Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 2019-cu ilin oktyabr ayı ərzində görülmüş işlərə dair HESABAT

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi oktyabr ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

Oktyabrın 1-də Naxçıvan Dövlət Filarmoniyasında Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi və prezident təqaüdçüsü, tarzən Əkrəm Məmmədlinin 75 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.

Oktyabrın 15-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyinə həsr olunmuş “Səni tərənnüm edirəm, doğma Naxçıvan” devizi altında peşəkar və həvəskar bəstəkarlar arasında mahnı müsabiqəsi keçirilmiş, münsiflər heyətinin yekun qərarına əsasən qaliblərə diplom və pul mükafatları verilmişdir.

Oktyabrın 22-də görkəmli musiqişünas, rəssam, tərcüməçi və dramaturq Ərtoğrol Cavidin anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilmiş, tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestrinin ifasında istedadlı bəstəkarın əsərlərindən ibarət konsert proqramı təqdim edilmişdir.

Oktyabrın 23-də muxtar respublika sakinləri tərəfindən Naxçıvan Dövlət Xalça Muzeyinə qədim tariximizi və mədəniyyətimizi əks etdirən xalça, cecim, kilim, palaz olmaqla 15 ədəd eksponatın təqdimat mərasimi keçirilmişdir.

24 oktyabrda Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksində görkəmli şair-dramaturqun anadan olmasının 137 illiyinə həsr olunmuş “Hüseyn Cavid Poeziya Günü” keçirilmişdir.

Ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi haqqında” 02 avqust 2019-cu il tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, muzeyin internet portalının yaradılması üçün materiallar hazırlanmışdır. Həmçinin Dövlət Bayrağı  Muzeyinin internet səhifəsinin yaradılması istiqamətində də iş aparılmış, materiallar toplanılaraq aidiyyəti üzrə təqdim edilmişdir.

Oktyabr ayı ərzində 58 yallının üzərində araşdırmalar aparılmış, nota köçürülərək reyestrinin aparılması üçün məlumatları dəqiqləşdirilmişdir.

Hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi ilə əlaqədar Naxçıvan Dövlət Universitetinin “Kitabxanaçılıq və informasiya” ixtisası üzrə təhsil alan III kurs tələbələrinə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında açıq dərs, muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələrinə Naxçıvan Dövlət Tarix Muzeyində açıq dərs, “Milli-mədəni irsimizin saxlanc yeri olan muzeylər və kadr hazırlığının aktual məsələləri” mövzusunda dəyirmi masa, Naxçıvan Müəllimlər İnstitutunun tələbələri üçün “ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə məktubu”nun kitab müzakirəsi keçirilmişdir.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən ay ərzində muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin, ali və orta ixtisas təhsili müəssisələrinin, idman federasiyalarının, muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, taksi sürücülərinin muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Ay ərzində muzeyləri ümumilikdə 53 min 656 nəfər tamaşaçı ziyarət etmişdir ki, onlardan 9 min 170 nəfəri əcnəbi vətəndaşlardır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq aid təşkilatlarla birgə 21 oktyabr tarixdə Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksi ilə Şərur rayon Muğanlı və Alışar kənd tam orta məktəbləri arasında, 28 oktyabrda Cəlil Məmmədquluzadənin Ev Muzeyi ilə Babək rayon Gülşənabad kənd tam orta məktəbləri arasında olmaqla 2 interaktiv dərs keçirilmiş, dərsləri muxtar respublikanın 200-dən çox təhsil müəssisəsi izləmişdir.

Ötən dövr ərzində muzey fondlarının yeni eksponatlarla zənginləşdirilməsi ilə bağlı iş aparılmış, 1 eksponat təqdimatı olmuşdur. Ay ərzində muzeylərə 111 ədəd yeni eksponat daxil olmuşdur.

C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində “muzeylərdə ekskursiya işinin təşkili” mövzusunda dəyirmi masa, muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması və muzey işçilərinin bütün muzeyləri tanıması məqsədilə Bəhruz Kəngərli Muzeyində seminar-treninq keçirilmişdir.

