət şöbələrinin nəzdində fəaliyyət göstərən klub müəssisələrinin əməkdaşları arasında müəyyən edilmiş qrafikə əsasən “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan kitabların müzakirəsi keçirilmişdir.

Hesabat dövründə Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən də bir sıra işlər görülmüşdür. Belə ki, “17 noyabr - Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü” ilə bağlı Ordubad rayonunun Üstüpü Kənd Mədəniyyət Evində mədəni-kütləvi tədbir keçirilmiş, həmçinin metodik-mərkəzin əməkdaşları tərəfindən Şərur rayonunda fəaliyyət göstərən bir neçə klub müəssisəsinə əməli-metodiki köməklik göstərilmişdir.

Ay ərzində “Ağbulaq” İstirahət Mərkəzində Şahbuz Rayon Mədəniyyət Şöbəsinin yaradıcı kollektivlərinin 5 konserti təşkil edilmişdir.

Noyabr ayında klub müəssisələrində 158-i əlamətdar və tarixi günlərə həsr olunmaqla 178 mədəni-kütləvi tədbir keçirilmiş, 5 sərgi qurulmuşdur.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması ilə bağlı bağlanmış müqavilələrə əsasən 2019-cu ilin noyabr ayı ərzində 1367,6 manatlıq 45 adda 229 ədəd əl işi satılmışdır.

Noyabr ayında Naxçıvan Dövlət Film Fondunun və kinoteatrların fəaliyyəti diqqət mərkəzində saxlanılmışdır.

Hesabat dövründə Naxçıvan Dövlət Film Fondu tərəfindən “Azərbaycan Kinosu Günü” layihəsi çərçivəsində Şərur rayon Kərimbəyli və Kəngərli rayon Qabıllı kəndlərində, Culfa Rayon Mədəniyyət Sarayında sakinlərə Azərbaycan filmləri nümayiş olunmuşdur. 07 noyabr tarixində “9 noyabr - Dövlət Bayrağı Günü” münasibətilə Naxçıvan Musiqi Kollecinin tələbələri ilə birlikdə tədbir keçirilmişdir.

“Təhsil və mədəniyyət müəssisələrinin qarşılıqlı fəaliyyətinin səmərəli təşkili ilə bağlı 2019-2020-ci tədris ili üçün Tədbirlər Planı”na əsasən ümumtəhsil məktəblərinin şagirdlərinə Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı sənədli filmlərin, Azərbaycan kinofilmlərinin nümayişini təşkil etmək məqsədilə 13 noyabr tarixdə Naxçıvan Dövlət Film Fondunda Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdlərinə film nümayişi təşkil olunmuşdur.

15 noyabr tarixində “Uşaqlar və milli kinomuz” telelayihəsinə əsasən Naxçıvan Dövlət Film Fondunda uşaqlar üçün bədii film nümayiş olunmuşdur.

“Beynəlxalq Uşaq Günü” ilə bağlı Şərur və Kəngərli rayonlarında 2 film nümayişi olmuşdur.

Noyabr ayı ərzində “Azərbaycan Kinosu Günü” çərçivəsində 3, digər tədbirlərlə bağlı 4 olmaqla 7 film nümayiş edilmişdir.

Ay ərzində filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.

Hesabat dövrü ərzində Nazirliyin sisteminə daxil olan müəssisə və təşkilatlarda saxlanılan filmlərin və onların nümayişinin qeydiyyatının aparılması və pasportlaşdırılması işi davam etdirilmişdir.

Hesabat dövründə Nazirliyin tabeliyində olan teatrlar tərəfindən də fəaliyyət istiqaməti üzrə işlər davam etdirilmişdir. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı ay ərzində Elçinin “Teleskop” və A.S.Qriboyedovun “Ağıldan bəla” əsərlərinin məşqlərini davam etdirmiş, stasionarda və Sədərək, Şərur və Ordubad rayonlarında olmaqla “Ölülər və dəlilər” tamaşasını 6 dəfə nümayiş etdirmişdir.

Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı ay ərzində “Qaraca qız” və “Qar kraliçası” tamaşalarının məşqlərini davam etdirmişdir. Kukla Teatrı 2-si xeyriyyə olmaqla cəmi 11 tamaşa oynamışdır ki, bunlardan 4-ü muxtar respublikanın rayonlarında 7-si isə stasionarda göstərilmişdir.

Naxçıvan Dövlət Uşaq Teatrı isə ay ərzində “Mavi işıq” tamaşasının məşqlərini davam etdirmiş, 2-si bilet satışı ilə 2-si isə xeyriyyə məqsədilə olmaqla 4 tamaşa təqdim etmişdir.

Hesabat dövründə Naxçıvan Şəhər Xalq Teatrı R.İsgəndərlinin “Arzum çin oldu”, Babək Rayon Xalq Teatrı S.S.Axundovun “Tamahkar”, R.Təhmasib adına Şərur Rayon Xalq Teatrı M.F.Axundovun “Lənkəran xanın vəziri” və Ordubad Rayon Xalq Teatrı H.Mirələmovun “Axirətdən gələn zəng” tamaşalarının məşqlərini davam etdirmişdir.

Ay ərzində Nazirliyin və yerli şöbələrinin tabeliyində olan təhsil müəssisələrində müəyyən işlər görülmüşdür. 14 noyabr tarixdə Qıvraq qəsəbə və 28 noyabr tarixində Ələkli Kənd uşaq musiqi məktəblərində xor, musiqi ədəbiyyatı və solfecio fənləri üzrə metodiki kurs keçirilmiş, 21 noyabr tarixdə isə Ordubad Şəhər Uşaq Musiqi Məktəbində tar, kamança, fortepiano, skripka, qanun və truba ixtisasları üzrə müəllim və şagirdlər üçün ustad dərs keçirilmişdir.

19, 20 noyabr tarixlərdə Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli dirijor, skripka ixtisası üzrə pedaqoq Teymur Göyçayev tərəfindən Naxçıvan Musiqi Kolleci, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin müəllimləri, tələbələri və şagirdləri üçün ustad dərs keçirilmışdir.

22 noyabr tarixdə Naxçıvan Musiqi Kollecinin fortepiano ixtisası üzrə müəllimi, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Təranə Hüseynovanın, 27 noyabr tarixdə isə skripka ixtisası üzrə müəllimi, Naxçıvan Muxtar Respublikasının Əməkdar Mədəniyyət İşçisi İlahə Əliyevanın müəllimlər üçün metodik dərsləri keçirilmişdir.

Ay ərzində gənclərlə iş sahəsində də müəyyən işlər görülmüş, noyabr ayının 8-də Nazirliyin hamiliyinə verilmiş ixtisaslarda təhsil alan və tabe müəssisələrində çalışan gənclərin “9 noyabr – Dövlət Bayrağı Günü” münasibətilə Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyinə ekskursiyası təşkil olunmuşdur.

21 noyabr tarixdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən Naxçıvan Şəhər Gənclər Mərkəzində “Müasir gənclik və mədəniyyətimiz” devizi altında “Mədəni irs” intellektual oyunu keçirilmişdir. İntellektual oyunda Şərur Rayon Mədəniyyət Şöbəsinin “Arpaçay” komandası I, Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Araz” komandası II, Babək Rayon Mədəniyyət Şöbəsinin “Babək” komandası isə III yerlərə layiq görülmüşdür. Qaliblər diplomla təltif edilmişdir.

Noyabrın 28-də Naxçıvan Musiqi Kollecində “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti”nin müzakirəsi ilə bağlı tədbir keçirilmiş, tədbirin sonunda “Oxunması zəruri olan kitablar”dan ibarət sərgiyə baxış keçirilmişdir.

Hesabat dövründə Nazirliyin sisteminə daxil olan müəssisə və təşkilatlarda əmək və iş intizamı ilə bağlı yoxlamalar aparılmış, aşkar olunan nöqsanların aradan qaldırılması istiqamətində müvafiq işlər görülmüşdür.

Hesabat dövrü ərzində Nazirliyin saytının fəaliyyəti diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Ay ərzində Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Şərq qapısı” qəzetində 3, rayon qəzetlərində 2 məqalə dərc olunmuş, Naxçıvan Dövlət Radiosunun verilişlərində Nazirliyin əməkdaşları iştirak etmişdir. Nazirliyin keçirdiyi tədbirlərlə bağlı Naxçıvan Dövlət Televiziyasında 31 süjet efirə getmişdir. Hesabat dövrü ərzində Nazirliyin saytının fəaliyyəti diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Nazirliyin saytına 26 xəbər və 10 məqalə olmaqla, 36 material işlənmişdir. “Nuh yurdu” qəzetində Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru Nizami Rəhimovun “Bir muzeyin tarixi”, Şərq qapısı qəzetində “Naxçıvanın ilk dövlət muzeyi, onun qurucusu və ilk direktoru” adlı məqalələri çap olunmuşdur.

Joomla 1.5