Hesabat dövründə C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində görkəmli dramaturq Cəfər Cabbarlının 120 illik yubileyinə, Məmməd Arazın Ev Muzeyində şairin anadan olmasının 86 illiyinə, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində kompleksin yaradılmasının 9-cu  ildönümünə həsr olunmuş tədbirlər keçirilmişdir. Təhsil və Mədəniyyət Nazirliklərinin birgə təsdiq edilmiş “2019-2020-ci tədris ilində Naxçıvan şəhər ümumtəhsil məktəb şagirdlərinin iştirakı ilə Naxçıvan şəhərində fəaliyyət göstərən muzeylərdə keçiriləcək açıq dərslərin qrafiki”nə uyğun olaraq muzeylərdə ümumtəhsil məktəblərinin şagirdləri üçün 44 açıq dərs keçirilmişdir. “Təhsil və mədəniyyət müəssisələrinin qarşılıqlı fəaliyyətinin səmərəli təşkili ilə bağlı 2019-2020-ci tədris ili üçün tədbirlər planı”na əsasən Naxçıvan Dövlət Rəsm Qalereyası tərəfindən ümumtəhsil məktəblərinin şagirdləri arasında “Mən bu yurdun övladıyam” adlı rəsm müsabiqəsinin Ordubad rayon turu, Ərtoğrol Cavidin 100 illik yubileyinə həsr olunmuş uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində rəsm ixtisası üzrə təhsil alan şagirdlərlə Ərtoğrol Cavidin yaradıcılığına həsr olunmuş etüd-sərgi keçirilmişdir.

Hesabat dövrü ərzində kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır. Belə ki, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemləri də daxil olmaqla tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar tədbirlər keçirilmişdir.

Ay ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərdə Beynəlxalq Musiqi Günü münasibətilə “Azərbaycanın musiqi tarixi”, 18 oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə “Müstəqillik salnaməsi” və “Müstəqilliyimiz ən böyük nailiyyətimizdir”, Ərtoğrol Cavidin anadan olmasının 100 illiyi münasibətilə “Ərtoğrol Cavidin əsərlərində Azərbaycan folkloru”, C.Məmmədquluzadənin anadan olmasının 150 illiyi ilə bağlı “Cəlil Məmmədquluzadənin Cənubi Azərbaycanda fəaliyyəti” mövzularında oxucu konfransları, Zəngilan və Xocavənd rayonlarının erməni işğalçıları tərəfindən işğalı günü ilə əlaqədar yığıncaq, şair İmadəddin Nəsiminin 650 illiyi münasibətilə ədəbi-bədii gecə, akademik İsa Həbibbəylinin anadan olmasının 70 illiyi münasibətilə əsərlərinin biblioqrafik icmalı və Cəfər Cabbarlının anadan olmasının 120 illiyi münasibətilə “Solğun çiçəklər” adlı əsərinin müzakirəsi keçirilmiş, “18 oktyabr Dövlət Müstəqilliyi Günü” və “İsa Həbibbəyli - 70”, “Ərtoğrol Cavid – 100” adlı sərgilər təşkil olunmuşdur.

Ay ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər də daxil olmaqla əlamətdar və tarixi günlərlə bağlı 24, görkəmli şəxsiyyətlərin yubileyləri ilə bağlı 19 tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamına əsasən “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan kitabların müzakirələri də diqqətdə saxlanılmış, ümumilikdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən 16-sı klub müəssisələrinin işçilərinə olmaqla 34 kitab müzakirəsi keçirilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən 12, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 4, rayon (şəhər) MKS-lər tərəfindən isə 10 olmaqla, 26 nəfər sağlamlıq imkanı məhdud və ahıl şəxsə səyyari kitabxana xidməti göstərilmişdir.

Ay ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən ”Naxçıvan Muxtar Respublikası – 95” adlı biblioqrafik göstərici, “18 oktyabr xalqımızın müstəqillik günü ən böyük sərvətimizdir”,  A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” və “Məktəbəqədər yaşlı oxucuların mütaliəsinə rəhbərlik” mövzularında 3 adda 24 metodiki məktub hazırlanaraq rayon (şəhər) MKS-lərə, həmçinin Hüseyn Cavidin həyat və yaradıcılığına aid tövsiyə ədəbiyyat siyahısı hazırlanaraq Hüseyn Cavidin Ev Muzeyinə göndərilmişdir.

Ordubad Rayon MKS-nin əməkdaşları M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında, Ordubad Rayon MKS-nin Uşaq Kitabxanasının əməkdaşları A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında təcrübə məşğələsində olmuş, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları Sədərək rayon MKS-də, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının əməkdaşları isə Culfa rayon MKS-nin Uşaq Kitabxanasında ezamiyyədə olmuş, kitabxana işçilərinə əməli və metodiki köməklik göstərilmişdir.

Hesabat dövründə ümumilikdə, kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla 228 adda 4723 nüxsə çap məhsulu daxil olmuşdur.

Ay ərzində kitabxanalarda yeni oxucu sayı 353 nəfər, oxucu gəlişi 9 min 769 nəfər, kitab verilişi 47 min 145 nüsxə təşkil etmişdir. Ay ərzində elektron kataloqa 52 adda kitab işlənmiş və ümumilikdə elektron kataloqda kitabların sayı 13 min 868-dən 13 min 920-yə çatdırılmışdır. Şəbəkəyə isə 51 (44 lokal, 7 qlobal) kitab (PDF) işlənmiş və ümumi sayı 2 min 567-dən 2 min 618-ə qədər artmışdır. Elektron kitabxanadan 379 nəfər qlobal, 170 nəfər lokal şəbəkədən olmaqla, ümumilikdə 549 oxucu istifadə etmişdir.

Hesabat dövrü ərzində Mütaliə Günü ilə bağlı 10, Nağıl Günü ilə bağlı 23, Kitabxanaçı və Kitabxana Günü ilə bağlı isə ümumilikdə 20 tədbir keçirilmişdir.

Hesabat ayı ərzində kitabxanalarda ümumilikdə 117 mədəni-kütləvi tədbir keçirilmiş, 31 sərgi qurulmuşdur.

Ay ərzində klub müəssisələrinin də fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır. Klub müəssisələrində əlamətdar və tarixi günlərlə bağlı müxtəlif səpkili tədbirlər, yığıncaqlar keçirilmişdir. Hesabat dövrü ərzində rayon mədəniyyət saraylarının musiqi kollektivləri də rayon ictimaiyyəti qarşısında, saylı hərbi hissələrdə və Naxçıvan Şəhər Təqaüdçülər Klubunda konsert proqramları ilə çıxış etmişlər.

Nazirliyin təşkilatçılığı ilə rayon (şəhər) mədəniyyət şöbələrinin nəzdində fəaliyyət göstərən mədəniyyət müəssisələri və Naxçıvan şəhərində fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri arasında “Ritmi hiss et, sən də qatıl” adlı rəqs müsabiqəsinin 23, 28 və 30 oktyabr tarixlərində seçim turları keçirilmiş və qaliblər noyabr ayında keçiriləcək final turuna vəsiqə qazanmışdır. Həmçinin Ordubad və Culfa rayonlarında “Klub müəssisələrində mədəni-kütləvi tədbirlərin və özfəaliyyət dərnəklərinin sənədləşməsi” mövzusunda 2 seminar-müşavirə keçirilmişdir.

Hesabat dövrü ərzində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən də bir sıra işlər görülmüş,  Şərur Rayon Mədəniyyət Şöbəsi ilə birgə “Xalqımızın ənənəvi rəqsləri – yallı” mövzusunda seminar-müşavirə keçirilmiş, Kəngərli rayonunda fəaliyyət göstərən bir neçə klub müəssisəsinə əməli-metodiki köməklik göstərilmiş, 17 oktyabrda Babək Rayon Şıxmahmud Kənd Mədəniyyət Evində “18 oktyabr - Dövlət Müstəqilliyi Günü” münasibətilə tədbir keçirilmişdir.

Ay ərzində “Ağbulaq” İstirahət Mərkəzində Şahbuz Rayon Mədəniyyət Şöbəsinin yaradıcı kollektivlərinin 2 konserti təşkil edilmişdir.

“Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” Naxçıvan muxtar Respublikası Ali Məclisi Sədrinin 7 fevral 2009-cu il tarixli Sərəncamın icrası ilə əlaqədar işlər davam etdirilmiş,  Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz və Kəngərli Rayon Mədəniyyət Şöbəsi tərəfindən Qarabağlar Türbə Kompleksində “Xalq yaradıcılığı günü” keçirilmişdir.

Oktyabr  ayında klub müəssisələrində 82-si əlamətdar və tarixi günlərə həsr olunmaqla 102 mədəni-kütləvi tədbir keçirilmişdir.

Hesabat dövrü ərzində Heydər Əliyev Sarayı tərəfindən 2 adda, Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəz tərəfindən 2 adda metodik tövsiyə hazırlanaraq rayon (şəhər) mədəniyyət şöbələrinə göndərilmişdir.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması ilə bağlı bağlanmış müqavilələrə əsasən 2019-cu ilin oktyabr ayı ərzində 2651 manatlıq 58 adda 480 ədəd əl işi satılmışdır.

Oktyabr ayında Naxçıvan Dövlət Film Fondunun və kinoteatrların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır.

Hesabat dövründə Naxçıvan Dövlət Film Fondu tərəfindən Dövlət Müstəqilliyi Gününə həsr olunmuş tədbir  keçirilmiş, “Azərbaycan Kinosu Günü” çərçivəsində Babək rayon Aşağı Buzqov, Ordubad rayon Üstüpü kəndlərində və Sədərək Rayon Mədəniyyət Sarayında ictimaiyyətə Azərbaycan filmləri nümayiş olunmuşdur.

“Təhsil və mədəniyyət müəssisələrinin qarşılıqlı fəaliyyətinin səmərəli təşkili ilə bağlı 2019-2020-ci tədris ili üçün tədbirlər planı”nın “Ümumtəhsil məktəblərinin şagirdlərinə Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı sənədli filmlərin, Azərbaycan kinofilmlərinin nümayişi” bəndinə əsasən 14 oktyabr tarixində Naxçıvan Dövlət Film Fondunda Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdlərinə film nümayişi təşkil olunmuş, aztəminatlı, qaçqın və məcburi köçkün, şəhid, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş və sağlamlıq imkanları məhdud uşaqların istirahətinin təşkili məqsədi ilə isə bir film nümayişi olmuşdur.

Oktyabr ayı ərzində “Azərbaycan Kinosu Günü” çərçivəsində 3, əlamətdar günlərlə bağlı 2 olmaqla 5 film nümayiş edilmişdir.

Ay ərzində Naxçıvan Dövlət Film Fondunda filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.

Hesabat dövrü ərzində Nazirliyin sisteminə daxil olan müəssisə və təşkilatlarda saxlanılan filmlərin və onların nümayişinin qeydiyyatının aparılması və pasportlaşdırılması işi davam etdirilmişdir.

Oktyabr ayında mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması davam etmiş, Şərur Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Muğanlı və Alışar kənd kitabxana filialları, Alışar Kənd Mədəniyyət Evi, Muğanlı Kənd Klubu, Babək Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Gülşənabad Kənd Kitabxana Filialı və Gülşənabad Kənd Klubunun fəaliyyəti üçün yeni tikilmiş kənd mərkəzlərində şərait yaradılmışdır.

Hesabat dövründə Nazirliyin tabeliyində olan teatrlar tərəfindən də fəaliyyət istiqaməti üzrə işlər davam etdirilmişdir. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı ay ərzində Elçinin “Teleskop” və A.S.Qriboyedovun “Ağıldan bəla” əsərlərinin məşqlərini davam etdirmiş, oktyabrın 17-18, 23 və 24-də stasionarda, oktyabrın 22-də və 29-da isə Şahbuz və Kəngərli rayonlarında qastrol səfəri çərçivəsində “Ölülər və dəlilər” tamaşası nümayiş etdirilmişdir.

Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı ay ərzində “Qaraca qız” və “Üç qismətli varis” tamaşalarının məşqlərini davam etdirmişdir. Kukla teatrı ay ərzində 2-si xeyriyyə olmaqla cəmi 11 tamaşa oynamışdır ki, bunlardan 3-ü Culfa və Ordubad rayonlarında, 8 tamaşa isə stasionarda göstərilmişdir.

Naxçıvan Dövlət Uşaq Teatrı ay ərzində “Mavi işıq” və “Siçanlar və pişiklər” tamaşalarının məşqlərini davam etdirmiş, 19 oktyabrda Babək rayonunda “Nadan xoruz” tamaşasını nümayiş etdirmişdir.

Hesabat dövründə Naxçıvan Şəhər Xalq Teatrı T.Həsənovun “Şöhrət ardınca”, Babək Rayon Xalq Teatrı S.S.Axundovun “Tamahkar”, R.Təhmasib adına Şərur Rayon Xalq Teatrı M.F.Axundovun “Lənkəran xanın vəziri” və Ordubad Rayon Xalq Teatrı H.Mirələmovun “Axirətdən gələn zəng” tamaşalarının məşqlərini davam etdirmişdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin aylıq iş planına uyğun olaraq, 03 oktyabr tarixdə “Əcəmi” Seyrəngahında uşaq incəsənət və bədii sənətkarlıq məktəblərində rəsm ixtisası üzrə, 15 oktyabr tarixdə isə Çalxanqala Kənd Uşaq Musiqi Məktəbində Kəngərli Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan uşaq musiqi məktəblərində tar, kamança, fortepiano, qarmon ixtisasları üzrə təhsil alan şagirdlərinə və müəllimlərinə ustad dərslər keçirilmişdir.

08 oktyabr tarixdə Bənəniyar Kənd Uşaq Musiqi Məktəbində Culfa Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan uşaq musiqi məktəblərinin müəllimləri üçün xor, musiqi ədəbiyyatı və solfecio fənləri üzrə metodiki kurs keçirilmişdir.

Ərtoğrol Cavidin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar olaraq 07-22 oktyabr tarixləri arasında Naxçıvan Musiqi Kolleci və uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində bəstəkarın həyat və yaradıcılıq yoluna həsr olunmuş açıq dərslər, 18 oktyabr tarixdə Naxçıvan Şəhər Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində müəllim və şagirdlərin iştirakı ilə bəstəkarın 100 illik yubileyinə həsr olunmuş əsərlərindən ibarət konsert, 21 oktyabr tarixdə Naxçıvan Musiqi Kollecində Ərtoğrol Cavid yaradıcılıq irsinə həsr olunmuş dəyirmi masa və 29 oktyabr tarixdə isə bəstəkarın 100 illik yubileyinə həsr olunmuş konsert keçirilmişdir.

21 oktyabrda Naxçıvan Musiqi Kollecində Azərbaycan Respublikasının Xalq artisti, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli bəstəkar Tofiq Bakıxanovla görüş keçirilmiş, tədbirdə kollecin tələbələrinin ifasında konsert proqramı təqdim olunmuş və onların sualları cavablandırılmışdır.

Ay ərzində gənclərlə iş sahəsində də müəyyən işlər görülmüş, oktyabr ayının 4-də Ordubad Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyi tərəfindən “5 oktyabr Müəllimlər Günü” ilə bağlı tədbir, oktyabrın 18-də isə Culfa Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyi tərəfindən  “Vətənpərvərlik” mövzusunda dəyirmi masa keçirilmişdir. Oktyabr ayının 11-də Nazirliyin hamiliyinə verilmiş ixtisaslarda təhsil alan tələbələrinin və tabe müəssisələrində çalışan gənclərin Cəmşid Naxçıvanski Muzeyinə ekskursiyası təşkil edilmişdir.

Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri bu ay ərzində də davam etdirilmişdir. Oktyabr ayı ərzində Nazirliyə 28-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 102 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 16-sı İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 75 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Nazirliyin elektron poçt ünvanı da daim nəzarətdə saxlanılmış, 9 nəfər vətəndaşın müraciətləri cavablandırılmışdır.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmiş, müəssisə və təşkilatlarına 32 nəfər işə qəbul edilmişdir. Oktyabr ayı ərzində 1 kollegiya iclası keçirilmiş 1 məsələ müzakirə olunmuşdur.

Hesabat dövründə Nazirliyin sisteminə daxil olan müəssisə və təşkilatlarda əmək və iş intizamı ilə bağlı yoxlamalar aparılmış, aşkar olunan nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tövsiyə və tapşırıqlar verilmişdir.

Hesabat dövrü ərzində Nazirliyin saytının fəaliyyəti diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Ay ərzində Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Şərq qapısı” qəzetində 3, rayon qəzetlərində 3 məqalə dərc olunmuşdur. Nazirliyin keçirdiyi tədbirlərlə bağlı Naxçıvan Dövlət Televiziyasında 30 süjet efirə getmişdir. Hesabat dövrü ərzində Nazirliyin saytının fəaliyyəti diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Nazirliyin saytına 9 məqalə və 35 xəbər olmaqla 44 material işlənmişdir.

Joomla 1.5